“Bridgewater Associates” hec fondunun təsisçisi və meneceri Ray Dalio`nun dolların yaxın 2-3 il ərzində 30% ucuzlaşacağı ilə bağlı fikirləri dünən bütün dünyada ildırım sürəti ilə yayıldı.
Məlumat üçün qeyd edim ki, Ray Dalio 18.1 milyard dollarlıq şəxsi varidatı olan və Forbes jurnalı tərəfindən dünyanın 100 ən nüfuzlu şəxslərin siyahısında olan özünü təsdiq etmiş bir maliyyəsi, hec fond (“hedge fund” nədir, hansı prinsiplərlə işləyir, niyə həmin fondlar arasında iflas faizi çox aşağıdır və sair məsələlərlə bağlı hörmətli oxucularıma bir yazı təqdim edəcəyəm) direktorudur. Başqa sözlə, həm nəzəriyyəsi, həm də təcrübəsi böyük olan ciddi və praqmatik bir maliyyəçidir.
Bu fikirlərin sürətlə yayılmasına səbəb isə ucuzlaşmanın rəqəmlə ifadəsidir ki, bu da ciddi maraq doğurdu. Bəs Ray Dalio kimi ciddi və nüfuzlu maliyyəçinin bu fikirləri səsləndirməsinin kökündə və arxasında nə durur?
19.02.2018-ci il tarixli müsahibəmdə (https://banker.az/ekspert-dunyanin-maliyy%C9%99-v%C9%99-iqtisadi-muhitini-t%C9%99hlil-etdi-5-istiqam%C9%99t-uzr%C9%99/) faiz artımları ilə bağlı FES-in tərəddüdləri barədə arqumentləri qeyd etmişdim. (Həmin müsahibədəki fikirləri təkrar etməmək üçün istinad etdim.) Keçən ay isə ABŞ Prezidenti D.Tramp bahalı dollardan narazı olduğunu bildirdi. Bununla bağlı şərhlərimi əhatə edən 21.08.2018-ci il tarixli digər məqaləmdə (https://banker.az/abs-dollarla-bagli-siyas%C9%99tini-d%C9%99yisirmi/) FES-in ard-arda faiz artımına getməyinin nə üçün riskli olacağını və istiqraz (o cümlədən maliyyə alətləri) bazarında yaranan köpüklərin partlamaması üçün tədbirlər görəcəyini qeyd etmişdim.
FES sentyabr ayında faiz artımına gedəcək də bu bazarın nəbzinin ölçülməsi üçün atılmış addım olacaq. Faiz artımı ilə bağlı ciddi fikir ayırlıqları mövcuddur. Çünki, faiz artımını həyata keçirməyin də bir çox riskləri vardır, artımı həyata keçirməməyin də (0% ətrafında bu qədər uzun müddət qalmaq FES tarixinin nadir hadisələrindəndir) ciddi fəsadları ola bilər.
Ray Dalio öz fikirlərini nə ilə əsaslandırır və qeyd etdiyim müsahibə və məqalələrimdəki fikirlərin əsasında nə dayanır? Bunlar arasında əlaqə, kəsişmə nöqtələri nədir? Bunları aydınlaşdırmaq üçün məsələlərə daha təfsilatlı yanaşaq. FES-in və o cümlədən digər Mərkəzi Bankların monetar siyasətdə 2 ciddi silahı var. Faiz artımı (azaldılması) və pul kütləsinin tənzimlənməsi. FES birinci silahından tam istifadə etdi (0% dərəcəsindən aşağı endirmək ABŞ üçün indiki halda mümkün deyil (Avropa və Yaponiyada mənfi faiz dərəcəsinin tətbiqi ilə qarışdırmayaq)) və pul kütləsinin tənzimlənməsi zamanı isə “Quantitative Easing” (kəmiyyət yumşaltması) adlı tədbirləri həyata keçirir.
Bu tədbirin əsas mahiyyəti bazardakı istiqrazları almaq və istiqrazların faiz dərəcələrini tənzimləməkdir, əvəzində bazara pul kütləsi inyeksiya etməkdir. (Bu məsələni nəzərə alaraq yuxarı qeyd etdiyim müsahibəmdə faiz artımının istiqraz bazarı tənzimləmələrindən sonra ola biləcəyini vurğulamışdım). Həmin istiqrazları almaq üçün isə FES pul çap edir və bazara əlavə dollar kütləsi daxil olur. 2009-cu ildən etibarən FES iki dəfə QE1 və QE2 (“Quantitative Easing” sözlərinin baş hərfləri) adlanan bu tədbirləri həyata keçirir. Sonra isə daha fərqli bir tədbiri həyata keçirir ki, burada öncədən aldığı qısamüddətli istiqrazları sataraq uzunmüddətli istiqrazları bazardan almışdı. (istiqrazların faiz dərəcələrini QE tədbirləri ilə tənzimləmək incə və maraqlı siyasətdir, təfsilatları təəssüf ki, bir-iki yazıya sığmaz).
