2019-cu ildə Azərbaycanda dollara tələbatın ötən illə müqayisədə aşağı olması Dövlət Neft Fondunun büdcə qarşısında öhdəliklərinin icrasına mane olur.
FED.az xəbər verir ki, bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib. Palata sədri bildirir ki, ötən illə müqayisədə Neft Fondunun və Mərkəzi Bankıvn valyuta ehtiyatları artıb.
Belə ki, Dövlət Neft Fondu (DNF) və Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi cari ilin 6 ayında 48 403,1 mln. Dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,1% çoxdur:
«Neftin dünya birjalarında qiymətinin əhəmiyyətli artımı fonunda xüsusilə DNF-nin aktivlərinin 6 ay ərzində ötən ilin dekabrı ilə müqayisədə 10,3% artması müşahidə edilmişdir. DNF-nin verdiyi məlumatlara görə, aktivlərin artımı Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olmuşdur. Ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmaqla, investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınmışdır. Belə ki, səhm alt portfeli üzrə ötən ilki mənfi gəlirliliyə baxmayaraq (-6,6%), 2019-cu ilin ilk 6 ayı ərzində müvafiq göstərici 13,1% təşkil etmişdir».
Bu vəziyyət ölkədə dollar profisiti yaratsa da, dollara tələbat az olduğuna görə, onları büdcə gəlirlərinə transformasiya etmək çətinləşib:
«Hesabat dövründə ARMB-nın məlumatlarından aydın olur ki, DNF-in transfertlərinin tam icra edilməməsinin səbəbi bazarda dollara tələbin kifayət qədər olmaması və Mərkəzi Bankda artıq qalan vəsaiti almamasıdır».
Nəticədə Dövlət Neft Fondundan büdcəyə tələb olunan vəsaiti keçirilməyib: «Dövlət Neft Fondu üzrə isə müəyyən edilmiş 11 364,3 mln. manat məbləğində illik və 5 682,2 mln. manat məbləğində yarımillik proqnozlar, müvafiq olaraq 38,8% və 77,7% səviyyəsində icra olunaraq 4413,0 mln. manat məbləğində vəsait dövlət büdcəsinə daxil olmuşdur».
Bununla yanaşı, dolların artıqlığı manatın möhkəmlənməsinə səbəb olmayıb: «Lakin dollar təklifinin ona olan tələbi üstələməsinə və məzənnənin keçirilən valyuta hərraclarında müəyyənləşməsinə baxmayaraq, manatın məzənnəsində möhkəmlənmə meyilləri müşahidə edilməmişdir».
Səbəbi bank sistemində böyük manat kütləsinin artıq olması ilə bağlıdır. Nəticədə investorlar pullarını dollara yatırmaqdansa, qiymətli kağızlara yatırmağa üstünlük verirlər: «Digər tərəfdən bank sistemində manatla pul kütləsinin artıqlığı müşahidə olunmaqdadır. Belə ki, Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi məqsədilə reallaşdırılan depozit hərraclarında orta gəlirliliyin mütəmadi aşağı düşməsinə baxmayaraq, tələb təklifi əhəmiyyətli dərəcədə üstələyir (5-6 dəfə). Daxili valyuta bazarında dollar profisiti olduğu halda, izafi pul kütləsinin sterilizasiyasının həyata keçirilməsi inflyasiya səviyyəsinin qorunması məqsədinə xidmət etməsi ilə izah oluna bilər».