Sosial şəbəkələrdə ötən gündən bəri “Qarabağın Dirçəlişi: Faciədən Zəfərə” adlı kitaba xərclənən məbləğlə bağlı məlumat yayılıb. Kitaba 1.178.672 AZN məbləğində vəsaitin xərcləndiyini əks etdirən skrinlər paylaşılır.
"Qarabağın Dirçəlişi: Faciədən Zəfərə" kitabının yazılması – BU ŞİRKƏTƏ HƏVALƏ EDİLDİ
FED.az xəbər verir ki, məlumat sosial şəbələrdə tənqidlərə səbəb olub. Bir milyona başa gələcək kitab əksər izləyicilərdə sual doğurub.
Qarabağ Dirçəliş Fondu yayılan məlumatlara aydınlıq gətirib. Qeyd olunur ki, “Qarabağın Dirçəlişi: Faciədən Zəfərə” adlı layihə təkcə kitab yazılması deyil, həm də xüsusi internet platformasının yaradılması, kitabın müxtəlif çap və rəqəmsal formatlarda nəşri, Azərbaycanda və xaricdə təqdimatı və yayılması və s. istiqamətlər üzrə işləri əhatə edir:
“Xüsusilə, layihəyə aşağıdakı komponentlər daxildir:
• Arxivlərdə müvafiq araşdırmaların aparılması və Azərbaycanda və xaricdə 50-dən çox müsahibənin aparılması;
• Kitabın ingilis dilində yazılması;
• Kitabın Azərbaycan, türk və rus dillərinə tərcüməsi;
• Kitabın 6000 ədəddən çox sayda xüsusi hədiyyəli sərt üzlü (VIP), standart sərt və yumşaq üz qabığı formatlarında nəşri;
• Kitabın elektron versiyasının PDF, EPUB, MOBI, KINDLE formatlarında nəşri;
• Arxiv sənədlərinin, müsahibələrin videoyazılarının, interaktiv xəritələrin və digər rəqəmsal məzmunun mövcud olacağı, linklər, QR kodlar, heşteqlər, daxil edilmiş məzmunlar vasitəsilə kitabın elektron və çap nəşrləri ilə əlaqələndiriləcək internet platformasının yaradılması;
• Bakıda və xaricdə kitab təqdimatlarının keçirilməsi;
• Sosial şəbəkələrdə və axtarış xidmətlərində genişmiqyaslı kampaniyanın aparılması”.
Məlumatda həmçinin bildirilir ki, kitabın nəşri Azərbaycanın erməni işğalçı qüvvələri üzərində tarixi Zəfərinin əsas nailiyyətlərini sənədləşdirmək; Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurun bərpası üzrə səylərini və regionda sonrakı müsbət dəyişiklikləri əks etdirmək; oxucuları münaqişədən sonrakı quruculuqla bağlı çağırışlar və çətinliklər haqqında məlumatlandırmaq; Azərbaycan xalqının mədəniyyətini nümayiş etdirmək (xüsusən də Qarabağ bölgəsi kontekstində); münaqişədən sonrakı digər zonalarda mümkün tətbiqi üçün yenidənqurma işlərində Azərbaycan təcrübəsini təbliğ etmək və s məqsəd daşıyır.
Qeyd olunur ki, layihənin təşəbbüskarı və müəllifi britaniyalı müəllif Qrem Vilsondur. Bu layihə üzrə müəllif hüquqlarının Media Prima şirkətinə məxsusdur. “Media Prima Advertising” şirkəti başqa ölkənin rezidenti olduğu üçün müqavilənin yuxarıda göstərilən işlərdən əlavə, müqavilənin dəyərinə (1.178.672,00 AZN) əlavə dəyər vergisi (18%) və ödəmə vergisi (10%) daxildir.