Bank sektorunun aktivləri 2017-ci il ərzində 11% (3,5 mlrd. manat) azalaraq 27,9 mlrd. manat təşkil edib ki, bu da qeyri-neft ÜDM-in 63%-inə bərabərdir.
Bu, hökümətin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.
Sənəddə qeyd olunub ki, aktivlərin azalmasına səbəb Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən aparılmış aktivlərin keyfiyyət qiymətləndirilməsi nəticəsində bankların gözlənilən zərərlərə qarşı ehtiyatlanma xərclərinin artması, bank sektorunun restrukturizasiya tədbirləri, habelə depozitlərin sektordan çıxmasıdır. Sektorun aktiv və öhdəliklərinin xarici valyuta hissəsi müvafiq olaraq 47% və 67%-dir.
Bank aktivlərinin 41%-ni (11,3 mlrd. manat) müştərilərə verilmiş kreditlər təşkil edir. Kredit portfelinin əhəmiyyətli hissəsi (67%-i) biznes kreditlərin payına düşür. Qeyri-işlək kredit portfeli 19%-ə çatsa da, ilin sonuna doğru portfelin keyfiyyətinin pisləşmə trendi dayanıb.
"İqtisadi aktivliyin azalması, habelə ayrı-ayrı bankların maliyyə dayanıqlığı ilə bağlı risklərin qalması fonunda bankların risk iştahası minimallaşıb, aktivlərin risksiz maddələrdə təmərküzləşib. Dekabr ayının sonuna kimi AMB-dəki müxbir hesablar 1,6 mlrd. manat nağd vəsaitlər isə 1,2 mlrd. manat təşkil edib. Bütövlükdə, sektorun likvid aktivləri cəmi aktivlərin 23,9%-ni təşkil edib. Sektorun ani likvidlik əmsalı 62% təşkil edib ki, bu da minimum tələbi (30%) 2 dəfədən çox üstələyir.
Hesabat ilinin sonuna bank sektorunun cəmi öhdəlikləri 18% azalaraq 24,2 mlrd. manat təşkil edib. Depozitlər cəmi öhdəliklərin 70%-i həcmindədir ki, bunun 44,6%-i (7,5 mlrd. manat) əhalinin əmanətidir. “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun təsirinin davam etməsi ilə əlaqədar depozitlərin real azalma tempi səngiyib. Nəticədə əhalinin əmanətləri əvvəlki illə müqayisədə 1,5% artaraq 7,5 mlrd. manata çatıb. Manatın məzənnəsində olan sabitlik əmanətlərin dedollarlaşma prosesini sürətləndirib. Belə ki, ilin əvvəli ilə müqayisədə xarici valyutada əmanətlərin cəmi əmanətlərdə payı 80%-dən 67%-ə düşüb", - deyə hesabatda vurğulanıb.
Bank sektoru üzrə məcmu kapital 2016-cı ilin sonu ilə müqayisədə 32,4% artaraq 2,2 mlrd. manat təşkil edib. Dekabr ayının sonuna kapital adekvatlığı 12,7% olub ki, bu da normativ tələbdən 10% yüksəkdir.