Maliyyə Nazirliyindən FED.az-a verilən məlumata görə, dürüstləşdirilmiş, yəni dəyişdirilmiş variantda büdcənin 12 200 milyon manatı Neft Fondandan təmin olunacaq.
1 790 milyon manat isə neft sahəsindən yığılan vergilərdir. Bu məbləğin 1 240 milyon manatını SOCAR, 550 mily on manatını xarici neft şirkətləri ödəyəcəklər. İlin əvvəlində təsdiqlənən büdcə ilə müqayisədə SOCAR-ın büdəyə ödəmələri 210 milyon manat və ya 14,5% azaldılır. Azalmanın səbəbi xam neftin ixrac qiymətinin büdcədəki qiymətdən 20 dollar aşağı götürülməsi (55 dollardan 35 dollara endirilməsi), OPEK+ sazişi üzrə hasilatın azaldılmasıdır (ilin əvvəlində belə qərarına olacağı nəzərdə tutulmamışdı). Bundan başqa, koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar ölkə daxilində neft məhsullarına tələbatın azalmasıda SOCAR-ın gəlirlərini azaldıb.
Xarici şirkətlərin vergi öhdəlikləri isə ilin əvvəli ilə müqayisədə 180 milyon manat və ya 24,7% azaldılaraq 550 milyon manata endirilib. Burada da səbəb neftin qiymətini azalması və OPEK-inq qərarıdır.
Büdcənin dəyşidirilməsi nəticəsində Vergi Xidmətinin öhdəliyi azaldılıb. Yeni varianta görə, vergi xidməti 7 190 milyon manat toplamalıdır ki, bu da ilin əvvəlində təsdiq olunan proqnozdan 685 milyon manat və ya 8,7 faiz azdır.
Ayrı-ayrı sahələrdə vergilər belə azaldılacaq:
- Fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalar 1130 milyon manat nəzərdə tutulur ki, bu da cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 45 milyon manat və ya 3,8 faiz az, 2019-cu ilin icra göstəricisi ilə müqayisədə isə 177,9 milyon manat və ya 18,7 faiz çoxdur.
Azalmanın səbəbi koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar cari il üçün əmək haqqı fondunun gözlənilən məbləğdən az olması ilə əlaqədardır.
- Hüquqi şəxslərin mənfəət vergisi üzrə daxilolmalar 2 267,7 milyon manat nəzərdə tutulur ki, bu da cari ilin təsdiq edilmiş proqnozla müqayisədə 388,8 milyon manat və ya 14,6 faiz, 2019-cu ilin icra göstəricisi ilə müqayisədə isə 278,3 milyon manat və ya 10,9 faiz azdır.
Qeyri-neft sektorundan mənfəət vergisi yığımı təsdiq olunmuş proqnozla müqayisədə 122,5 milyon manat və ya 7,4 faiz az olacaq. Səbəbi odur ki, COVİD-19 pandemiyasından zərər çəkən sahibkarların gəlirləri azalıb, eləcə də, sahibkarlara bəzi vergi güzəştləri verilib.
- Əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 1 923,4 milyon manat nəzərdə tutulur ki, bu da cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 106,6 milyon manat və ya 5,3 faiz, 2019-cu ilin icra göstəricisi ilə müqayisədə 257,6 milyon manat və ya 11,8 faiz azdır.
ƏDV-nin azalan 106,6 milyon manatının 64,1 milyon manatı neft sektorunun, 42,5 milyon manat isə qeyri-neft sektorunun payına düşür.
Qeyri-neft sektoru üzrə ƏDV-in azalmasının əsas səbəbi koronavirus (COVİD-19) pandemiyasına görə, sahibkarların dövriyyyəsinin və gəlirlərinin azalması, istehlakın aşağı düşməsidir.
