Xəbər verdiyimiz kimi, Azərbaycanın hüquq tarixində ilk dəfə olaraq fiziki şəxs özünü müflis elan etmək üçün məhkəməyə müraciət edib. Aşağı instansiyalarda onun müraciətinə baxılmayıb və məsələyə hüquqi qiymət verilməsi üçün Ali Məhkəmənin qərarını gözləyirlər.
FED.az Azərbaycanda müflisləşmənin hüquqi tələblərini və şərtlərini araşdırıb. Öncə qeyd edək ki, bu məsələlər “Müflisləşmə və iflas haqqında” qanunla tənzimlənir. Həmin qanunun 1-ci maddəsində yer alan əsas anlayışların siyahısında fərdi borclu ifadəsi “öz fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən və borcu olan sahibkar — fiziki şəxs” kimi şərh edilir. Qanunun 2-ci maddəsinin 2-ci hissəsində isə “Bu Qanunda istifadə edilən “borclu” anlayışı borclu fiziki və hüquqi şəxslərə aiddir” ifadəsi yer alıb. Bunu əsas götürən borclu vətəndaşlar da öz hüquqlarını təmin etmək üçün məhkəməyə müraciət ediblər.
Hüquqşünas Nicat Gözəlovun sözlərinə görə, “Müflisləşmə və iflas haqqında” və “Banklar haqqında” qanunlarda hər hansı şəxsin məhkəməyə müraciət edərək özünü müflis elan etməsi nəzərdə tutulub:
“Ancaq təcrübədə müəyyən problemlər var. Ardıcıl baş verən devalvasiyalar fiziki şəxslərin də işinə ciddi əngəllər yaratdı. Ona görə də onların işlərində geriləmə oldu. Ümid edək ki, Ali Məhkəmə onlarla bağlı ədalətli qərar verəcək”.
“İflas iqtisadi fəaliyyətə bağlı olmalıdır”
“Alibi” Hüquq Şirkətinin təmsilçisi Anar Umudlu da qanunda fiziki şəxslərin müflis elan edilməsi ilə bağlı müddəanın olduğunu, lakin onun dəqiq şərh edilmədiyini bildirib: “Qanunda bununla bağlı birmənalı fikir yoxdur. 2-ci maddədə göstərilir ki, “borclu” anlayışı borclu fiziki və hüquqi şəxslərə aiddir. Ancaq bunun bütün fiziki şəxslərə, yoxsa ancaq sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara şamil edilməsi məsələsi sonadək şərh edilməyib. Ona görə də bu sahədə qanunvericiliyin təkmilləşməsinə, adıçəkilən maddələrin dəqiq şərhinə ehtiyac var”.
Qeyd edək ki, “Müflisləşmə və iflas haqqında” qanuna əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin müflis elan edilməsi prosedurları izah edilib. Qanuna görə, fiziki və hüquqi şəxslərə borcu olarasa, lakin onu ödəmə qabiliyyəti olmazsa, gəlirləri və əmlakının dəyəri həmin borclardan dəfələrlə az olarsa, həmin şəxs məhkəmə qərarı ilə müflis elan edilə bilər. Bir şərtlə ki, bütün bu halları məhkəmədə qarşı tərəflərə sübut edə bilsin. Hüquqşünas A.Umudlu da hesab edir ki, miflisləşmə hər hansı iqtisadi fəaliyyətlə bağlı olmalıdır:
“Burada söhbət hansısa iş görmək üçün alınan borcların qaytarılmasından gedir. Yəni, iş adamı öz biznesini müəyyən mərhələyə qədər gətirib, lakin irəliləmək üçün imkanları məhduddur. Bu halda o, kimdənsə borc alır. Müəyyən müddət ərzində onun biznes planı hansısa səbəbdən baş tutmur və sahibkar gəlirindən məhrum olur. Üstəlik borcları da qaytarmağa məcbur olur. Ancaq qaytara bilmirsə və həqiqətən də buna tutarlı səbəbləri varsa, həmin şəxs müflis elan edilə bilər. Ancaq düşünürəm ki, bunu bütün fiziki şəxslərə aid etmək doğru deyil. Tutaq ki, kimsə evinə əşya alır və istehlak krediti götürür. Bir neçə aydan sonra adam işdən çıxır və krediti ödəyə bilmir. Burada hər hansı fəaliyyət olmadığı üçün onun bu borcdan azad edilməsi doğru deyil”.
