Banklar birinci rübün nəticələrini açıqlayandan sonra hesabatların ictimailəşməsi bəzi tendensiyaları məhv etdi və əksinə bəzi yeni görüntü effekti yaradan hesabat açıqlamaları meydana çıxdı. Məsələn, ehtiyata ayırdıqları pulları mənfəətə çevirərək, “zərərdən çıxdıq” kimi “yalançı bayram effekti” elə həmin bankların özünə qarşı çevrildi. FED.az-ın əldə etdiyi məlumatlara görə, indi tənzimləyici orqanlar bankları xüsusi nəzarətə götürüblər. Bank əməkdaşlarından birinin ifadə etdiyi kimi desək, hesabatlılıq baxımından “aləm qarışıb bir-birinə”.
“Ehtiyatsız qəhrəmanlar”
Müəyyən qədər bank hesabatlarını analiz etmək qabiliyyətinə malik olan jurnalistlərin səyi nəticəsində “ehtiyatsız qəhrəmanlar”ın adları məlum oldu. Maliyyə savadlılığı zəif olan geniş kütləyə hesablanmış mənfəət açıqlamaları isə tənzimləyici orqanları daha ciddi hərəkətə gətirdi. Xüsusən də Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) ehtiyatlarla bağlı bankları ciddi şəkildə silkələyir.
Tam şəkildə yaradılsın!
Hesabatlılğın yüksəldilməsini tələb edən Palata hər bir maliyyə qurumunda risk menecmentliliyinin səmərəsinin artırılmasını tələb edir. Bankları ehtiyatların yaradılması ilə bağlı daha realist olmalığa çağıran Palata artıq monitorinqlərə də başlayıb: “Xüsusən də verilmiş kreditlərlə bağlı ehtiyatların yaradılması məsələsinin üzərinə ciddi düşüblər. Deyirlər ki, qaydalar necə tələb edirsə, o cür olmalıdır, real vəziyyəti əks etdirməlidir. Məsuliyyətli kreditləşmə, məsuliyyətli yanaşma, risk menecmentinin düzgün qurulması, hesabatlılığın yüksək olması kimi tələblər irəli sürürlər. Tələb olunur ki, ehtiyatlar tam şəkildə yaradılsın”.
Mövcud problem isə budur ki, yeni kreditlər üzrə faiz gəlirlərindən əldə olunan vəsaitdən ehtiyata ayırmalara və köhnə kreditlər üzrə ehtiyatlara belə düzgün baxmırlar. Bankların bir neçəsi hətta köhnə kreditlər üzrə ehtiyatları belə düzgün analiz etmədən onları mənfəətə keçirərək, mənfəətlə çıxdım, deyə açıqlamalar verirlər.
“Yalançı əlaçılar”
Qeyd edək ki, adətən banklar, yəni bankı idarə edən heyət ehtiyatların yaradılmasında maraqlı olmurlar. Səbəb odur ki, bununla idarə heyəti səhmdarlar qarşısında daha rentabelli bir bank menecmentinə nail olduqlarını göstərməyə çalışırlar. Eyni zamanda ehtiyatı yaratmaqda banklar ona görə maraqlı olmurlar ki, bu, bankların xərcinin artmasına gətirib çıxarır və nəticədə kapitala təsir edir. Yəni, banklar ehtiyat hesabına kapitalını itirməkdən qorxurlar.
Səhmdarlarla yanşı, ictimaiyyətdə isə “mənfəətlə işləyirəm”, görüntüsü yaratmaqla əlavə vəsaitlər cəlb etməyə çalışırlar.
Bank axınından qorxurlar
Hazırda bank menecmentliyi sahəsində Azərbaycanda nəhayət ki, ciddi rəqabət var. Menecerlər səhmdarlar qarşısında vəzifə mövqelərini itirməməyə çalışırlar. Eyni zamanda həmin rəqəmlər ictimaiyətə açıqlanır və nəticə etibarilə depozitarları itirməklə yaranacaq likvidlik problemi ilə qarşılaşmaq kimi bir təhlükə qalmaqdadır. Buna görə də ehtiyatların yaradılmasında sadəcə maraqlı deyillər. İllərdir davam edən bu tendensiyanın ictimailəşməsi halı artıb. Devalvasiya sonrası mətbuat bank sektorunu ciddi şəkildə izləməyə başlayandan bəri bu məsələ daha qabarıq şəkildə görünür.
Bankirdən aldığım cavab isə olduğu kimi belə idi: “Devalvasiya nəticəsində mətbuat bankları, inciməyin hədəfə çevirdiyindən, bu göstəricilərə xüsusi həssaslıqla yanaşmaq məcburiyyəti yaranıb”.
Real olaraq qorxurlar, yoxsa...
Real olaraq banklar öz vəziyyətlərini çox yaxşı bilirlər. Çünki kapital göstəriciləri həm də Palata, Mərkəzi Bankın nəzarətindədir. Burada isə təcrübəli risk menecerləri çalışırlar və onları aldatmaq ən azı mümkün deyil. Sadəcə görüntü olaraq kapitallarının aşağı düşmədiyini göstərməyə çalışırlar. Bunu kimə göstərməyə çalışırlar, bax, bu siyahıda əsas hədəf ictimaiyyətdir. Sən demə banklar artıq mediadan ciddi şəkildə qorunmaq taktikasını seçiblər. Çünki maliyyə göstəricilərinin media vasitəsilə geniş şəkildə işıqlandırılması təsirlərin və banklara tənzimləyici tərəfindən iradların çoxalmasına gətirib çıxara bilər, hansı ki, biz bəzən bunu görürük də.
İlhamə Abdullayeva