EY şirkəti tezliklə “İlin İş Adamı” müsabiqəsinin qalibini elan edəcək. Azərbaycanda artıq ikinci dəfə keçirilən bu nüfuzlu müsabiqə cəmiyyətə və iqtisadiyyata müsbət təsir göstərən uğurlu sahibkarları və onların töhfəsini tanıyır. İş dünyasının tanınmış nümayəndələri, dövlət korporasiyalarının top menecerləri və beynəlxalq maliyyə qurumlarını təmsil edən idarəçiləri müstəqil münsiflər heyəti qismində çıxış edirlər və namizədlərin müraciətlərini qiymətləndirib qalibi seçirlər.
FED.az biznes portalı xəbər verir ki,2019-ci ildən münsiflər heyətinin üzvü olan Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycandakı daimi nümayəndəliyin rəhbəri İvana Duarte müsabiqə və sahibkarlıq barəsində fikirləri ilə bizimlə bölüşdü.
Eləcə də bax: AYİB 2020-ci ildə Azərbaycana - 17 Mln. Avro Vəsait Ayırıb
- EY “İlin İş Adamı” müsabiqəsində iştirakınızı necə dəyərləndirirsiniz? Ölkənin iş dünyasına aid hansısa yeniliklərə rast gəldinizmi?
Artıq ikinci ildir ki, mən Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) nümayəndəsi olaraq müsabiqədə müstəqil münsiflər heyətinin üzvüyəm. Və deməliyəm ki, bu təcrübə mənim üçün bir ilham mənbəyinə çevrilib. Bütün iştirakçılar əzmkarlıq və ixtiraçılıqlarını nümayiş etdirə biliblər. Onların hazırkı çətin dönəmdə motivasiyalarını qoruyub saxlamağı və hədəflərinə sadiq qalmağı isə məni heyran edib.
- Müsabiqə çərçivəsində nələr sizə xüsusi ilə güclü təəssürat bağışladı?
Bəzən, mənə elə gəlirir ki, azərbaycanlı iş adamları xüsusi bir sahibkarlıq geninə malikdir. Onlar çox vaxtı intuitiv şəkildə işlərini apararaq uğur qazana bilirlər. Lakin, müsabiqədə iştirak edən sahibkarlarla təmasda olduqdan sonra başa düşdüm ki, ilk baxışda intuitiv atılan addımlar əslində bazarın və işgüzar mühitin hərtərəfli tanımasına, eləcə də zəngin təcrübəyə əsaslanır. Yəni, Azərbaycanda sahibkarlıq anadangəlmə qabiliyyət deyil, təlimə arxalanan bir bacarıqdır. Əlbəttə ki, burada insanların uğur qazanmaq istəyi vacib rol kəsb edir, bu da Qafqaz millətlərinə xas olan bir cəhətdir.
- Ümumilikdə azərbaycanlı sahibkarları necə qiymətləndirirsiz? Xüsusilə onları digər Avropa ölkələrindən olan iş adamları ilə müqayisə etdikdə.
Güman edirəm ki, Azərbaycanda sahibkarlar digər ölkələrdəki həmkarları kimi ixtiraçı ruhlu və uğur qazanmağa hədəflidirlər. Lakin yerli iş adamlarını xüsusən fərqləndirən cəhət odur ki, iş mühitinin hələ də aradan qaldırılmamış bir çox çətinlikləri əzmkarlıqla həll etməyə hazırdırlar.
Sözlərimin canlı təsviri budur ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq həvəsi baxımından Azərbaycan zəif göstəricilər nümayiş etdirir. “Keçid dövründə həyat” sorğumuza qatılanların 92%-i heç vaxt biznes qurmağa cəhd etməyib. Bu, bölgə üzrə ortalama göstəricisindən (88%) yüksəkdir.
Bununla belə, müsbət bir tendensiyanı da müşahidə edirik: Azərbaycan 2020-ci ildə Dünya Bankının illik “Doing business” reytinqində xeyli irəliləyərək bizneslə məşğul olmaq üçün lazımi şəraiti mükəmməlləşdirən 20 ölkə sırasında yer alıb.
- Sahibkarlarımızın güclü və zəif cəhətləri barədə nə deyə bilərsiniz?
Mən təklif edirəm məsələyə bir az fərqli yanaşaq və iş mühitini bütövlükdə təsvir edək. İlk öncə, iş adamlarının həyatını asanlaşdıran və çətinləşdirən amillərə nəzər salaq.
Azərbaycanda qeyri-neft sektorunun neft sektoru ilə əlaqəsi və dövlətin enerji və infrastruktur sektorlarında olan böyük rolu özəl sektorun inkişafına təsir göstərməyə davam edir.
Bərpa olunan enerji mənbələrindən daha səmərəli istifadə mənfəətli ixrac bazarlarına daha çox təbii resursların təchiz edilməsini təmin edə bilər. Bir neçə bərpa olunan enerji layihəsi hazırda işləmə mərhələsindədir. AYİB bu prosesi dəstəkləyir, hətta perspektivli layihələrin və yaxşı düşünülmüş biznes ideyaların maliyyələşdirilməsi məsələsini nəzərdən keçirməyə hazırdır.
Bundan əlavə, bu yaxınlarda hökumət Azərbaycan İnvestisiya Holdinqini təsis etmişdir. 22 dövlət müəssisəsinin daha yaxşı idarə olunması, şəffaflığın və səmərəliliyinin artırılması Holdinqin əsas vəzifələri sırasındadır.
