İqtisaiyyata kredit qoyuluşlarını azaldan banklar ipoteka kreditlərində daha çox maraqlıdırlar. FED.az xəbər verir ki, Mərkəzi Bankın 2017-ci il üzrə açıqladığı hesabata əsasən, ipoteka kreditlərinin həcmi artaraq 1 milyard 737 milyon manata çatıb.
Beləliklə, daşınmaz əmlakın tikintisi və alınmasına, ipoteka kreditləri də daxil olmaqla verilən kreditlər ümumi portfeldə 14.8% paya malikdir. Halbuki, manatın devalvasiyasından əvvəl, yəni 2014-cü ilin sonunda bu rəqəm 1 milyard 219 milyon manat təşkil edirdi.
Bankların real sektora kredit vermədiyi bir vaxtda ipoteka kreditlərinə belə “həvəs” göstərmələri maraq doğurur. Niyə banklar aşağı faizlə ipoteka krediti verməyi daha yüksək faizlə öz vəsaitlərini biznes sektoruna yönəltməkdən üstün tuturlar? Halbuki, ikinci variantda gəlirlilik daha çoxdur.
Mütəxəssislər bunu bir neçə amillə izah edirlər. Əsas faktor isə ipoteka kreditlərində risklərin daha az olması ilə bağlıdır. İqtisadçı Samir Əliyev də düşünür ki, banklar kredit vermədikcə onların gəlirliliyi aşağı düşür:
“Bankların aktivlərinin 60-70%-i kreditlərdən ibarətdir. Banklar depozit götürsələr də onları reallaşdıra bilmirlər. Götürdüyü depozit üzrə faiz ödəməli olan bank kredit verə bilmir. Nəticədə gəlirlilik aşağı düşür. Borcalanların kredit tarixçəsi həddən artıq pisləşib, problemli kreditlərin həcmi isə artır. Hesab edirəm ki, banklar hansısa formada qazanc üçün kreditləşməyə gedəcəklər”.
Belə bir vəziyyətdə bankların ipoteka kreditlərinə üstünlük vermələrinə gəlincə ekspert biznes sektoruna nisbətən burada vəziyyətin fərqli olduğunu qeyd edib:
“İpoteka kreditlərində kredit riski azdır. Hazırda banklar 7-8%-lə ipoteka verirlər. İpoteka kreditləri, əsasən, stabil gəliri və ödəmə qabiliyyyəti olan şəxslərə verilir. Sahibkarlardan fərqli olaraq ipoteka götürənlər krediti qaytarmağa daha həssas yanaşırlar. Ona görə də banklar buna üstnülük verirlər”.
S.Əliyevin fikrincə hazırki duruma banklar uzun müddət davam gətirə bilməyəcəklər. Buna görə də tezliklə istehlak kreditlərinin verilməsinə başlayacaqlar.
Əhalinin ipoteka borclanması artır
15:50
6 Fev 2018