FED.az Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun müsahibəsini təqdim edir:
Eləcə də bax: Hesablama Palatasının xərcləri gəlirlərini - ÜSTƏLƏYİB
"Bir sıra qurumlarda günahkar şəxslərin cəzalandırılması və digər görülən tədbirləri məqbul hesab edirik"
- Hesablama Palatasının 2021-ci il üzrə fəaliyyət hesabatını əvvəlki illərdəki hesabatlardan fərqləndirən cəhət nədir?
- Qeyd edim ki, Milli Məclisin plenar iclasındakı çıxışımda 2021-ci ilin hesabatının fərqli məqamlarını "ilk dəfə" ifadəsi ilə verməyə çalışdım. Hesabatda kifayət qədər yeni və yalnız bu hesabata xas olan məqam və məlumatlar var.
Bunların hansılar olduğunu soruşsanız ilk olaraq deyərdim ki, maliyyə və uyğunluq auditləri üzrə auditorların verdikləri rəylər nəticəyə uyğun təsnifləşdirilib. Bu hesabatda, həmçinin, beynəlxalq praktikada yeni sahə olan auditin təsiri və faydası ilə bağlı ölçüyə gələn nəticələr əks olunub. Bildirim ki, keyfiyyətə nəzarət, keçirilmiş təlimlər, beynəlxalq fəaliyyətin iki istiqaməti üzrə görülən işlər fəaliyyətin təşkili bölməsində olan yeniliklərdir. Ən vacibi fəaliyyət Strateji Planın üzərindən təqdim edilir, nəzarət tədbirlərinin tezliyi və təsir dərəcəsi qruplaşdırılır. Ən əsası səmərəlik auditinin sayı artıb və demək olar ki, tam həcmdə təqdim edilib.
Ən əsası bu hesabatı əvvəlki illərin hesabatları ilə müqayisə edəndə bu amilləri nəzərə almaq lazımdır. Hesabat nəticələrin ümumiləşdirilməsidir, ayrı-ayrı nəzarət tədbirlərinin nəticələrinə həsr edilməyib. Növbəti illərdə illik Hesabatlarda ayrı-ayrı nəzarət tədbirinin nəticələrini təqdim etməyəcəyik. İl ərzində bu məlumatları mütəmadi təqdim etməyə çalışacağıq.
"Bəzi qurumlarda rəhbər və maddi məsul şəxslər tamamilə dəyişdirilib, bəziləri isə intizam tədbirlərini həyata keçirsələr də, bu barədə məlumatı Hesablama Palatasına təqdim etməyiblər"
- Ən çox hansı sahələrdə, qurumlarda maliyyə pozuntularına rast gəlinir və palatanın təklifləri nə dərəcədə nəzərə alınır?
- Bu suala Hesablama Palatasının illik fəaliyyəti haqqında hesabatda daha geniş cavab tapmaq olar. Plenar iclasdakı çıxışımda qeyd etdiyim kimi, qurumlar tərəfindən dövlət vəsaitlərinə tələbatın düzgün müəyyənləşdirilməməsi, qanunvericilikdə təsbit edilmiş normalara, eləcə də dövlət qulluğuna qəbulla bağlı bir sıra təşkilatlarda qayda və prosedurlara riayət edilməməsi, dövlət satınalmaları sahəsində qənaətli və səmərəli xərcləmələrə nail olunmaması, publik hüquqi şəxslər tərəfindən vəsaitlərin effektiv idarə edilməməsi halları mövcuddur və istifadə edilən xərclərin sənədləşdirilməsi və əsaslandırılması ilə bağlı fəaliyyət hələ də yetərli deyil. Bildirim ki, ayrı-ayrı nəzarət tədbirləri üzrə Kollegiyanın verdiyi qərarların icrası yüksəkdir – 82,3%. Qərarın hər hansı bir bəndinin tamamilə icra olunmamasına nadir hallarda rast gəlinə bilər. Bəzi məsələlərin icrasına gəldikdə isə qeyd edim ki, bunun üçün bəzən zaman, bəzən isə qurumdan asılı olmayan bəzi səbəblər ola bilər.
Hesabatda təkrar audit apardığımız qurumlarda auditin təsiri məqbul olanların adlarını göstərmişik. Bu siyahıya düşməyənlərin siyahısını da müəyyən etmək olar.