- Sadələşdirilmiş vergi üzrə daxilolmalar 341 milyon manat nəzərdə tutulur ki, bu da cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 39 milyon manat və ya 10,3 faiz, 2019-cu ilin icra göstəricisi ilə müqayisədə 17,6 milyon manat və ya 4,9 faiz azdır. Azalmanın səbəbi sadələşdirilmiş verginin ödəyiciləri olan ictimai iaşə və sərnişin daşımaları fəaliyyəti həyata keçirən vergi ödəyicilərinə, mikrosahibkarlıq subyektlərinə cari ilin sonuna kimi sadələşdirimiş vergi üzrə 50 faiz güzəştin verilməsi və istehlakın azalmasıdır.
- Aksiz vergisi üzrə daxilolmalar 736,4 milyon manat nəzərdə tutulur ki, bu da 2020-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 12,6 milyon manat və ya 1,7 faiz az, 2019-cu ilin icra göstəricisi ilə müqayisədə isə 131,3 milyon manat və ya 21,7 faiz çoxdur. Aksiz vergisi üzrə azalma neft sektoru ilə bağlıdır. Belə ki, neft sektoru üzrə aksiz vergisi cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 12,6 milyon manat və ya 3 faiz az nəzərdə tutulur. Səbəbi ölkə daxili neft məhullarına tələbatın azalmasıdır.
- Hüquqi şəxslərin əmlak vergisi üzrə daxilolmalar 186 milyon manat nəzərdə tutulur ki, bu da 2020-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 25 milyon manat və ya 11,8 faiz, 2019-cu ilin icra göstəricisi ilə müqayisədə 26,6 milyon manat və ya 12,5 faiz azdır.
Azalmanın səbəbi koronavirus pandemiyasına görə, vergi ödəyicilərinin ilin sonuna kimi əmlak vergisindən tam azad edilməsidir.
- Mədən vergisi üzrə daxilolmalar 129,5 milyon manat nəzərdə tutulur ki, bu da 2020-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 5 milyon manat və ya 3,7 faiz, 2019-cu ilin icra göstəricisi ilə müqayisədə 4,3 milyon manat və ya 3,2 faiz azdır. Mədən vergisi üzrə azalma neft sektoru, daha dəqiqi OPEK-in qərarı ilə bağlıdır.
- Hüquqi şəxslərin torpaq vergisi üzrə daxilomalar 40 milyon manat nəzərdə tutulur ki, bu da 2020-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 5 milyon manat və ya 11,1 faiz, 2019-cu ilin icra göstəricisi ilə müqayisədə 10 milyon manat və ya 20 faiz azdır.
Azalmanın səbəbi koronavirus pandemiyasının bilavasitə təsir etdiyi sahələrdə vergi ödəyicilərinin ilin sonuna kimi torpaq vergisindən tamamilə azad edilməsidir.
- Dövlət rüsumu üzrə daxilolmalar 180 milyon manat nəzərdə tutulur ki, bu da 2020-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 10 milyon manat və ya 5,3 faiz, 2019-cu ilin icra göstəricisi ilə müqayisədə 11,3 milyon manat və ya 5,9 faiz azdır. Azalmanın əsas səbəbi pandemiyaya görə, dövlət rüsumu tutulmalı olan xidmətlərin və hüquqi hərəkətlərin sayının azalmasıdır;
- Azərbaycanda istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiymət arasındakı fərqdən yığımlar 168 milyon manat nəzərdə tutulur ki, bu da 2020-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 52 milyon manat və ya 23,6 faiz, 2019-cu ilin icra göstəricisi ilə müqayisədə 65,5 milyon manat və ya 28,1 faiz azdır. Azalmanın səbəbi xam neftin ixrac qiymətinin 55 dollardan 35 dollara endirilməsidir.
- Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar 5 milyon manat nəzərdə tutulur ki, bu da 2020-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 3 milyon manat və ya 37,5 faiz, 2019-cu ilin icra göstəricisi ilə müqayisədə 3,4 milyon manat və ya 40,5 faiz azdır.
