"2017-ci ilin 11 ayı ərzində dövlət büdcəsindən maliyyələşən dövlət satınalan təşkilatları 18 məhsul növü üzrə 58,755 min ton həcmində ərzaq məhsulları ilə təmin edilib, satınalınan məhsulun dəyəri 85 mln. 464 min manat təşkil edib".
Bunu "Ərzaq Məhsullarının Tədarükü və Təchizatı" ASC-nin İdarə Heyətinin sədri Əbülfət Qocayev bildirib.
O, xüsusi qeyd edib ki, bunun böyük hissəsi (395 nəfəri fermer və 276-sı şirkət olmaqla) yerli istehsalçılardan alınıb:
"Bu isə böyük həcmdə vəsaitin yerli istehsalçıların dövriyyəsinə daxil olması deməkdir. Ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxarılması üçün mütəmadi olaraq müvafiq araşdırmalar aparılıb, sahibkarlar tərəfindən daxil olan təkliflər müzakirə edilib, yerli məhsulların ixracı üçün Rusiya, Belarus, Ukrayna, Çexiya, Fransa, BƏƏ, Bəhreyn, Qətər Əmirliyi kimi ölkələrdə yerləşən ərzaq firmalarına əməkdaşlıq məktubları göndərilib və onlarla bir sıra məhsuldar görüşlər keçirilib. Məsələn, Rusiyanın iki iri ticarət şirkəti ilə ASC arasında müqavilə imzalanıb".
Onun sözlərinə görə, ixracla bağlı görülən işlər nəticəsində dəyəri 54 mln. 831 min manatdan çox olan 43 483 ton məhsul ixracı həyata keçirilib: “Xüsusi olaraq qeyd edilməlidir ki, ölkənin ixrac coğrafiyasında nisbətən yeni olan ərəb ölkələri ilə aparılan danışıqların nəticəsi kimi, cari ilin sentyabr ayında Qətərə bir yük maşını (TIR) müxtəlif məhsulların ilk partiyası yola salınmış növbəti aylarda bu istiqamətdə satışın daha da artırılması gözlənilir”.
Ə. Qocayev qeyd edib ki, məhsul istehsalı üçün avans ödənişi ilə bağlı, bu ilin aprel ayından etibarən ASC tərəfindən kütləvi informasiya vasitələrində elanlar verilib və geniş təbliğat işləri aparılıb: "Bu proses nəticəsində 309 istehsalçıdan müxtəlif məhsullar üzrə müraciət daxil olub. Həmin istehsalçıların monitorinqi həyata keçirilərək, istehsal potensialı və təqdim edilən sənədlərin düzgünlüyü təsdiq olunan 132 təsərrüfat subyektinə 11 adda məhsul istehsalı üçün 3 mln. 380,648 min manat avans ödənilib. Avans hesabına ümumilikdə 28 mln. 181 ton yerli məhsullar tədarük-təchizat sisteminə cəlb olunacaq. Fəaliyyət göstərdiyimiz on bir ayın yekun nəticələri deməyə əsas verir ki, ölkə üzrə tədarük-təchizat sistemi qənaətbəxş təşkil olunub, kənd təsərrüfatı istehsalçılarına əlavə bir dəstək mexanizmi işə düşüb".