- Bəs nəzarət tədbirlərinin nəticəsi kimi təşkilatların özləri tərəfindən hansısa inzibati tədbirlər görülür?
- Hesablama Palatası, əvvəlki illərdə də qeyd etdiyim kimi, dövlət vəsaitlərinin nöqsanlara yol verən vəzifəli şəxslərə münasibətdə zəruri intizam tədbirlərinin tətbiq edilmədiyi və ya həmin vəzifəli şəxslərə yalnız xəbərdarlıq edildiyini, həmin şəxslərin öz vəzifələrini davam etdirməsi ilə gələcəkdə də bu istiqamətdə xarakterik nöqsanlara yol vermə riskinin əhəmiyyətli olmasını bir daha vurğulayır. Bir sıra qurumlarda günahkar şəxslərin cəzalandırılması və digər görülən tədbirləri məqbul hesab edirik. Hətta keçən illərlə müqayisədə daha sərt tədbirlərin olduğunu görürük. Lakin xüsusilə vurğulamaq istərdim ki, bəzi qurumlar isə ciddi nöqsanlara yol vermiş və on minlərlə vəsaitin bərpasını həyata keçirmiş şəxslərə qarşı adi intizam tədbirlərin belə görülməsini “unudublar”.
Burada bir məqamın da xüsusi diqqətdə saxlanılması vacibdir. Bəzi qurumlarda rəhbər və maddi məsul şəxslər tamamilə dəyişdirilib, bəziləri isə intizam tədbirlərini həyata keçirsələr də, bu barədə məlumatı Hesablama Palatasına təqdim etməyiblər.
- Parlamentdə hər dəfə dövlət satınalmalarında şəffaflığın az olması ilə bağlı problemlər qaldırılır. Dövlət satınalmaları ilə bağlı pozuntular davam edirmi, bu sahədə hər hansı dəyişiklik varmı?
- Hesablama Palatası apardığı nəzarət tədbirlərində dövlət satınalmalarında üç əsas məsələyə diqqət edir. Bunlar dövlətin zəruri ehtiyacının doğru və düzgün müəyyən edilməsi, bu ehtiyacın ödənilməsi üçün optimal qiymət və münasib şərtlərlə qalibin seçilməsi, qalib təşkilatla bağlanmış müqavilənin satınalma prosesində razılaşdırılmış şərt və öhdəliklərinin icra edilməsi məsələsidir. Bizim fikrimizcə, dövlət satınalmasının keçirilməsində məqsəd bundan ibarət olmalıdır və nəzarət də bunun üzərində qurulmalıdır. Hesab edirik ki, bu məsələlərdə yol verilmiş pozuntular satınalmaların etibarsız olması ilə bağlı dəlillərdir.
Həmçinin, dövlət satınalmaları ilə bağlı qeyd etdiyim 3 əsas məsələdə fəaliyyətin gücləndirilməsinə hələ də ehtiyac duyulduğunu vurğulamaq istərdim. Bu sahədə müşahidə edilən mühüm müsbət meylləri, o cümlədən büdcə vəsaitinin dövlət satınalmalarına cəlb olunmasının əhatəsinin və rəqabətli satınalma metodlarına üstünlük verilməsi hallarının artdığını, satınalmalarda ehtimal olunan qiymətlə orta bazar qiymətləri arasındakı fərqin azaldığını, ölkədə e-satınalma modelinin tətbiq edilməsi ilə keçiriləcək satınalmalar barədə məlumatlara əlçatanlığın təmin edildiyini, dövlət satınalmalarında qalib təşkilatların vergi öhdəliklərinə nəzarətin artırıldığını da qeyd etməliyəm.
Biz həmişə demişik ki, dövlət satınalmalarında korrupsiya ehtimalını yaradan iki əsas nöqsan halı var ki, bunlar da qiymətin bilərəkdən baha olması və satınalmalarda maraq ziddiyyətidir. Audit və ya təftiş aparmaqla, sadaladığım bu ciddi pozuntunu sübut etmək çox çətindir və demək olar ki, mümkün deyil. Bu cür halları hüquq-mühafizə orqanları çox uğurla müəyyən edir və nəticələr də göz qabağındadır.
- Bərpa vəsaitinin az olma səbəblərini, deputatların bu vəsaitin azlığı ilə bağlı dediyi fikirlərə münasibətinizi bilmək istərdim.
