Lizinq müasir iqtisadiyyatda kapital qoyuluşu ən cəlbedici, effektiv və tələbat olan forması, xalq təsərrüfatının bütün sahələrində texniki yenidən silahlanmanın vacib elementi, sahibkarlığa maliyyə dəstəyi göstərilməsinin təsirli vasitəsidır.
2012-2014-cü illər əzində dünya lizinq bazarında lider mövqeyinə Avropanı qabaqlayaraq, yenə də Şimali Amerika çıxmışdır ki, onun da payına 2014-cu ildə ümumi həcminin 39,0% düşmüşdür. Ümumiyyətlə dünyadakı lizinq sövdələşmələrinin hakim payı bu iki regionda reallaşmışdır (2014-cü ildə onların ümumi həcminin demək olar ki, ¾). Dünya lizinq bazarının məcmu həcmi strukturunda Asiyanın stabilləşmiş vəziyyətini (20,0%-dən bir az çox səviyyədə), Avstraliya/Yeni Zelandiyanın kəskin artmış xüsusi çəkisini ( 2007-ci ildə 0,5%-dən 2014-cü ildə 3,8%-ə qədər) və bu göstəricinin Cənubi Amerika üzrə xeyli düşməsini (2008-ci ildə 7,4%-dən 2014-cü ildə 1,1%-ə qədər) qeyd etmək lazımdır.
2011-2014-cü illərdə baş tutmuş lizinq sövdələşmələrinin həcminin ÜDM-ə nisbəti göstəricisi (orta illik hesabla) ən yüksək Estoniyada (5,55%), lizinqin əsas kapitala məcmu investisiyada payı isə Avstraliyada (33,75%) olmuşdur.
Böyük Britaniya, Almaniya, Fransa və İtaliya Avropanın lizinq sahəsində əsas oyunçulardır. Nəzərdən keçirilən dövrdə onların yeni lizinq kontraktları bazarında payı 58,8-65,6% arasında dəyişmişdir. Əgər 2008-2012-ci illərdə bu bazarın lideri Almaniya olmuşdusa, sonrakı illərdə bu rol Böyük Britaniyaya keçmişdir. Yalnız Böyük Britaniyada 2010-cu ildən başlayaraq, lizinq üzrə bağlanan yeni kontraktların yekun dəyər həcmlərinin durmadan artması, qalan üç ölkədə isə bu göstəricinin ayrı-ayrı dövrlərdə azalması qeyd olunmuşdur.
2010-cu ildən başlayaraq, lizinq portfelinin həcminin artmağa stabil tendensiyası müşahidə olunur. Bu göstərici üzrə 2015-ci ilə qədər Almaniya olmuş, son ildə isə onu Böyük Britaniya ötüb keçmişdir.
Dünya və Avropa lizinq bazarının müasir vəziyyətinin və inkişaf tendensiyalarının aparılmış təhlili göstərir ki,
- Lizinq bazarı dünya maliyyə sisteminin ən perspektivli seqmentlərindən biridir.
- Lizinq müasir iqtisadiyyatda kapital qoyuluşunun ən cəlbedici, effektiv və tələbat olan forması, sahibkarlığa maliyyə dəstəyinin göstərilməsi və həvəsləndirilməsinin təsirli vasitəsidır.
- Dünya lizinq bazarı iqtisadi konyunktura münasibətdə yüksək həssaslıq göstərir. Bütövlükdə onun inkişafı qeyri-bərabər olmuşdur, iqtisadiyyatda müəyyən tsikllərlə baş verən böhran halları ilə sıx korrelyasiya olunmuşdur.
Zakir Zeynalov
Peşəkar Bankir, Dos.,"Maliyyə və maliyyə institutları" kafedrası, UNEC
UNEC “Elmi Xəbərləri” jurnalı, “Dünya lizinq sənayesinin müasir trendləri” məqaləsindən
Peşəkar Bankir, Dos.,"Maliyyə və maliyyə institutları" kafedrası, UNEC
UNEC “Elmi Xəbərləri” jurnalı, “Dünya lizinq sənayesinin müasir trendləri” məqaləsindən