Ekspert, İqtisadi Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Qalib Toğrul əmək haqqıdan tutulan sosial ayırmaların işçi və işəgötürən arasında bölüşdürülməsi və muzdlu işlə bağlı ödəmə mənbəyində tutulan vergilə bağlı gözlənilən islahatlara münasibət bildirib.
Ekspert bu dəfə məsələ ilə bağlı mətbuata verdiyi açıqlamalarda toxunmadığı 2 vacib məqamdan danışıb: “Birinci vacib məqam, qeyri-neft sektoruna vəd olunan güzəştlərin müddəti məsələsidir. Mütləq güzəştlərin neçə il qüvvədə olması məsələsinə aydınlıq gətirilməlidir. Əks halda bu, vergi ödəyiciləri, işəgötürənlər üçün bir torasalma əməliyyatı təsiri bağışlayacaq. Bizim kimi vergi mədəniyyətinin və vergi inzibatçılığının aşağı olduğu ölkələrdə belə fəndlərdən geniş istifadə olunur.
Vergi dərəcəsi müvəqqəti aşağı salınır, burada məqsəd vergidən yayınan potensial vergi ödəyicilərini aşkara çıxarmaq, vergitutma bazasının hüdudlarını müəyyən etmək və sonradan vergi və sosial ayırmaların dərəcələrini əvvəlki vəziyyətinə qaytarmaq və yaxud daha da yüksəyə qaldırmaqdır. Ona görə də ölkədə vergi siyasətini müəyyənləşdirənlər son vaxtlar verdikləri vədlərdə nə qədər səmimi olduqlarını sübut etmək üçün mütləq həm muzdlu işlə bağlı ödəmə mənbəyində tutulan vergi, həm də sosial ayırmalarla bağlı güzəştlərin qüvvədə olma müddətini açıqlamalıdırlar.
İddia oluna bilər ki, bu dəyişikliklər güzəşt deyil, Vergi Məcəlləsinə və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa nəzərdə tutulan növbəti dəyişikliklərdir. O zaman ilin əvvəlində Vergi Məcəlləsinə ildə bir neçə dəfə dəyişiklik olunması praktikasına son qoyacağı ilə bağlı bəyanat verən Vergilər Nazirliyinin yeni rəhbərliyi öz islahatçı kursuna sadiqlik nümayiş etdirməli və ən azı növbəti 5-7 ildə 8000 manata qədər əmək haqqıdan muzdlu işlə bağlı ödəmə mənbəyindən vergi tutulmamasına təminat verməlidir”.
Ekspert hesab edir ki, 25 faizlik sosial ayırmaların işçi və işəgötürən arasında bölünməsi nisbətində müəyyən azalmalara gedilməlidir: “Baxmayaraq ki, rəsmi olaraq 10%-lik sosial ayırma öhdəliyi işəgötürənin, 15% isə işçinin üzərindədir, faktiki, son nəticədə 25%-i işəgötürən ödəyir. Çünki işə qəbul olunan işçini hansı vergiləri ödəməsi deyil, ayın sonunda alacağı - vergilər tutulmuş net məbləğ maraqlandırır. Və əksər hallarda işçi işəgötürənlə məhz belə şərtləşir. Təbii ki, söylədiklərim yeni işə qəbul olunanlar nöqteyi-nəzərindən keçərlidir, cari işçilər isə yeni şərtlərlə 1 yanvar 2019-cu ildən başlayaraq əvvəlki illə müqayisədə daha yüksək əmək haqqı alacaqlar, çünki 14%-lik vergi yükündən (8000 manata qədər) azad olunurlar.
Nə qədər ki, gec deyil, sosial ayırma yükünün aşağı salınması imkanları bir daha gözdən keçirilməlidir, əks halda gizli məşğulluğun leqallaşdırılması ilə bağlı gözləntilər tam doğrulmaya bilər. Nəzərə alaq ki, işəgötürənlərin çox çəkindiyi Vergilər Nazirliyi 8000 manata qədər əmək haqqıdan gəlir vergisi tutulmadığına görə artıq əmək müqavilələrinin bağlanması məsələsini yoxlamaqda maraqlı olmayacaq. O zaman məsələnin ciddiliyi bütün çılpaqlığı ilə aydın olur”.