- Bildirim ki, bərpa məbləğinin az və ya çox olması subyektiv mövqedir. Palatanın büdcəyə az vəsait bərpa etməsi fikrinə gəlincə isə, “Hesablama Palatası haqqında” Qanunda da təsbit edildiyi kimi, Palatanın ən əsas məqsədi dövlət vəsaitinin və digər dövlət əmlakının qanunauyğun, məqsədyönlü və səmərəli istifadəsinə dövlət nəzarətinin təmin edilməsidir. Yəni vəsaitin bərpa edilməsi nə Hesablama Palatası, nə də dünyanın heç bir Ali Audit Qurumunun əsas məqsədi və ya hədəfidir.
Daha əvvəldə qeyd etdiyim kimi, heç bir ölkədə dövlət vəsaitinin bərpası ilə bağlı göstərici üzrə Ali Audit Orqanları üçün hər-hansı hədəf müəyyənləşdirilməyib. Əksinə, Ali Audit Orqanları tərəfindən onların verdikləri fayda tam başqa göstəricilərlə ölçülür. Ümumiyyətlə, müşahidələrimiz və aparılan nəzarət tədbirlərinin nəticələri göstərir ki, əvvəlki dövrlərlə müqayisədə pozuntuları sayında azalmalar var.
- Yoxlamalar zamanı yoxlayıcılara hansı çətinliklər yaradılır?
- Bilavasitə mane yaratma halları ilə əsasən rastlaşmasaq da, məlumatların vaxtında, dolğun və dürüst təqdimatında müəyyən problemlərlə üzləşirik. Ümumiyyətlə, məlumatların əlçatanlığında olan bu cür maneələr audit tədbirlərinin planlaşdırılması üçün də ciddi problemlərin yaranmasına səbəb olur.
- Hüquq-mühafizə orqanlarına orta hesabla neçə tədbirin nəticəsi gedib?
- Bildirim ki, ali audit orqanları dünya təcrübəsində korrupsiyaya qarşı mübarizə sahəsində xüsusi rola malik orqanlardır və Hesablama Palatası da bu istiqamətdə fəaliyyətini hesabat ilində də davam etdirib, 2021-ci ilin İş planı ilə aparılmış auditlərdən 2-si üzrə materiallar prokurorluq orqanlarına təqdim edilib. Eyni zamanda, cari ildə aparılan auditlərin nəticələrinin də 2-si artıq hüquq-mühafizə orqanlarına artıq verilib. Hüquq-mühafizə orqanları bizimlə işləyir.
- Bu il neçə dövlət qurumunda və hansı kənar dövlət maliyyə nəzarəti tədbiri nəzərdə tutulub?
- Ümumiyyətlə, 2022-ci ilin ötən 4 ayında 23 kənar dövlət maliyyə nəzarəti tədbiri başlanıb və il ərzində bu tədbirlərin sayı təbii ki, artacaq. Bunların içərisində maliyyə, uyğunluq, səmərəlik auditləri yer almaqla yanaşı, analitik təhlil və monitorinqlər də var. İl ərzində 50-yə yaxın nəzarət tədbirinin keçirilməsi nəzərdə tutulur.
- Milli Məclisdə deputatlar seçicilərinin ən çox problemlərinin təhsil, səhiyyə və işsizliklə ilə bağlı olmasını bildirir. Hesablama Palatası tərəfindən müvafiq qurumlarda yoxlamalar həyata keçirilirmi və ya keçirilməsi nəzərdə tutulurmu?
- Səhiyyə Nazirliyində xroniki böyrək çatışmazlığı ilə bağlı dövlət proqramının icrasının nəticəliyi ilə bağlı səmərəlilik auditi ilə yanaşı, İnnovasiya və Təchizat Mərkəzində büdcə vəsaiti hesabına alınmış dərman və avadanlıqların istifadə vəziyyətinə dair uyğunluq auditinin aparılmasına da başlamışıq. Əvvəlki illərdə də biz bu sahədə nəzarət tədbiri aparmışıq. Auditin nəticəsi ilə bağlı müəyyən təkliflərimiz var. Onların reallaşması üçün yeni rəhbərliklə müzakirə edəcəyik.
