Əkrəm Həsənov:"Mərkəzi Bankın faiz dərəcəsi çox yüksəkdir deyə ölkədə kreditləşmə azalıb. Banklar MB - dan daha az kredit götürür. 25-30 faizlə heç kim banklardan kredit götürmək istəmir"
"Mərkəzi Bank (MB) müəyyən etdiyi uçot dərəcəsi ilə banklara kredit verir. Banklar 15 faizlə krediti alıb, üzərinə öz faizlərini əlavə edərək, sahibkarlara və əhaliyə verir”.
FED.az xəbər verir ki, bu barədə MB-nın İdarə Heyətinin uçot dərəcəsinin və faiz dəhlizinin digər parametrlərinin dəyişməz saxlanılması barədə qərarını şərh edərkən bank üzrə ekspert Əkrəm Həsənov bildirib.
O qeyd edib ki, 15 faiz dərəcəsi artıq bir ildən çoxdur ki, müəyyən edilib:
"Ötən ilin fevral ayında isə bu 3 faiz təşkil edirdi. Bundan sonra yavaş-yavaş uçot dərəcəsi qaldırıldı, 15 faizə çatdı. Bununla MB inflyasiya və devalvasiya ilə mübarizə aparır.
MB faiz dərəcəsini qaldırdıqda banklar ondan daha az kredit götürür. Çünki bu banklara sərf etmir. 25-30 faizlə heç kim banklardan kredit götürmək istəmir. Ona görə, ölkədə kreditləşmə azalıb. Mərkəzi Bankın faiz dərəcəsi çox yüksəkdir.
Müqayisə üçün deyim ki, bu günlərdə Rusiya Bankı öz faiz dərəcəsini 9 faizdən 8,5 faizə qədər azaltdı. ABŞ-da uçot dərəcəsi heç 2 faiz deyil. Bu, Avropada da aşağıdır.
Belə etməklə MB dövriyyədə manat kütləsinin az olmasına çalışır. Dövriyyədə pul azalır, ölkədə iqtisadi aktivlik düşür, bizneslər, iş yerləri bağlanır və işsizlik artır. Nəticədə ölkənin iqtisadi göstəriciləri düşür. Bunun əksinə manat qorunur. Dövriyyədə pul az olursa, onun dəyəri də çox olur. Pul az olduqda qiymətlər də arta bilməz.
Bu gün bəzi dövlət qurumları var ki, onlar əmək haqqını tam verə bilmir. Çünki dövriyyədə pul yoxdur. Sadə insanlar bilməlidir ki, faiz dərəcəsinin yüksək qalması milli valyutanın devalvasiyasını uzadır. Çox güman ki yaxın müddətdə devalvasiya olmayacaq. Amma iqtisadi aktivlik aşağı düşəcək, işsizlik artacaq”.
Qeyd edək ki, uçot dərəcəsi 15 faiz, dəhlizin aşağı həddi 10 faiz, yuxarı həddi isə 18 faiz təşkil edir.
Sherg.az©