Bazara əlavə pul kütləsinin daxil olması isə inflyasiya təzyiqini artırır. Lakin, bu təzyiq digər ölkələrdən fərqli olaraq ABŞ-da çox deyil. Çünki, investisiya alətləri çox və rəngarəngdir. Dövriyyəyə buraxılan pulun hamısı və ya çox hissəsi istehlaka deyil, investisiyalara yönəlir. İndi isə yenə də uzunmüddətli 0% dərəcələrinin nəticəsində böyük bir istiqraz bazarı (həm də köpüyü) yaranmışdır. Unutmayaq ki, ABŞ xəzinə istiqrazlarından başqa korporativ istiqrazlar da vardır, digər dövlətlərin buraxdıqları istiqrazlar da. Digər dövlətlərin istiqrazlarının məsələ ilə əlaqəsini düşünərkən yoluxma və panika amilini xatırlamaq kifayətdir. Deməli, ABŞ yenə də istiqraz bazarında QE tədbirlərini həyata keçirməyə başlarsa bazara pul kütləsi buraxacaq, artan pul kütləsini isə bundan sonra artırdığı faiz dərəcələri ilə tənzimləyəcək. Plan və senari budur. Lakin...
Bütün qeyd olunanlar düşünülürkən Çin ABŞ-ı qıcıqlandıran siyasətini davam etdirməkdə israrlı olduğunu göstərdi. Rusiya və İranla yaxınlaşmalar, BRİKS və sair siyasi məsələləri kənara qoyaq. Əslində Çin illərdir ÜTT-nin prinsiplərini, beynəlxalq ticarətin prinsip və təməllərini tapdalamaqdadır. Qəribədir ki, ABŞ-dan başqa kimsə bunu səsləndirmirdi. Çinin 2007-2009-cu illərdə ABŞ-da böhran zamanı fəaliyyəti (fəaliyyətsizliyi) və 2010-2012-ci illərdə Avropada borc böhranı zamanı fəaliyyətləri kökündən fərqlənirdi. Biz həmin 4 ildə 2 fərqli Çin gördük. Amma ziddiyyət buradadır ki, Çinin xarici ticarət balansında ən yüksək müsbət saldosu məhz ABŞ-la ticarəti nəticəsində yaranır. (Məsələn, 2017-ci ildə ABŞ-ın Çinə 130 milyard dollarlıq ixracı və Çindən 506 milyard dollarlıq idxalı nəticəsində 375 milyard dollarlıq ticarət kəsiri yaranmışdır).
Bu saldo illərdir Çinin xeyrinə, ABŞ-ın zərərinə olmuşdur. Çin ABŞ və dünya brendlərini saxtalaşdıraraq həmin brendlərin adı altında saxta məhsullarını istehsal etmiş, hamı göz yummuşdur. Bunlar da kifayət etməmiş, ABŞ-dan qazandıqlarını ABŞ-a qarşı xərcləməyə başlamışdır. Məhz bu amilləri təhlil edərək 2 il öncəki məqalə və müsahibələrimdə ABŞ-ın ciddi proteksionist siyasət yürüdəcəyini və bu siyasətin də əsas hədəfinin Çin olacağını qeyd etmişdim. Bir haşiyə çıxım. Dünyada ABŞ-dan daha çox Çinə qarşı bir simpatiya var. Bunun əsas səbəbinin hansı ölkənin (ABŞ və ya Çin) iqtisadi tədbir və hərəkətlərinin ölkələrin iqtisadiyyatına müsbət/mənfi təsirlərinin ölçülməsi ilə bağlı ciddi iqtisadi araşdırmaların digər ölkələrdə olmamasıdır.
ABŞ, Yaponiya, Cənubi Koreya, Böyük Britaniyada bu araşdırmalar aparılır. Avropa Birliyinin susmasının əsas səbəbi isə Çinin 2010-2012-ci illərdəki fəaliyyətidir. Çinin qeyd etdiyim addımları ilə yanaşı ABŞ-da da yığılıb qalan problemlər vardır. Büdcə kəsiri artır, borclanma ən yüksək həddə çatmışdır, ticarət kəsirləri artır və sair. Bütün bunlar ABŞ-ı tamamilə dünyanın bir çox ölkələri üçün gözlənilməyən siyasətə sövq edir. ABŞ birdən-birə ritorikanı dəyişir, ucuz dollar siyasətinə keçəcəyi siqnallarını verir və ən əsası, addımlar atmağa başlayır. Axı faiz dərəcələrini artırdıqda dollar qüvvətlənəcək. O halda bu siyasəti necə həyata keçirməyi planlaşdırır?
