Məmur düşüncəsinin məhsulu olan daha bir qərar işləmədi. Xüsusilə devalvasiyalardan sonra banklardan və bank olmayan kredit təşkilatlarından məsuliyyətli kreditləşmə siyasəti tətbiq etmələri tələb olunurdu. Guya bir çox insanların borclarını geri ödəyə bilməmələri onlara kreditlərin məsuliyyətsiz şəkildə verilməsi idi. Belə bir təəssürat yaradılırdı ki, problemli kreditlər tək şəxsiyyət vəsiqəsilə və ya aşağı əmək haqqının olduğu arayışlar əsasında verildiyi üçün yaranıb. Əslində, sürpriz şəkildə Dollar iki dəfə bahalaşdığından insanlar borclarını ödəyə bilmədilər. Cavab bu qədər sadə idi. Bir sıra dələduzları çıxmaq şərtilə, insanlar banklara borclu qalmaq niyyətində deyildi.
Çıxış yolu kimi məsuliyyətli kreditləşmə siyasətini fikirləşdilər. Bu siyasətin ən sərt tələbi kreditin aylıq ödənişi ilə əməkhaqqı məbləği arasındakı əlaqə idi. İlk mərhələdə aylıq əməkhaqqısı minimum 400-410 manatdan aşağı olanlara kredit verilmədi. Nəticədə, maaşı iş yerindən arayışda aşağı göstərilənlər kredit götürə bilmədiklərindən, bankların kredit portfelləri və müvafiq olaraq da gəlirləri azalmağa başladı.
Daha sonra banklar tərəfindən minimum əməkhaqqı tələbi 160-200 manatadək aşağı salındı. Bu addımın da banklara ciddi kömək etməmiş kimi görünür. 2018-ci ilin Yanvar aynda da bankların ev təsərrüfatlarını verdikləri istehlak kreditləri azalmaqda davam edib.
MİNİMAL ƏMƏKHAQQI TƏLƏBİNİ LƏĞV ETDİ
Dünən “Bank of Baku” kredit şərtlərini daha sərfəli etdiyini açıqlayıb. Yeni şərtlərdən məlum olur ki, əməkhaqqı tələbi yoxdur, yəni Bank bütün sahələrdə çalışan şəxslər üçün minimal əmək haqqı tələbini ləğv edib. Son iş yerində staj tələbi minimum 6 aydan 3 ayadək endirilib. Ödəniş müddəti 48 ayadək uzadılıb və zaminsiz kreditləşmə imkanı yaradılıb.
Bir çox banklar kimi, “Bank of Baku” da Azərbaycan reallığına uyğun olmayan məsuliyyətli kreditləşmə siyasəti nəticəsində kredit vermək üçün çoxlu sayda müştəri tapa bilmirdi. Azərbaycanda əksər şirkətlərin vergi və sosial ödənişlər yükündən yayınmaq və zərər etməmək üçün işçilərin rəsmi maaşlarını aşağı göstərdikləri sirr deyil. İşçilərə əməkhaqqının bir hissəsi qeyri-rəsmi şəkildə ödənilir.
Digər bir reallıq insanların əmək müqaviləsi olmadan çalışması və ya fərdi ticarət və digər işlərlə məşğul olmasıdır. Ödəmə qabiliyyəti olan bu insanlar banklardan kredit götürə bilmirlər.
Bir çox insanların isə maaşları həqiqətən 300-500 manat civarındadır.
Rallıq bu cür olduğu halda hansısa məmurlar sərt kredit tələblərini fikirləşmişdilər. Reallığın bu sərt tələbləri “əritdiyinin” şahidi oluruq.