FED.az xəbər verir ki, bugünlərdə bəzi ölkələr virtual pullara “yaşıl işıq” yandırdıqları halda, bəziləri bu sahəni nəzərətə götürməyə çalışır. Elə isə gəlin görək, kriptovalyutaların “dostları” və “düşmənləri” hansı ölkələrdir?
Dünya ölkələrini kpirtovalyutalara münasibətdə üç şərti qrupa ayırmaq olar:
- Kriptovalyuta bazarının sərbəst olduğu ölkələr;
- Kriptovalyuta bazarının tənzimləndiyi ölkələr;
- Kriptovalyutaların qadağan olunduğu ölkələr.
Sərbəst bazar
Birinci qrupa Rusiya, Ukrayna, Hindistan, Braziliya, Argentina kimi bir çox ölkələri aid etmək olar. Bu ölkələrdə tənzimləyici orqanlar kriptovalyutaların dövriyyəsinə müdaxilə etmirlər. Lakin bu hal müvəqqəti xarakter daşıyır. Hələ ki, adıçəkilən dövlətlərin maliyyə nazirlikləri kriptovalyutalar bazarını öyrənməklə və uyğun tənzimləmə üsullarını müzakirə etməklə məşğuldur. Amma yaxın günlərdə vəziyyət dəyişə bilər.
Məsələn, oktyabrın 10-da qonşu Rusiyada prezident V.Putin kriptovalyutalara dair müşavirə keçirərək müvafiq tapşırıqlar verib. Ölkənin Maliyyə Nazirliyi isə parlamentə tövsiyyə xarakterli qanun layihəsi göndərib. Lahiyəyə əsasən kriptovalyuta “proqram kodu” hesab olunur və mülkiyyət kimi dəyərləndirilir. Kriptovalyutalar bazarını tənzimləmək isə Rusiya Mərkəzi Bankına həvalə olunur.
Ukrayna parlamenti də yaxın günlərdə kriptovalyutaları müzakirə edəcək. Belə ki, bir qrup deputat tərəfindən Ali Radaya müvafiq qanun layihəsi təqdim olunub. Layihəyə əsasən, Ukrayna ərazisində kriptovalyutalarla aparılan bütün əməliyyatların tərəfləri öz şəxsi məlumatlarını açıq saxlamalı, dövlət orqanları bu əməliyyatlardan gəlir əldə edənləri vergiyə cəlb etməlidir.
Ciddi nəzarət altında
İkinci qrupun iştirakçısı olan ölkələrdə müxtəlif tənzimləmə üsullarından istifadə edilir.Çin, ABŞ (bəzi ştatlar), Yaponiya, Filippin, Kanada, İsveçrə kimi ölkələrdə kriptovalyutalar bazarı hüquqi-normativ sənədlərlə, Böyük Britaniya, Avstarliya, Sinqapur, Almaniya, Fransada isə vergilər sahəsi istisna olmaqla, əsasən tövsiyyə xarakterli sənədlərlə tənzimlənir.
Hazırda Çində yalnız fiziki şəxslər kriptovalyuta ilə əməliyyatlar apara bilərlər, hüquqi şəxslər üçün bu fəaliyyət qadağandır.
İsveçrənin Kyasso şəhərinin meriyası isə 2018-ci ildən etbarən öz sakinlərinə, 250 frankdan aşağı olmamaq şərtilə, vergiləri bitkoinlə ödəməyə icazə verib.
ABŞ-da kriptovalyuta mülkiyyət hesab olunur, onunla əməliyyatlardan əldə edilən gəlir vergiyə cəlb edilir.
Yaponiyada bitkoin rəsmi ödəniş vasitəsi kimi qəbul olunub. İyulun 1-dən etibarən kriptovalyutanın satışı istehlak vergisindən azad edilib, lakin bitkoin alqı-satqısından əldə olunan gəlirdən vergi tutulur.
Britaniyada bitkoin xarici valyuta hesab olunur, amma spekulyativ əməliyyatlardan vergi tutulmur.
Avstraliya hökuməti kriptovalyutaları qiymətli kağızlar kimi bir aktiv hesab edir, onunla həyata keçirilən əməliyyatlar isə barter sövdələşmələri kimi qəbul olunur.
Sinqapurda həm fiziki, həm də hüquqi şəxslər kriptovalyutaların alqı-satqısı ilə məşğul ola, ICO-lar təşkil edərək investisiya cəlb edə bilər.
Almaniyada kriptovalyuta şəxsi pul və investisiya aləti hesab olunur. Onun ticarətindən əldə olunan qazancdan 25%-lik gəlir vergisi tutulur. Lakin bu qayda yalnız 1 il ərzində əldə edilən gəlirlərə şamil olunur, müəyyən qədər bitkoin alıb, 1 il keçdikdən sonra satdıqda vergi tutulmur.
Qəti qadağandır!
Üçüncü qrup ölkələri kriptovalyutaları qadağan edənlərdir. Bu qrupa Venezuela, Boliviya, Ekvador, İslandiya, Banqladeş, Misir kimi ölkələr aiddir. Qadağanın başlıca məqsədi isə kapital axınının qarşısını almaqdır.
İlk baxışdan virtual pulları qadağan edən edən ölkələr sırasında Latın Amerikası ölkələrinin üstünlük təşkil etdiyi nəzərə çarpır. Buna səbəb isə materik ölkələrində yüksək inflaysiya və yerli valyutaların zəif olmasıdır.
Qeyd olunan problemlərlə üzləşən Venezuelada cari ilin aprel ayının əvvəllərində gündəlik bitkoin ticarətinin həcmi rekord həddə çatıb. Bunu görən hökumət xaricə kapital axınının qarşısını almaq məqsədilə maynerlərə qarşı ciddi mübarizəyə başlayıb. Hazırda bu ölkədə bitkoinin “hasilatı” ilə məşğul olanlar internet-dələduzluqda ittiham olunur və hüquq-mühafizə orqanları tərəfindən məsuliyyyətə cəlb edilir.
Boliviya və Ekvadorda isə ümumiyyətlə xarici valyutanın alqı-satqısı qadağan olunduqdan, kriptovalyutaların ticarəti də mümkünsüzdür.
Bəs Azərbaycanda?
Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da kriptovalyuta bazarı hələ tam formalaşmayıb. Virtual valyutaların dövriyyəsi həddindən artıq kiçik olduğundan, bu sahə hələ ki, rəsmi qurumların diqqətini cəlb etməyib. Lakin buna baxmayaraq, ölkəmizdə btc.az ünvanında artıq ilk bitkoin birjası fəaliyyət göstərir.