Müəssissələrin iflası önə çəkilib
Hüquqşünas Nailə Hüseynova da hesab edir ki, qanunvericilikdə fiziki şəxlərin özünü müfliş elan etməsi ilə bağlı konkret normaya yer verilməyib. Hüquqi şəxslərin müraciət qaydaları isə belədir:
Borclu müəssisənin ərizəsi müəssisənin təsis sənədlərinə müvafiq surətdə müəssisənin rəhbəri və ya digər səlahiyyətli şəxsi tərəfindən yazılı şəkildə verilir. Ərizədə müəssisənin mütəmadi ödəniş qabiliyyətinin olmaması, yerinə yetirilməsi mümkün olmayan ödənişlərin miqdarı və ya ödəniş qabiliyyətinin itirilməsi təhlükəsi və bunun səbəbləri göstərilir. Ərizə mütəmadi ödəniş qabiliyyətinin olmadığı gündən üç ay müddətində verilir. Borclunun ərizəsinə onun kreditorlarının və borclularının siyahısı, müəssisənin mühasibat balansı əlavə edilməlidir.
“Kreditorların ümumi tələblərinin məbləği borclu müəssisənin nizamnamə fondunun 10 faizindən az bir hissəni təşkil etdiyi hallarda məhkəmə iflas haqqında işi rədd edə bilər. Bu halda borclu ilə kreditorların əmlak iddiaları əmlak mübahisələrinə baxılmasının ümumi qaydasına uyğun həll edilir. Qanunun 6-cı maddəsinə əsasən borclu müəssisə və ya onun əmlakının mülkiyyətçisinin nümayəndəsi iflas haqqında işin dayandırılması və sağlamlaşdırmaya keçirilməsi barədə vəsatət qaldıra bilərlər. Məhkəmə iki həftə müddətində vəsatətə baxır və onun təmin edilməsi, yaxud təmin edilməməsi haqqında qərar qəbul edir”.
İlkin variant müəssisəni “sağaltmaq”dır
N.Hüseynova qeyd edib ki, sağlamlaşdırmanın mümkün və ya məqsədəuyğun olduğunu müəyyənləşdirmək üçün məhkəmə müstəqil ekspertlər cəlb edə bilər. Ekspertlərin fəaliyyəti ilə bağlı xərclər borclunun üzərinə qoyulur. Borclu barəsində və məhkəmə xərclərinin ödənilməsi barədə kreditorların əmlak iddialarının ödənilməsi üçün üçüncü şəxsin zəmanəti olmadıqda məhkəmə mətbuat vasitəsilə borclunun sağlamlaşdırılmasında iştirak etmək istəyən hüquqi şəxslər və vətəndaşlar arasında müsabiqə elan edə bilər. Bir ay ərzində müsabiqədə iştirak etmək istəyən hüquqi və fiziki şəxslər olmadıqda və ya sağlamlaşdırma barəsində onların şərtləri ilə borclu razılaşmadıqda həmin borclunun iflası haqqında iş ümumi qaydada davam etdirilir.
“İflas haqqında iş üzrə icraatın qurtarması məqsədilə borclu ona ödənişlər üçün möhlət vermək, ödənişləri hissələrə bölmək və borcları güzəşt etmək imkanı verən barışıq sazişi bağlamaq təklifi ilə kreditorlara müraciət edə bilər. Barışıq sazişi haqqında kreditorların və borclunun razılığı məhkəmə tərəfindən təsdiq olunur”.
