Azərbaycan Dövlət Neft Fondunun 2025-ci il büdcəsinin gəlirləri 14 452 465,2 min manat, xərcləri isə 14 640 224,9 min manat məbləğində təsdiq
edilib.
FED.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərman Azərbaycan Dövlət Neft Fondunun 2025-ci il büdcəsini formalaşdırmaq və Fondun valyuta vəsaitinin səmərəli idarə olunmasını təmin etmək məqsədilə qərara alınıb.
Fərman ilə Azərbaycan Dövlət Neft Fondunun 2025-ci il büdcəsinin gəlirləri 14 milyard 452 milyon 465,2 min manat, xərcləri isə 14 milyard 640 milyon 224,9 min manat məbləğində təsdiq edilib.
Müəyyən edilib ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2025-ci il büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:
2025-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitindən istifadənin əsas istiqamətləri (proqramı) və investisiya siyasəti
1. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (bundan sonra – Fond) vəsaitinin xərc istiqamətləri: 1.1. Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinə transfertin yuxarı həddi;
1.2. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi;
1.3. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın maliyyələşdirilməsi.
2. Fondun 2025-ci il üçün investisiya siyasəti 2.1. Fondun investisiya siyasətinin məqsədi:
2.1.1. 2025-ci ildə Fond əsas kapitalın itirilməsi riskinin aşağı olması şərtilə maksimum gəlirliliyin əldə edilməsinə imkan verən investisiya siyasəti həyata keçirəcəkdir.
2.2. Fondun investisiya portfeli:
2.2.1. investisiya portfelinin proqnozlaşdırılan həcmi:
2.2.1.1. 2025-ci il üzrə Fondun investisiya portfelinin proqnozlaşdırılan məcmu dəyəri (ortaçəkili həcmi) 58,1 milyard ABŞ dollarına bərabər götürülür;
2.2.2. investisiya portfelinin valyuta tərkibi və bölgüsü:
2.2.2.1. Fondun investisiya portfelinin baza valyutası ABŞ dolları müəyyən edilir. İnvestisiya portfelinin məcmu dəyərinin minimum 85 faizi, nəzərdə tutulmuş illik bölgüsü Fondun Müşahidə Şurasına təqdim edilməklə ABŞ dolları, avro və İngiltərə funt sterlinqində ifadə olunan aktivlərə yerləşdirilir;
2.2.3. investisiya portfelinin altportfelləri:
2.2.3.1. Fondun investisiya portfeli aşağıdakı altportfellərdən ibarətdir:
2.2.3.1.1. borc öhdəlikləri altportfeli – aşağı uzaqlaşma intervalı maksimum 10 faiz olmaqla, investisiya portfelinin məcmu dəyərinin 40 faizi;
2.2.3.1.2. səhm (pay) altportfeli – yuxarı uzaqlaşma intervalı maksimum 3 faiz olmaqla investisiya portfelinin məcmu dəyərinin 25 faizə qədəri;
2.2.3.1.3. daşınmaz əmlak altportfeli – yuxarı uzaqlaşma intervalı maksimum 3 faiz olmaqla, investisiya portfelinin məcmu dəyərinin 10 faizə qədəri;
2.2.3.1.4. qızıl altportfeli – yuxarı uzaqlaşma intervalı maksimum 4 faiz olmaqla, investisiya portfelinin məcmu dəyərinin 25 faizə qədəri;
2.2.3.2. investisiya portfelinin altportfellərinin tərkibi:
2.2.3.2.1. Fondun borc öhdəlikləri altportfeli pul bazarları alətlərindən, mərkəzi (milli) banklardakı əmanətlərdən və borc öhdəliklərindən ibarətdir;
2.2.3.2.2. səhm (pay) altportfeli yalnız beynəlxalq nüfuzlu səhm bazarı indekslərinə daxil olan səhmlərdən, habelə maksimum həcmi investisiya portfelinin məcmu dəyərinin 7 faizindən artıq olmamaqla səhmlərə və kredit reytinqinə malik olmayan borc öhdəliklərinə investisiya edən pay fondlarında, o cümlədən müştərək investisiyalarda iştirak paylarından ibarətdir;
2.2.3.2.3. daşınmaz əmlak altportfeli yalnız daşınmaz əmlaka, infrastruktura, daşınmaz əmlak və infrastruktur üzrə kredit reytinqinə malik olmayan borc öhdəliklərinə investisiya edən pay fondlarında, müştərək investisiyalarda iştirak paylarından, o cümlədən daşınmaz əmlaka birbaşa investisiyalardan ibarətdir;
2.2.3.2.4. qızıl altportfeli yalnız London Qiymətli Metallar Bazarı İştirakçılarının Assosiasiyası tərəfindən tətbiq edilən tələblərə uyğun olan qızıl külçələrdən ibarətdir;
2.2.4. investisiya portfelinin hədəf gəlirliliyi:
2.2.4.1. Fondun borc öhdəlikləri altportfelinin idarə edilməsinin hədəf gəlirliliyi (bençmark) kimi müvafiq valyuta üzrə “ICE BofA Fixed Income Indices” əsas götürülür;
2.2.4.2. səhm (pay) altportfelinin hədəf gəlirliliyi (bençmark) kimi “MSCI Stock Market Indexes” əsas götürülür;
2.2.4.3. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”ın (bundan sonra – Qaydalar) 4.2-ci bəndinə əsasən, qızıl altportfelinə hədəf gəlirliliyi (bençmark) tətbiq edilmir.
