Bu il dövlət büdcəsi gəlirlərinin 15270,0 milyon manatı və ya 42,0 faizi vergilər və rüsumlar üzrə daxilolmaların payına düşür.
FED.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Bundan başqa gəlirlərin 6435,0 milyon manatı və ya 17,7 faizi gömrük rüsumları və idxala görə vergi daxilolmalarının, 12781,0 milyon manatı və ya 35,1 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfertin, 831,0 milyon manatı və ya 2,3 faizi büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə daxilolmaların, 821,0 milyon manatı və ya 2,3 faizi sair gəlirlərin, 250,0 milyon manatı və ya 0,7 faizi isə Azərbaycan Respublikası Mərkəzi Bankının reallaşdırılmış mənfəətinin sərbəst qalığından ayırmanın payına düşür.
Vergi və rüsumlar üzrə daxilolmaların məbləği 15270,0 milyon manat nəzərdə tutulur ki, bu da cari ilin ilkin təsdiq olunmuş göstəricisinə nisbətən 1405,0 milyon manat və ya 10,1 faiz çoxdur. Qeyd olunan vəsaitin 4580,0 milyon manatı və ya 30,0 faizi neft-qaz sektorunun, 10690,0 milyon manatı və ya 70,0 faizi isə qeyri-neft/qaz sektorunun payına düşəcəkdir.
Neft-qaz sektoru üzrə vergi daxilolmalarının 43,7 faizini və ya 2000,0 milyon manatını Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üzrə vergilər, 14,2 faizini və ya 650,0 milyon manatını Azəri-Çıraq-Günəşli layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi, 42,1 faizini və ya 1930,0 milyon manatını isə Şahdəniz layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi təşkil edir.
Yenidən baxılmış 2024-cü il dövlət büdcəsinin gəlirlərinin hesablanması zamanı “Azəri Light” markalı xam neftin bir barelinin orta ixrac qiymətinin 15 ABŞ dolları artırılaraq 75,0 ABŞ dolları müəyyən edilməsi ilə yanaşı, 2023-cü ilin 4-cü rübü və cari ilin yanvar-mart ayları üzrə neftin orta ixrac qiymətinin 87,2 ABŞ dolları təşkil etməsi ilə əlaqədar 2024-cü il üçün təsdiq olunmuş göstəricilərlə müqayisədə daxilolmaların proqnozu Azəri-Çıraq-Günəşli layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi üzrə 280,0 milyon manat və ya 75,7 faiz, Şahdəniz layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi üzrə isə 325,0 milyon manat və ya 20,2 faiz artırılıb.
Yenidən baxılmış 2024-cü il dövlət büdcəsində vergi orqanlarının xətti ilə qeyri-neft/qaz sektoru üzrə daxilolmalar 10690,0 milyon manata çatdırılır ki, bu da cari il üçün təsdiq olunmuş göstəricilərlə müqayisədə 800,0 milyon manat və ya 8,1 faiz, 2023-cü ilin icra göstəricisi ilə müqayisədə isə 982,1 milyon manat və ya 10,1 faiz çoxdur.