2021-ci ildə dünya iqtisadiyyatında müşahidə olunan sürətli bərpa prosesi fonunda tələbin artım dinamikasının təklifi üstələməsi və qlobal təchizat zəncirində qırılmalar inflyasiya təzyiqlərinin artmasına yol açmışdır. 2022-ci ilin əvvəlindən isə Rusiya-Ukrayna münaqişəsinin təsiri ilə gərginləşən qlobal və geosiyasi vəziyyət ötən ildən başlayaraq artan inflyasiya meyillərini daha da gücləndirib.
FED.az xəbər verir ki, bu Maliyyə Nazirliyinin açıqladığı «2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatı»nda bildirilir.
2023-cü ilin I yarımilliyində qlobal tələbin zəifləməsi, qış mövsümünün mülayim keçməsi,
Avropada qaz ehtiyatlarının yığılması ilə enerji qiymətlərinin, eləcə də Çində proqnozlardan daha zəif tələb səviyyəsinin mövcudluğu ilə ərzaq qiymətlərinin 2022-ci ildəki yüksək səviyyələrdən aşağı düşməsi, qlobal iqtisadi artımın zəifləməsi, habelə müxtəlif ölkələrdə aparılan inflyasiya ilə çoxşaxəli mübarizə tədbirləri və mərkəzi bankların uçot dərəcələrini artırmaq siyasəti səbəbi ilə qlobal inflyasiyada azalma müşahidə edilmişdir.
Lakin bununla belə, geosiyasi və geoiqtisadi mühitin daha da gərginləşməsi və bunun nəticəsində dünya iqtisadiyyatının bloklara ayrılması, Ukraynada müharibənin daha da şiddətlənməsi, iqlim dəyişiklikləri nəticəsində temperaturun gözləniləndən daha çox artması və digər şoklar qlobal inflyasiyanın yüksəlməsinə səbəb ola bilər.
Qeyd etmək lazımdır ki, qlobal və daxili mühitdə baş verən proseslər nəticəsində Azərbaycanda da cari ildə inflyasiya səviyyəsində azalma müşahidə edilmişdir.
İnflyasiya təzyiqlərinin azalmasına valyuta bazarında tarazlığın qorunması, manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi, qlobal əmtəə qiymətlərinin, o cümlədən ərzaq qiymətlərinin
artım tempinin azalması, başlıca ticarət tərəfdaşı olan ölkələrdə inflyasiya dərəcəsinin azalması kimi amillər təsir edib.
Göstərilənlərlə əlaqədar, Azərbaycan Respublikasında sosial islahat paketinin reallaşmasının təsirləri, dünya üzrə əmtəə, xüsusilə də ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi ilə bağlı proqnozlar və bunun da öz növbəsində idxal qiymətlərinə mümkün təsiri, Mərkəzi Bankın inflyasiyanın azaldılması istiqamətində öz səlahiyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlər, eləcə də hökumətin həyata keçirdiyi antiinflyasiya tədbirləri və qlobal trendlər nəzərə alınmaqla İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin avqust ayında 2023-cü ilin sonuna orta illik inflyasiya 9,5 faiz və ya mart ayında təqdim edilən proqnozdan 0,9 faiz-bənd az proqnozlaşdırılıb.
İnflyasiyanın qarşısının alınması məqsədilə 2024-2027-ci illər üzrə fiskal çərçivədə aşağıdakı tədbirlər nəzərdə tutulur:
- büdcə xərclərinin artırılması inflyasiya səviyyəsinin də yüksək olmasına gətirib çıxara bilər (inflyasiya spiralı). Məhz bu səbəbdən dövlət büdcəsinin xərcləri 2024-cü il və növbəti 3 il ərzində kiçik artımlarla proqnozlaşdırılır:
- həyata keçirilən məqsədyönlü fiskal siyasət tədbirləri nəticəsində icmal büdcənin qeyri- neft baza kəsirinin qeyri-neft ÜDM-də xüsusi çəkisinin tədricən azaldılaraq tənzimlənməsi nəzərdə tutulur ki, bu da inflyasiyaya azaldıcı təsir göstərən faktorlardan biridir;
- antiinflyasiya tədbirləri çərçivəsində Azərbaycan Respublikasında istehsalı olmayan sənaye təyinatlı xammal və materiallar üzrə gömrük rüsumlarının dərəcələri 2024-cü ildən 7 il müddətinə 0 (sıfır) dərəcəyə endirilmiş, idxalda ƏDV-dən azad olunacaq əsas vəsaitlərin siyahısı təsdiq edilmiş, habelə idxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək və birbaşa vergilərdən azad olunacaq qida (ərzaq) məhsulları istehsalı sahələrinin siyahının təsdiqi nəzərdə tutulur;
- “Azərbaycan Respublikasında antinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 fevral tarixli Sərəncamından irəli gələn vəzifələrin 2024-cü ildə də davam etdirilməsi inflyasiya təzyiqlərinin, eləcə də idxal mallarının bahalaşması səbəbindən daxili bazarda kəskin qiymət artımlarının qarşısının alınmasına, habelə sahibkarlıq subyektlərinin və sosial cəhətdən həssas qrupların mövqeyini müdafiə etməyə, həmçinin daxili istehsalın təşviqinə xidmət edəcək.