2.3. İnvestisiya portfelinin risklərinin idarə edilməsi üzrə tələblər:
2.3.1. faiz dərəcəsi riski:
2.3.1.1. Fondun borc öhdəlikləri altportfelinin faktiki ortaçəkili investisiya müddətini (durasiya) dünya bazarındakı cari vəziyyətdən asılı olaraq Fond müəyyən edir və bu müddət müvafiq bençmarkın ortaçəkili investisiya müddətindən maksimum altı ay olmaqla kənarlaşa bilər;
2.3.2. kredit riski:
2.3.2.1. depozitar banklar və bençmarka daxil olan dövlətlərin borc öhdəlikləri istisna olmaqla, bir maliyyə qurumunun və ya bir investisiya aktivinin investisiya portfelindəki maksimal xüsusi çəkisi investisiya portfelinin məcmu dəyərinin 10 faizi həddində müəyyən edilir;
2.3.2.2. Fondun valyuta vəsaitinin yerləşdirildiyi investisiya aktivlərinin kredit reytinqi:
2.3.2.2.1. Qaydaların 3.3.1.7-ci abzasında nəzərdə tutulmuş qeyri-investisiya reytinqinə malik borc öhdəlikləri və ya pul bazarları alətləri üzrə 5 faizlik xüsusi çəkinin yuxarı həddinə dair tələblər Azərbaycan Respublikası Prezidentinin aktları ilə nəzərdə tutulan tədbirlərin icrası məqsədilə həyata keçirilən investisiya qoyuluşları nəticəsində Fondun investisiya portfelinə daxil olan aktivlərə tətbiq edilmir;
2.3.3. likvidlik üzrə tələblər:
2.3.3.1. Fondun vəsaitinin likvidlik dərəcəsi Fondun büdcə xərcləri üzrə planlaşdırılan pul köçürmələrinin və digər köçürmələrin tam və vaxtında yerinə yetirilməsini təmin etmək üçün yetərli səviyyədə olmalıdır. Bu səviyyəni təmin etmək məqsədilə Fondun vəsaitinin 100 milyon ABŞ dollarından az olmayan hissəsi yüksək likvidliyə malik qısamüddətli pul bazarları alətlərində saxlanılmalıdır. Bu vəsaitin göstərilən məbləğdən az olması halı 7 (yeddi) iş günündən çox davam etməməlidir;
2.3.4. xarici menecerlər üzrə tələblər:
2.3.4.1. cəlb edilən xarici menecerin özünün və ya onun əsas təsisçisinin kredit reytinqi beynəlxalq kredit agentliklərinin (Standard & Poor's, Fitch və ya Moody's) investisiya dərəcəli kredit reytinqindən aşağı olmamalı və ya onun aktivlərin idarə edilməsində ən azı 5 il müsbət təcrübəsi, yaxud dəyəri 1 (bir) milyard ABŞ dolları məbləğindən az olmayan aktivlərin idarə edilməsində səriştəsi olmalıdır;
2.3.4.2. xarici menecerlərə idarəetməyə verilən vəsaitin ümumi həcmi investisiya portfelinin məcmu dəyərinin 60 faizindən, bir xarici menecerə idarəetməyə verilən vəsaitin maksimum həcmi investisiya portfelinin məcmu dəyərinin 5 faizindən artıq olmamalıdır;
2.3.4.3. Fondun vəsaitinin idarə olunmasına cəlb edilən xarici menecerlərin səlahiyyətləri və idarəetməyə verilmə müddəti Fondla həmin menecerlər arasında bağlanılan sazişdə göstərilməlidir.