“Dövlət büdcəsinin vəsaiti ilə formalaşdırılan bir quruma biznes fəaliyyəti ilə məşğul olmağa icazə veririk. Bu, Konstitusiyaya ziddir”.
Elnur Allahverdiyev: “İnkişaf etmiş ölkələrdə sərbəst pul vəsaiti olmur”
FED.az xəbər verir ki, bunu bu gün Milli Məclisin iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev bildirib.
Qüdrət Həsənquliyev deyib ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) investisiya kimi qoyduğu vəsait sabah bata bilər: “Yaxud inflyasiya ilə bağlı sabah DSMF-yə büdcədən əlavə vəsait ayıra bilərik. Çünki hər hansı investisiyanın 1 ildən tez qaytarılacağı gözlənilmir. Bu halda necə olacaq?”
Deputat qeyd edib ki, DSMF-də, İşsizlikdən Sığorta Fondunda artıq vəsait varsa, müharibədə əlil olmuş insanlara, pensiyasının artırılmasına ehtiyacı olanlara sərf olunsun: “Artıq vəsait investisiya kimi qoyulmamalı, ehtiyacı olanlara verilməlidir”.
Qüdrət Həsənquliyev hesab edir ki, dövlət qurumlarının xidmətlər müqabilində xidmət haqqı alması da anlaşılmazdır: “Belə çıxır ki, dövlət bizneslə məşğuldur. Bu da yolverilməzdir”.
Deputat Azay Quliyev isə həmin vəsaitlərin hesabının Mərkəzi Bankda olacağını nəzərə çatdırıb: “Əgər hər hansı narahatlıq olarsa, bu vəsaitlərin investisiya kimi qoyulmasına nəzarət üçün Müşahidə Şurası yaradıla, Müşahidə Şurasında vətəndaş cəmiyyəti, media nümayəndələri təmsil oluna bilər. Eyni zamanda investisiya kimi qoyulacaq bu vəsaitlərdən əldə edilən gəlir bütün şəxslərə deyil, sosial yardıma ehtiyacı olanlara xərclənsə, daha yaxşı olar”.
Deputat Fazil Mustafa isə dövlət şirkətlərinin qeyri-effektiv fəaliyyətinə toxunub: “Biz investisiya məsələsini özəl sektora həvalə etməliyik. İnvestisiya məsələsinin dövlət qurumlarında problem yaratdığını nəzərə almalıyıq. Bir məqam da var. Adi bir xəstəxanaya direktor təyin olunur, 30 il işləyəni işdən çıxarır. Bu halda belə vasitələr necə effektiv idarə edilə bilər? Bu investisiyalar özünü doğrultmayanda heç kimin məsuliyyət daşımadığı bir halla qarşılaşırıq. Həm də sərbəst vəsaitlər haradan ortaya çıxıb, yanımıza çoxlu sayda ehtiyacı olan insanlar gəlir. Biz bu sosial vəsaitləri ehtiyacı olan insanlar üçün xərcləməliyik”.
Deputat Aydın Hüseynov 2022-ci ilin yekunlarına görə 1 milyard manat sərbəst vəsait olduğunu xatırladıb: “Bu vəsaitlərin investisiya qoyulmasında heç bir risk yoxdur. Bu vəsait Mərkəzi Bankda cəmləşəcək. Mərkəzi Bankın ehtiyatı 7 milyard dollardır. Digər tərəfdən, DSMF-nin Əsasnaməsinə görə onsuz da gəlir gətirən fəaliyyətlə məşğul olmaq hüququ vardı. İndi sadəcə, bu, qanun çərçivəsinə salınır”.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev da narahatlığa əsas görmədiyini vurğulayıb: “Deputatlar arasında iqtisadçılar DSMF və İSF-nin sərbəst vəsaitlərinin investisiya kimi qoyulmasını dəstəklədi, hüquqşünaslar narahat olduğunu dedilər. Narahat olmayın. Prezidentin sərəncamı olacaq, sərəncamda vəsaitin necə saxlanacağı, şəffaflığın necə təmin olunacağı əksini tapacaq. Norveç, Kanada, Yaponiya kimi ölkələrin bu sahədə təcrübəsi uzun müddət öyrənilib. Bu vəsait Mərkəzi Banka qoyulacaq, risksiz əldə olunan gəlirlər pensiyaların proporsional qaydada artmasına xərclənəcək. Biz bir neçə il sonra bu qanunun əyani şəkildə nə dərəcədə faydalı olacağının şahidi olacağıq”.
Qeyd edək ki, “Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, sərbəst vəsait Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin icrasının yarımillik və illik nəticələrinə görə gəlir və xərclər arasında müəyyən edilən müsbət qalıq, investisiya gəliri isə investisiya fəaliyyətinin həyata keçirilməsi nəticəsində əldə olunan vəsait ilə həmin vəsaitin əldə edilməsinə çəkilən xərc arasındakı fərqdir. Təklif olunan dəyişikliyə görə, investisiyaya yönəldilən sərbəst vəsait, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı Azərbaycan Respublikasının Mərkəzi Bankında açılmış hesaba toplanacaq və onların uçotu ayrıca aparılacaq. İnvestisiyaya yönəldilən sərbəst vəsait, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı növbəti büdcə ilinə sərbəst vəsaitin investisiyaya yönəldilən hissəsi kimi keçiriləcək.
Dövlət sosial müdafiə fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.
“İşsizlikdən sığorta haqqında” qanuna da analoji məzmunda dəyişiklik təklif olunur. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) işsizlikdən sığorta fondunun sərbəst vəsaitlərini investisiyaya yönəldə biləcək. (Apa)