Qeyd edək ki, bankın iflası elan edildikdə bu barədə Mərkəzi Banka məlumat verilir. N.Hüseynova bildirib ki, məhkəmə müəssisənin yenidən qurulması layihəsini və ya barışıq sazişini təsdiq etmədikdə müəssisənin iflası haqqında işə baxılması gedişində müəssisə barəsində sağlamlaşdırma tətbiq edilə bilər.
“Məhkəmə müəssisə barəsində sağlamlaşdırma tədbirlərinə baxaraq, bu müəssisənin sağlamlaşdırılması prosesində hüquqi və fiziki şəxslərin iştirakı üçün açıq müsabiqə elan edə bilər. Müəssisənin sağlamlaşdırılması təqdim edilmiş müvafiq layihəyə görə sağlamlaşdırma müsabiqəsinin qalibi olmuş fiziki və hüquqi şəxslər və ya dövlət sağlamlaşdırma orqanları tərəfindən həyata keçirilir. Məhkəməyə sağlamlaşdırma barədə ərizə sağlamlaşdırma müsabiqəsinin elan edildiyi gündən 2 ay müddətində verilə bilər. Müəssisənin sağlamlaşdırılması barədə ərizədə sağlamlaşdırmanın həyata keçirilməsində iştirak etmək istəyən hüquqi və ya fiziki şəxslər, onlar haqqında əsas məlumatlar, müəssisə ilə olan iqtisadi əlaqələrin xarakteri, habelə sağlamlaşdırmanın məqsədi, sağlamlaşdırma tədbirlərinin keçirilmə müddəti, kreditorların tələbinin ödənilməsi vaxtı göstərilməlidir”.
Sağlamlaşdırma nə vaxt dayandırıla bilər?
Qanuna görə, müəssisənin sağlamlaşdırılması müddəti 18 aydan çox ola bilməz. Sağlamlaşdırmanı həyata keçirənin təqdimatı ilə məhkəmə həmin müddəti 6 aydan çox olmamaq şərti ilə artıra bilər. Məhkəmə sağlamlaşdırmanın həyata keçirilməsi haqqında qərar qəbul etdiyi gün sağlamlaşdırmanın başlandığı gün sayılır. Sağlamlaşdırmanın başlandığı gündən 12 ay müddətində kreditorların tələb etdikləri məbləğin azı üçdə bir hissəsi ödənilməlidir. Sağlamlaşdırma vaxtı kreditorların tələbləri müəssisənin ləğv edilməsi üçün nəzərdə tutulmuş qaydada ödənilməlidir.
Sağlamlaşdırma dövründə kreditorlar və ya müəssisənin mülkiyyətçisi sağlamlaşdırmanın səmərəsizliyi və ya sağlamlaşdırmanı həyata keçirən şəxsin qanunsuz hərəkətləri nəticəsində müəssisəyə ziyan vurulması və ziyan vurula biləcəyi ilə əlaqədar olaraq sağlamlaşdırmanın dayandırılması haqqında məhkəməyə müraciət etmək hüququna malikdir.
Məhkəmədə sağlamlaşdırmanın dayandırılması haqqında kreditorların və ya müəssisənin mülkiyyətçisinin tələbləri təsdiq edildikdə, məhkəmə bu müəssisənin sağlamlaşdırılmasını dayandıra bilər. Sağlamlaşdırma şərtləri pozulduqda da sağlamlaşdırma məhkəmənin qərarı ilə dayandırıla bilər.
Sağlamlaşdırma gedişində sağlamlaşdırma layihəsində müəyyənləşdirilmiş məqsədlərə nail olunduğu halda sağlamlaşdırma məhkəmənin qərarı ilə başa çatır, müəssisənin iflası haqqında işə xitam verilir.
Borcları silməyin yeni yolu - KİMLƏR MÜFLİS SAYILA BİLƏR?
12:26
23 Yan 2018