ABŞ öncəki yazılarımda qeyd etdiyim kimi, istiqraz bazarlarını tənzimləmək siyasətini davam etdirəcək, dövriyyəyə əlavə pul kütləsi buraxacaq, digər tərəfdən isə tədricən faiz artımına gedəcək. Monetar siyasətin incəliklərini bilənlər qeyd edə bilər ki, burada ziddiyyət var. Xeyr. ABŞ bir tərəfdən maliyyə bazarlarında yaranmış köpükləri həll edir, riskləri yumşaldır, dövriyyəyə pul buraxmaqla ABŞ dollarının güclənməsinin qarşısını alır, istiqraz qiymətlərini tənzimləyir, paralel olaraq digər tədbirlərə (proteksionist siyasətlə) də əl atmaqla ticarət balansındakı kəsirləri azaldır, uzun müddətli faiz dərəcələrində bundan sonra qalmağın gətirəcəyi fəsadları önləmək üçün faiz artımlarına gedir. Bəs bu başgicəlləndirici siyasətdə əsas nüans nə olacaq?
Əsas nüans odur ki, tənzimləmənin sürəti faiz artımının sürətindən daha çox olacaq. Bu iki addımın arasındakı sürət fərqi isə dolların ucuzlaşmasının faiz nisbətini müəyyən edəcək. Əslində mənim son 1 ildə olan müsahibə və məqalələrimdə qeyd etdiyim də bunlardır, Ray Dalio`nun dünən səsləndirdiyi fikirlər də. Deməli məntiqin yolu birdir. Burada ən böyük fərq Ray Dalio`nun bu fərqi səsləndirməsidir.
30%. Bazara bir mesaj verilir. Aydındır. Amma 30% rəqəmi bizi çaşdırmasın. Bu o demək deyildir ki, dollar bütün valyutalar qarşısında 30% dəyər itirəcək, əmtəələr 30% bahalaşacaq və sair. Belə düşünmək yanlış olar. Sadəcə bahalı dollar senarisi arxa plana keçir və nisbətən ucuz dollar senarisi həyata keçirilir ki, burada da qeyd olunan 30% müxtəlif səbətlərdə (valyuta, əmtəə, qiymətli kağızlar, istiqraz və sair) özünü müxtəlif faiz dərəcələrində göstərəcək. Kataklizmlər, sərt düşüş və sərt bahalaşmalar, ABŞ-da yüksək inflyasiya olacağını düşünmək sadəlövhlük olardı. Buna imkan da verilməz.
Bir daha qeyd edim ki, inkişaf etmiş ölkələrdə tənzimləmə mexanizmləri çox və müştəlif çeşidlidir. (Düşündürücü bir haşiyə çıxım: Suriyada müharibənin nəticələrini aradan qaldırmaq üçün 200 milyard dollarlıq investisiyalara ehtiyac vardır ki, ABŞ-dan başqa heç bir dövlətin (Çinin Suriyada ordusu yoxdur) buna gücü çatmaz. Amma hər bir xüsusilə müharibədə iştirak etmiş dövlət imkanı çatan payı almaq istəyir). Bəs bundan sonra hansı senarilər mümkündür? Birincisi, ABŞ bir çox mövcud maliyyə və iqtisadi problemlərini həll etməkdə, güclənməkdə davam edəcək. İkincisi, yeni ticarət sistemi formalaşmağa başlayır.
Düşünürəm ki, ABŞ ölkələri milli valyutalarla öz aralarında ticarət aparmağa dolayı yolla sövq etməkdə davam edəcək. Məhz həmin ölkələr ki, BVF-yə (Beynəlxalq Valyuta Fonduna) borcları yoxdur və hərbi qüdrətləri vardır. Bu mənim subyektiv fikrimdir ki, əgər həmin sistem qurularsa və sonradan süqut edərsə həmin dövlətlər bundan sonra dolların təsiri altına daha çox düşəcəklər. Yüksək borclanmalar olacaq ki, bu da nisbətən ucuz dollar erasında ilk baxışdan cazibəli və sərfəli olacaq. (yalnız iqtisadi təhlilləri əhatə etmək və siyasi məsələlərə qarışmamaq prinsipinə sadiq qalaraq bu fikirlərlə kifayətlənək). Tsikl məsələsini unutmayaq.