- Digər tərəfdən son dövrlərdə peşə təhsilinin inkişaf etdirilməsi üçün Milli Məclisdə bir sıra qanunlar qəbul olunur. Azərbaycanda peşə təhsilinin daha səmərəli olması üçün Hesablama Palatası Peşə təhsili üzrə Dövlət Agentliyində də kənar dövlət maliyyə nəzarət tədbiri həyata keçirəcək?
- Peşə təhsilinə ayrılan vəsaitlərin istifadəsinə dair uyğunluq auditi aparılması cari ildə nəzərdə tutulur. Bu sahənin ayrıca konseptual inkişaf proqramı var. Audit predmeti baxımından biz vəsaitlərin istifadəsi, dövlət proqramına uyğunluğu kimi məsələlərin araşdırılmasına çalışacağıq.
- Hesablama Palatasının davam edən bir auditi də dövlət büdcəsindən film çəkilişlərinə ayrılan vəsaitlərlə bağlıdır. Kinonun maliyyələşdirilməsi ilə bağlı yoxlama tədbirləri zamanı daha çox hansı pozuntular üzə çıxıb?
- Hesablama Palatası tərəfindən kinoya ayrılan vəsaitin istifadəsi ilə bağlı əvvəlki dövrdə də audit aparılıb. Bu sahəyə ayrılan istifadəsi ilə bağlı kifayət qədər problemli məsələlərin olduğu göstərilib. Palata tərəfindən o dövrdə Nazirlər Kabinetinə və Milli Məclisə də müvafiq təkliflər göndərilib. Təkliflərin əsas qayəsi kino sahəsində dövlət sifarişi ilə bağlı mexanizmin təkmilləşməsidir. Bu təklif indi də öz aktuallığını qoruyur. Nəticəsi yekunlaşmayan indiki nəzarət tədbiri də göstərir ki, bu sahəyə dair konseptual inkişaf sənədinə, kino sahəsində olan qanunvericilikdə bəzi əlavə və dəyişikliklərin olması vacibdir. Prezident İlham Əliyev tərəfindən Kino Agentliyinin yaradılması ilə bağlı Fərman imzalanıb. Agentlik yaranandan sonra konseptual inkişaf proqramı olsa, yaxşı olar. Ümid edək ki, bu sahədə yaradılmış yeni qurum dövlətin kino sahəsinə dair gözləntilərini doğruldacaq.
- Ümumiyyətlə, mədəniyyət sahəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin daha səmərəli və nəticəyönümlü xərclənməsi üçün Hesablama Palatasının hansı təklifləri var?
- Bu sahədə hazırda nəzarət tədbiri aparılır. Əvvəlki illərdən fərqli olaraq, audit predmeti dövlət satınalmalarının planlaşması və icrası vəziyyətinin normativ aktlara uyğunluğudur. Ötən illərin təcrübəsi də göstərir ki, həm kino, həm də teatr sahəsinə dair aydın nəticəli yeni proqrama ehtiyac var. Eyni zamanda, bu sahələrdə yuxarıda qeyd etdiyim kimi, dövlət sifarişinin formalaşması ilə bağlı mexanizm formalaşmalıdır.
- Palatanın daha effektiv fəaliyyəti üçün səlahiyyətinin artırılmasına ehtiyac varmı? Milli Məclisə “Hesablama Palatası haqqında” qanuna dəyişikliklərlə bağlı təqdim edilmiş layihədə bununla bağlı hansısa təkliflər nəzərdə tutulub?
- Palatanın daha effektiv fəaliyyəti üçün səlahiyyətdən daha çox, insan, vaxt və İT resurslarına ehtiyacın olduğunu deyə bilərik. Elə buna görədir ki, qanun layihəsində birbaşa səlahiyyət artımı ilə bağlı heç bir müddəa nəzərdə tutulmasa da, Palatanın daha çox obyekti əhatə etməsi, daha çox dövlət və ya daha geniş mənada desək publik vəsaiti əhatə etməsi üçün müəyyən təkliflər təqdim edilib. Eyni zamanda, biz Milli Məclis deputatlarından rəsmi təkliflər gözləyirik. Hansısa qurumda yoxlama aparılmasını istəyirlərsə, bunu rəsmi şəkildə desinlər. Biz də bu təklifləri İş planına sala bilərik.
- Bəs beynəlxalq təcrübəyə əsasən Palatanın daha hansı səlahiyyətləri olmalıdır?
