Devalvasiyadan sonra “şar effekti”nə çevrilən problemli kreditlər portfeli həllini tapmaqdansa, əksinə artır. FED.az xəbər verir ki, 01.05.2017-ci il tarixə vaxtı keçmiş kreditlərin həcmi 1594.0 milyon manat idisə, 01.05.2018-ci il tarixə bu göstərici artaraq 1708.8 milyon manata yüksəlib.
Problemli kreditlərin həcmində dollar kreditləri hələ də yüksək olaraq qalır. Vaxtı keçmiş kreditlərin 877.4 milyon manatı məhz dollarla olan kreditlərdir. Bu məbləği hazırki məzənnə ilə hesablasaq, dollarla gecikmiş kreditlərin həcmi 516 milyon dollardır.
Ümumiyyətlə, ötən 2 il üzrə rəqəmlərə baxsaq görərik ki, əgər 2016-cı ilin may ayına olan gecikmiş “dollar kreditlər”i 655.1 milyon manat təşkil edirdisə, 2017-ci ilin eyni dövründə 869.2 milyon manata yüksəlib. Ötən bir ildə isə bu zərərli portfel 8.2 milyon manat da artıb. Bu isə onu göstərir ki, vaxtıkeçmiş dollar kreditlərinin ödənişində müsbət tendensiya hələki yoxdur və dollar kreditləri hələ də “Damokl qılıncı” kimi həm əhalinin, həm də xarici valyutada kredit götürmüş biznesin başının üstündə durur.
Çünki acı təcrübədən ziyan çəkən əhali və yerli iş adamları artıq xarici valyutada kredit götürmür və tənzimləyici qurumlar da bunu banklara qadağan ediblər. Yalnız əmək haqqını xarici valyuta ilə alan şəxslərə dollarla kredit verilə bilər. Statistika göstərir ki, 2016-cı ilin eyni dövründə xarici valyutada kredit portfeli 9035.6 milyon manat olduğu halda, 2017-ci ilin eyni dövründə 7418.9 milyon manata, bu il mayın 1-nə 4634.5 milyon manata düşüb. Hazırki məzənnə ilə hesablasaq dollarla olan kreditlərin həcmi 2 milyard 726 milyondur. Dollarda vaxtı keşmiş kreditlərin həcmi isə bu portfelin 18,9%-ni tutur. Müqayisə üçün deyək ki, manatda verilmiş kreditlərin ümumi həcmi 7181.3 milyon manatdır. Manatla gecikmiş kreditlər 831.5 milyon manat təşkil edir və bu ümumi portfelin cəmi 11,6%-ni təşkil edir. Yəni açıq-aydın görünür ki, manatla problemli kreditlərin həcmi ümumilikdə daha azdır. Ancaq ötən bir ildə manatla olan gecikmiş kreditlərin həcmində də artım var və təəssüf ki, bu rəqəm elə də az deyil - 106 milyon manat. Başqa sözlə, kredit verməmək problemli kreditlərin həllinə kömək etmir, ona görə də bu məsələnin həllində dövlət tərəfindən mükəmməl bir mexanizmin ortaya qoyulması ilə bağlı iqtisadçıların təklifləri hələ də gündəmdə qalmaqda davam edir.
Xatırladaq ki, ilin əvvəlində “Müflisləşmə və iflas haqqında” qanun qüvvəyə mindi. Bəs, bu qanunla vətəndaş və ya şirkət özünü iflas edib həmin kreditlərindən can qurtara bilərmi?
Sualımızı cavablandıran hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, şirkətlər və fərdi sahibkarlar məhkəməyə müraciət etməklə borclarını silə bilir. Qanunvericiliklə adi fiziki şəxslər də özünü müflis edib borcdan çıxa bilər. Ancaq məhkəmələr hələki fərdi şəxslərin bununla bağlı iddialarını qəbul etmirlər: “Mən Konstitusiya Məhkəməsinə müraciət etmişəm. Düşünürəm ki, müsbət cavab ala biləcəyəm”.
Hüquqşünas onu da vurğuladı ki, məhkəmələr əksər hallarda şirkətləri müflis etməkdən boyun qaçırır. Amma eyni vəziyyətlə bağlı məhkəmələrin müxtəlif qərarlar çıxartması və ayrıseçkilik nümunələri də var. Qanuna görə, Azərbaycanda özünü qəsdən müflisetmə halına çatdırma cinayətdir, əgər bu hal aşkarlanmayıbsa, məhkəmə şirkəti müflis elan etməlidir.
Qeyd edək ki, ümumiyyətlə Azərbaycanda müflislik ənənəsi yoxdur, xaricdə isə yüzlərlə şirkət özünü müflis edir və yenidən biznes qurmağa cəhd göstərir. Təcrübə isə ikinci dəfə onun daha uğurlu olacağına inam yaradır.
İlhamə Abdullayeva
Bank sisteminin boynunda qalan yük - 516 MİLYON DOLLAR
15:51
13 İyun 2018