Azalmanın səbəbi odur ki, belə torpaqları icarəyə götürmüş və pandemiya nəticəsində zərər çəkmiş sahibkarlar, o cümlədən kiçik və orta sahibkarlar tərəfindən icarə haqları 2020-ci ilin sonunadək hesablanmayacaq.
Dövlət Gömrük Komitəsinin planı da dəyişdi
Dövlət Gömrük Komitəsinin proqnozları, Vergi Xidməti qədər olmasa da, yenə də azaldılıb. Bu il gömrükçülər ümumilikdə 3 830 milyon manat toplamalıdırlar ki, bu da 2020-ci ilin təsdiq edilmiş proqnozundan 170 milyon manat və ya 4,3 faiz, 2019-cu ilin icra göstəricisi ilə müqayisədə isə 578,6 milyon manat və ya 13,1 faiz azdır.
Gömrük yığımları ayrı-ayrı sahələrdə belə dəyişəcək:
- İdxal olunan mallarla üzrə əlavə dəyər vergisi üzrə daxilolmalar 2 675 milyon manat nəzərdə tutulur ki, bu da 2020-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 30 milyon manat və ya 1,1 faiz, 2019-cu ilin icra göstəricisi ilə müqayisədə isə 329,1 milyon manat və ya 11 faiz azdır.
Azalmanın səbəbi pandemiyaya görə qeyri-neft sektoru üzrə idxalın azalacağıdır.
- İdxal olunan mallarla bağlı aksiz vergisi üzrə daxilolmalar 200 milyon manat nəzərdə tutulur ki, bu da 2020-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 100 milyon manat və ya 33,3 faiz az, 2019-cu ilin icrası ilə müqayisədə 49,6 milyon manat və ya 19,9 faiz azdır.
Azalmanın səbəbi aksizli malların ölkə daxilində istehsal həcmlərinin artmasıdır.
- Gömrük rüsumları üzrə daxilolmalar 910 milyon manat nəzərdə tutulur ki, bu da 2020-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 40 milyon manat və ya 4,2 faiz, 2019- cu ilin icra göstəricisi ilə müqayisədə isə 199,5 milyon manat və ya 18 faiz azdır.
Azalmanın səbəbi bu il pandemiyaya görə, idxalın azalmasıdır.
Dövlət büdcəsinə digər mənbələrdən gəlirlər belə olacaq
- Büdcə təşkilatlarının ödənişli xidmətlərindən dövlət büdcəsinə daxilolmalar 804 milyon manat nəzərdə tutulur ki, bu da cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 35,5 milyon manat və ya 4,2 faiz az, 2019-cu ilin icra göstəricisi ilə müqayisədə isə 225,1 milyon manat və ya 38,9 faiz çoxdur. Azalmanın əsas səbəbi görülən işlər və həyata keçirilən hüquqi hərəkətlərin sayının azalmasıdır.
Digər mənbələrdən dəytişmələr
- Büdcədən verilmiş kreditlər üzrə daxilolmalar 4,9 milyon manat nəzərdə tutulur ki, bu da cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 14,9 milyon manat və ya 4 dəfə azdır.
Azalmanın səbəbi dəmir yolunda sərnişin daşıyan və pandemiya ilə əlaqədar fəaliyyəti qismən məhdudlaşdırılan «Azərbaycan Dəmir Yolları» QSC-a büdcədən alınmış büdcə ssudasına görə möhlət hüququnun verilməsi ilə bağlıdır.
- Dövlət büdcəsinin vahid xəzinə hesabının sərbəst qalığının idarə etməyə verilməsindən daxilolmalar 35 milyon manat, cərimələrdən daxilolmalar 16,9 milyon manat, hüquq-mühafizə orqanları tərəfindən aparılan istintaq tədbirləri nəticəsində dövlət mülkiyyətinə keçməklə müsadirə edilmiş əmlakın satışından daxilolmalar isə 30 milyon manat nəzərdə tutulur.