- Ümumiyyətlə, audit fəaliyyətinin təməl prinsipləri olan Lima və Mexico bəyannamələrində, kənar dövlət maliyyə nəzarəti sahəsində ali audit qurumu üçün birbaşa maneənin, səlahiyyət məhdudiyyətinin müəyyən edilməsi təcrübəsini görmürük. Elə bu səbəbdəndir ki, Palata haqqında qanunda da, Palata istər məlumatların alınması, istər predmet olaraq kənar dövlət maliyyə nəzarətinin geniş arealını əhatə edəcək səlahiyyətlərə malikdir. Sadəcə bəzi səlahiyyətlərin icrası və ya reallaşdırılması müəyyən resurs tələb edir. Bunlardan, elektron informasiya sistemlərinə qoşulmanı, daha operativ işçi qəbulunu, daha çox insan resursunu və s. misal çəkmək olar.
- Büdcədənkənar dövlət fondlarında maliyyə auditi aparılır?
- Bütün büdcədənkənar dövlət fondları kənar dövlət maliyyə nəzarətinin obyektidir və bu günə qədər büdcədənkənar dövlət fondlarda müxtəlif audit tədbirləri aparılıb və aparılmağa da davam edir. Bu tip fondlarda audit növlərinə münasibətdə heç bir məhdudiyyət müəyyən edilməyib. Məsələn, 2020-ci ildə Dövlət Sosial Müdafiə Fondunda maliyyə auditi aparılıb, həmçinin sonra monitorinq tədbiri də təşkil edilib. 2022-ci ildə də Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərclərinin hesabatının auditi planlaşdırılır.
- AZAL-da hansı pozuntular üzə çıxarılıb?
- AZAL-da audit prosesi hələ yeni başlayıb. Bununla əlaqədar yekun fikir demək üçün tədbirin nəticələrinin kollegiya tərəfindən rəsmiləşdirilməsini gözləmək lazımdır. Burda aparılan auditin məqsədi gəlir imkanlarının müəyyənləşdirilməsi və xərcləri optimallaşdırılmaqla şirkətinin dövlət öhdəliklərinin icrasına nail olmaqdır.
- Gənclər Fondunda hansı pozuntular üzə çıxdı?
- Gənclər Fondu üzrə həyata keçirilmiş tədbirin yekunları barədə məlumat 2022-ci il üzrə Dövlət Auditi jurnalının 1-ci buraxılışında yer alıb. Jurnalda pozuntular bağlı xülasə ilə tanış ola bilərsiniz. Jurnalda Gəclər Fondundan başqa, daha 10 nəzarət tədbirinin nəticələrinə dair ümumi məlumatlar da var.
- Palatanın tövsiyəsinə əsasən QHT-lərə verilən qrantlar üzrə layihələrə nəzarət həddən çox artırılıb. Tədbirlərlə bağlı çay-kofe içən şəxslərin belə foto şəkli tələb olunur.
- Təbii ki bu təhrif edilmiş informasiyadır. Palata heç bir kənar dövlət maliyyə nəzarəti obyektinin fəaliyyətini və ya istifadə etdiyi dövlət vəsaiti üzərində formalaşdırdığı monitorinq işini tənzimləyəcək göstəriş və ya tələb müəyyən etmir. Qanunda belə bir səlahiyyət müəyyən edilməyib. Aparılan auditin nəticəsində müəyyən olunub ki, layihələrdə iştirakçı sayı şişirdilir (beynəlxalq tədbirlərdə də belə hallar var), xidmət olunan yer göstərilmir, xidmətin nədən ibarət olduğu sənədlərdə ən yaxşı halda bir sətirli cümlə ilə rəsmiləşir. Ümumiyyətlə tədbirin keçirilməməsi, lakin sənəddə rəsmiləşdirilməsi riskləri yaranır. Vəsaitlərin istifadəsini təsdiq edən sənədlərin, o cümlədən, foto, video şəkillərin olması tələbi Agentliyin hesabatlıqla bağlı inzibatçılığı müəyyən edilir. Bu da səbəbsiz deyil, qrant vəsaitinin, xüsusilə, dövlət vəsaiti əsasında formalaşan qrantın hesabatlılığını təmin etmək mütləqdir.
