İqtiadiyyatın kreditlərə tələbatı nə qədər yüksək olursa, bank sektoru likvidlik defisiti problemi yaşayır. Əksinə mövcud iqtisadi şərtlər istər biznes sektorunu, istərsə də ev təsərrüfatlarını sərbəst yığımları investisiya qoyuluşlarına deyil, depozitlərə yönəltməyə stimullaşdırırsa bank sektoru izafi likvidlik probemi ilə üzləşir.
Azərbaycanın bank sektoru üzrə kreditlər və depozitlər üzrə statistik göstəricilərin təhlili göstərir ki, 2008-2014-cü illərdə iqtisadiyyat likvidlik defisiti mərhələsini yaşayıb.
Azərbaycanın bank sektorunda kredit-depozit nisbəti
Statistik məlumatlardan göründüyü kimi 2008-2014-cü illərdə kreditlərin həcmi depozitləri üstələyib və kredit-depozit nisbəti əmsalı 104.3-131.8 intervalında dəyişib. Ən yüksək göstərici 2009-cu ildə qeydə alınıb. 2015-ci ildən başlayaraq bu əmsalın səviyyəsi 100-dən aşağı enib və 2017-ci ildə ən aşağı həddə – 57.1%-lik həddə düşüb. Bu o deməkdir ki, faktiki olaraq bank sektorunda depozitlərin həcmi kreditlərin həcmini az qala 2 dəfəyə yaxın üstələyir. Hazırkı göstərici Azərbaycanın bank sektorunun kəskin izafi likvidlik dövrünə qədəm qoyduğunu təsdiqləyir. Belə vəziyyət həm real sektorun, həm də ev təsərrüfatlarının maliyyə resurslarına tələbatının ən aşağı səviyyəyədək endiyini əks etdirir. Göründüyü kimi, kredit-depozit nisbətinin səviyyəsi son 10 ildə qeydə alınan ən yüksək göstərici (131.8) ilə müqayisədə 2.5 dəfə aşağı enib.
Kredit və depozitlərin valyuta struktuuna görə likvidlik səviyyəsi tamamilə fərqlidir və diaqramın əyrisi bu fərqi daha aydın nümayiş etdirir.
Azərbaycanın bank sektorunda kredit və depozitlərin valyuta strukturuna görə nisbəti, yekuna görə %-lə
Diaqramdan göründüyü kimi, 10 il ərzində manatla kreditlərin həcmi depozitlərin həcmindən əhəmiyyətli dərəcədə yüksək olub və nəticədə milli valyuta üzrə kredit-depozit nisbəti əmsalı daima 100-dən yuxarı səviyyədə qalıb (2009-cu ildə hətta 216.8-ə yüksəlib). Bu o deməkdir ki, Azərbaycanın bank sektoru son 10 ildə manat resurslarına münasibətdə likvidlik defisiti yaşayıb. Ən aşağı səviyyə 2017-ci ildə qeydə alınıb (105.6) – ötən il manatla kredit və depozitlərin həcmi demək olar bərabərləşib.
Valyuta ilə kredit və depozitlərin həcmi tamam fərqlidir. Azərbaycanın bank sektoru son 10 ildə valyuta resurslarına münasibətdə izafi likvidliklə üzləşib. Belə ki, 2008-2017-ci illərdə valyuta ilə kreditlərin depozitlərə nisbəti əmsalı daima 100-dən aşağı olub. Yalnız 2009-cu ildə ən yüksək səviyyə (93.8) qeydə alınıb. Ötən il isə bu göstərici ən aşağı səviyyəyəyə – 32.2%-ə düşüb. Bu o deməkdir ki, bank sektorunda valyuta ilə depozitlərin həcmi valyuta ilə kreditlərin həcmini təxminən 3 dəfə üstələyir. Bu vəziyyət həm də bank sektorunun valyuta mövqeyinin pozulması baxımından riskli vəziyyətin qaldığını göstərir.
Nəzəri baxımından kredit-depozit nisbəti üçün ideal səviyyə 80-90% hesab edilir. Lakin real sektorun, bütövlükdə iqtisadiyyatın dinamik inkişaf etdiyi ölkələrin bank sektoru daima likvidlik defisiti problemini yaşayır. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının ən son statistikasına görə, Avropa ölkələri arasında kredit-depozit nisbətinin ən yüksək olduğu ölkələr Danimarka (200), İsveç (175), Niderland (125), İtaliya (105), Fransa (105), Estoniya (95) kimi ölkələrdi. Bu coğrafiyada ən aşağı göstərici 70-80% təşki edir (Macarıstan, Polşa və s.)
FED.az-ın Təhlil Qrupu