Bəs bu Azərbaycan üçün nə deməkdir?
https://banker.az/abs-dollarla-bagli-siyas%C9%99tini-d%C9%99yisirmi/ linkində olan son yazılarımın birində ABŞ-ın növbəti 3-9 ay ərzində (bu müddət daha da çox ola bilər) həyata keçirəcəyi siyasətin (əslində həmin yazıda yuxarıda qeyd olunanların siqnalı daha açıq verilmişdi) Azərbaycan üçün gözəl şans olacağını qeyd etmişdim. Neftin qiymətinin düşmə ehtimalı azalır, artma ehtimalı çoxalır (lakin çox artmasına imkan veriləcəyini düşünmürəm, yüksək artım olarsa qısamüddətli olacaq).
Deməli, qeyri-neft sektorunun inkişafı, valyuta ehtiyatlarının artırılması, bir çox məsələlərin (xarici valyutada olan borclanmaların həlli), investisiyalar üçün imkanlar artır. Bir çox ölkələr borclanmaya getdikləri halda (məcburən və ya nisbətən ucuz dollar səbəbindən) ölkəmizin xarici borcları artırmaq deyil, azaltmaq tendensiyası sürətlənəcək. Ölkə Prezidentinin xarici borclarla bağlı müvafiq Fərman və Sərəncamları da xarici borcların tənzimlənəcəyi və azalacağını göstərir.
Ən çox verilən suallardan biri budur ki, yüksək neft qiymətləri bizə tam üzən məzənnə siyasətinə keçməyə imkan verirmi? Birincisi, aydındır ki, dünya iqtisadiyyatı, xüsusilə ABŞ iqtisadiyyatı iqtisadiyyat kitablarında yazılan nəzəriyyələrlə deyil, həmin nəzəriyyələrin çox ustalıqla hibridləşdirilmiş variantlarından istifadə olunmaqla idarə olunur. İkincisi, dövlətlərarası azad ticarət məfhumu nəzəriyyələrdə qalmışdır.
Ölkələrarası azad ticarət gömrük sistemi tətbiq olunan gündən məhv olmuşdur. Çünki, bir-biri ilə uzlaşmayan iki fərqli mexanizmdir. Üçüncüsü, tam üzən məzənnə qismən sərbəst dönərli valyutalardadır. Amma, onlar da 100 faiz sərbəst buraxılmır. Məsələn, Avronun kursunun ABŞ dollarına nisbətdə düşməsi üçün Avropanın incə ilk baxışdan gözlə görünməyən tədbirlərinə qarşı Tramp çox sərt reaksiyalar vermişdir. Yaponiya yenası. Bu ölkənin Mərkəz Bankı zaman-zaman milyardlarla dollar xərcləyərək bazara müdaxilə edir ki, öz valyutasını ixracı artırmaq üçün ucuzlaşdırsın.
Çini bilərək qeyd etmədim. Çünki, valyuta siyasətində bütün yazılan və yazılmayan qanunları tapdalamasının nəticəsi indiki ticarət müharibələri oldu. Bu səbəbdən tam üzən məzənnə siyasətinə inanmıram, indiki rəqabət mühitində xeyrindən çox zərərini görərik. Amma, bir koridor müəyyənləşdirilə bilər. Və həmin koridor daxilində manatın volatilliyi təmin olunar. Bu koridor mövsüm və iqtisadi şərtlərdən asılı olaraq dar da ola bilər, geniş də. Bu koridorun maksimum səmərəli ola bilməsi üçün ilkin şərt və şərait də formalaşmalıdır (bu ayrıca geniş mövzudur və təəssüf ki, həm də hər bir məqamın açıqlanmasının mümkün olmadığı incə bir mövzudur).
Başqa sözlə, nisbətən qısa müddət (bu müddət bir il də ola bilər, bir neçə il də) yaranan iqtisadi amil və şərait ölkəmiz üçün münbitdir. Ölkə yaranan şəraitdən maksimum istifadə etdikcə daha da güclənməsi üçün perspektivlər açılar.
Sonda bir məsələ ilə də bağlı fikirlərimi bölüşmək istərdim. Neftin qiymətlərinin uzun müddət yüksək olacağı inandırıcı deyil. Bir çox amillər vardır. Neft idxal edən ölkələr buna qarşıdır, alternativ enerji sahəsində ciddi irəliləyişlər var və sair. Hazırda bu məsələdə ən aktual məsələ isə budur ki, Çin bu ticarət müharibələrində zəifləyərsə neftə olan təlabatı azalar. Digər tərəfdən isə sürətlə elektromobillərin istehsalını genişləndirir. Hər 2 amil neftin qiymətlərinin indiki həddə davam etməsindən maksimum istifadəni şərtləndirir.
Elman Sadiqov, iqtisadçı ekspert
Dolların 30% ucuzlaşacağı fikrinin əsası nədir? - MƏQALƏ
13:29
14 Sen 2018