- Gənclər və İdman Nazirliyinin (GİN) maliyyələşdirdiyi layihələrlə bağlı bir çox narazılıqlar olub. QHT-lərlə yanaşı, hətta bir MMC-yə də qrant verildiyi üzə çıxmış və mətbuatda bu barədə geniş yazılıb. Hesablama Palatası GİN-də kənar dövlət maliyyə nəzarəti zamanı nazirliyin donor kimi fəaliyyətini araşdırıb?
- Hazırda Gənclər və İdman Nazirliyində kənar dövlət maliyyə nəzarəti tədbiri gedir. Suala cavab vermək üçün prosesin yekunlaşması, nəticələrin kollegiyada müzakirə edilərək rəsmiləşdirilməsi tələb olunur.
- "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" qanuna təklif edilən dəyişikliyə əsasən özəlləşdirmədən əldə olunan vəsaitdən, özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, dövlət əmlakının qorunub saxlanılması, dövlət əmlakının satıcısının maddi texniki bazasının möhkəmləndirilməsi üçün də istifadə ediləcək. Palatanın Qanun layihəsinə rəy verəcəyini nəzərə alsaq, bu nə dərəcədə məntiqlidir?
- Hazırda qanun layihəsi Palataya rəy üçün təqdim edilməyib. Təbii ki, rəyin verilməsi ilə bağlı layihə, o cümlədən, digər müşayiətedici sənədlər təhlil ediləcək. Yalnız bundan sonra hər hansı bir fikir bildirmək olar.
- Bəs 2021-ci il dövlət büdcəsinin icrasına rəyiniz hazırlanıb?
- Hələ bu barədə danışmaq tezdir. Büdcənin icrasına rəy verəndə biz təhsil, ekologiya, kənd təsərrüfatında pilot, orta müddətli xərclər çərçivəsində layihələrə baxacağıq. Bu dəfə büdcənin icrasına rəydə makrogöstəricilərin üzərindən təhlil və vəsaitlərin idarəedilməsinin qiymətləndirməsinə dair mövqeyimiz olacaq.
- Parlamentdə müzakirələr zamanı millət vəkilləri perfomans auditlərin sayının və xüsusi çəkisinin artmasını təklif edirlər. Bununla bağlı nə deyə bilərsiniz?
- Bir daha qeyd edim ki, səmərəlilik auditinin əhatəsinin artırılması Hesablama Palatasının Strateji Planında aralıq nəticələrdən biri kimi müəyyən edilib, əvvəlki ilə nisbətən bu istiqamətdə auditlərin sayı 1-dən 4-ə çatdırılıb. Fəaliyyətimizdə risk hesab etdiyimiz digər məqamlar kimi, bu audit növünün də ümumi portfeldə payının aşağı olması, həm Hesabatda, həm də Komitədəki çıxışımda vurğulanıb. Səmərəlilik auditi üzrə kadr potensialının gücləndirilməsi və auditlər üzrə hesabatların keyfiyyətinin yüksəldilməsi məqsədilə Hesablama Palatasında bu adda yeni struktur bölmə yaradılıb. Həyata keçirilən auditlər üzrə qlobal çağırışlar diqqətdə saxlanılıb, 4 auditdən 2-si üzrə Dayanıqlı İnkişaf Məqsədləri əhatə edilib və bu, beynəlxalq təşkilat tərəfindən yüksək qiymətləndirilib. Eyni zamanda, unutmaq olmaz ki, performans audit uyğunluq və maliyyə auditlərindən fərqli olaraq daha uzunmüddətli olmaqla çox əməktutumludur. Yalnız kənar dövlət maliyyə nəzarəti obyektlərində bu auditin davametmə müddəti təqribən 76,5 gün təşkil edir. Auditin planlaşdırılması və rəsmiləşdirilməsi müddətlərini nəzərə alsaq bu təqribən 150 gün civarında edir. Bu auditlərin sayının çox artırılması bir tərəfdən digər auditlərin sayının azalmasına və əhatə dairəmizin daralmasına səbəb ola bilər. Burada bir məsələni də qeyd edim ki, bu auditin əhatəsinin artırılması və bütün prinsiplərin auditlərlə əhatə edilməsi yalnız Hesablama Palatasından asılı deyildir. Belə ki, nəticəəsaslı büdcəyə keçidin artırılmasının bu auditin sayına müsbət təsir edəcəyi qənaətindəyəm.
(Apa)