Xəbər verildiyi kimi, avqustun 6-da keçirilən müşavirədə prezident İlham Əliyev dövlət şirkətlərinin idarəetməsindəki problemləri tənqid edib, bu sahədə dəyişikliklərin olacağını bildirib.
Eləcə də bax: “Azərbaycanda israfçılığa yol verilir, lazım olmayan layihələr icra edilir”
FED.az xəbər verir ki, bundan bir gün sonra prezidentin fərmanı ilə İnvestisiya Holdinqi yaradılıb. Nizamnaməsinə görə, bu qurum dövlət şirkətlərinin idarəçiliyi ilə məşğul olacaq.
Ümumiyyətlə isə dövlət şirkətlərində yeni, korporativ idarəçiliyin tətbiq ediləcəyi gözlənilir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə bildirib ki, əslində dövlət şirkətlərində korporativ idarəetmə standartların tətbiqi ilə əlaqədar ilkin qanunvericilik bazası artıq mövcuddur.
Belə ki, 2016-cı ilin 5 sentyabr tarixində «Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalanıb. Həmin şirkətlərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarı da var.
Nicat Hacızadə bildirir ki, dövlət şirkətlərində korporativ idarəetmə standartlarının tətbiqi qısa və orta müddətli dövrdə əmək haqqlarının düzgün hesablanması və uçotu, tender və satınalmalarda şəffaflığın artırılması, fəaliyyətinin nəticələrinə əsaslanan ödəniş sistemi (“Performance Based Remuneration System”) əsasında hüquqi şəxslərin idarəetmə orqanlarının üzvlərinə bonus ödənişinin verilməsi və s. məsələlərin həllinə birbaşa müsbət təsir edəcək.
Ekspert bildirib ki, korporativ idarəetmə standartlarının tətbiqi nəticəsində həmin şirkətlərin götürdüyü borclardan daha səmərəli istifadə olunacaq. Uzun müddətli dövrdə isə tətbiq olunan qabaqcıl idarəetmə sistemləri nəticəsində dövlət şirkətlərinin daxili və ya xarici investorlar tərəfindən özəlləşdirilməsi mümkün olacaq. İnvestor tərəfindən qoyulan kapital üçün əsas zəmin mövcud təsissatların şəffaflığı və hesabatlılığıdır. Korporativ idarə qaydalarının tətbiqi ilə həmin şirkətlərdə müşahidə və audit komitələrinin məsuliyyəti və səlahiyyəti əvvəlkinə nisbətən daha çox olacaqdır. Bu da şirkətin şəffaflığını, uçotların düzgün aparılmasını, borcların idarəedilməsi istiqamətində hesabatlılığını artıracaqdır» - deyə Nicat Hacızadə bildirib.