Hasilatla əlaqəli olmayan özəl sektora gəlincə, o, makroiqtisadi dəyişkənlik və idarəetmə çətinliklərə məruz qalmaqda davam edir. Lakin son illərdə mən bu sahədə də əhəmiyyətli irəliləyiş görürəm. Artıq müəssisələr banklarla qarşılıqlı əlaqələrin qurulmasına daha meylli olublar.
Əvvəlki dövrdə gömrük xidməti, yoxlamalar, icazə və lisenziyaların verilməsi kimi sahələrdə də təqdirəlayiq nailiyyətlər əldə edilməsinə baxmayaraq, sahibkarlıq fəaliyyəti ilə bağlı olan müəyyən inzibati məhdudiyyətlər, təəssüf ki, hələ də aradan götürülməyib.
Digər sevindirici halları da qeyd edə bilərik: bank sektoru əvvəlki böhranın fəsadlarını geridə qoya bilib və COVID-19 dönəmində kifayət qədər uğurlu fəaliyyət göstərir. Belə ki, banklar etibarlı maliyyə tərəfdaşı qismində çıxış edərək yenidən biznesi dəstəkləməyə hazırdırlar.
- Sizcə, kiçik və orta biznesin inkişafı Azərbaycanın iqtisadi islahatları və inkişafı üçün nə qədər vacibdir?
Zənnimcə, Azərbaycanda KOB-ların olduqca geniş iqtisadi potensialının böyük hissəsi hələ ki, istifadəsiz qalır. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatın (İƏİT) məlumatlarına görə, 2018-ci ildə ölkədə KOB-lar əlavə dəyərin yalnız 13,4%-ni və ümumi məşğulluğun 42,9%-ni təmin etmişlər, halbuki İƏİT ölkələrində bu göstəricilər müvafiq olaraq 60% və 60-70% təşkil edir. Azərbaycanın qeyri-neft sektoruna gəldikdə isə, KOB-lar həmin dövrdə əlavə dəyərin 23,5%-ni və məşğulluğun 45%-ni təmin etmişlər.
Azərbaycanda əksər KOB-lar ticarət, nəqliyyat vasitələrinin təmiri, nəql etmə və anbar, mehmanxana və restoran xidmətləri kimi nisbətən aşağı əlavə dəyər yaradan fəaliyyətlər ətrafında cəmləşir. Düşünürəm ki, yeniliyə can atan iş adamları gələcəkdə əhəmiyyətli inkişaf yoluna qədəm qoyanlardan olacaqlar.
Bu yeniliklərin bir hissəsi rəqəmsallaşdırma və ən son texnologiyalardan istifadədir. Texnologiyaların düzgün və vaxtında istifadəsi müsbət nəticələr verə bilər və pandemiya dövründə müşahidə etdiyimiz dəyişikliklər artıq bunu nümayiş etdirib.
Rəqabət qabiliyyətlərini artırmağa və inkişaf etməyə çalışan kiçik müəssisələr rəqəmsal texnologiyalara keçməklə “oyun qaydaları”nı dəyişə bilərlər. Davamlı avtomatlaşdırmadan elektron ticarətə, əşyaların internetindən mikroödəmələrə qədər - rəqəmsallaşma çoxlu fürsət yaradır və böyük şirkətlərlə rəqabət aparmaqda bərabər imkanlar üçün yol açır.
Kiçik, hətta orta ölçülü müəssisələrin üstünlükləri onların daha çevik olması və transformasiyalara asanlıqla uyğunlaşa bilməsidir. AYİB rəqəmsal texnologiyalara keçməyi hədəf tutan KOB-lara məsləhət xidmətləri göstərir, bəzən də onları maliyyələşdirmə ilə təmin edir.
Kənd təsərrüfatı istehsal artımının başqa bir mənbəyi və iqtisadi diversifikasiyanın vacib amili ola bilər. Burada istehsalın düzgün qurulması və məhsuldarlığın davamlı artmasının təmin edilməsi əsas şərtlərdəndir.
Və yenə də rəqəmsal texnologiyaların geniş imkanları – kənd təsərrüfatı maşınlarının avtomatlaşdırılmasından torpaq və suyun keyfiyyətini qiymətləndirən sensorlara qədər – inkişafı təmin edə bilər.
- Bu çətin dövrdə KOB-lar nə dərəcədə şanslıdır?
Düşünürəm ki, onlar nəinki şanslıdırlar, çətinliyə tab gətirməyə borcludurlar. Məşğulluğun 45%-ni təmin edən KOB-ların fəaliyyətinə davam etməsi, pandemiya şəraitinə tab gətirməsi və hətta daha güclü olması, milyonlarla insan üçün iş yerləri və maddi cəhətdən təmin edilməsi deməkdir.
Yeri gəlmişkən, bir misal çəkim. Azərbaycanda sərt karantin tədbirləri tətbiq olunanda, Pizza Mizza ölkənin ən sürətli reaksiya verən şəbəkələrdən biri oldu.
Gecə-gündüz təmassız çatdırılma xidmətini təklif etməsi və müxtəlif endirim kampaniyaların keçirilməsi Pizza Mizza-nı nəinki böhrandan qorudu, əksinə genişlənməsinə imkan yaratdı. Bu da, bir kiçik müəssisənin müştəri xidmətinə mövcud yanaşmasını vaxtında dəyişərək böhran şəraitində necə uğur qazana biləcəyinin parlaq nümunəsi oldu.
AB-nin maliyyə dəstəyi ilə AYİB, şirkətə brendin tanınması və müştəri loyallığının artırılması, satışların genişləndirilməsi və yeni iş yerlərinin açılmasında kömək etmək məqsədilə məsləhət xidmətlərini göstərdi.
- Sahibkarlara məsləhətiniz nə olardı?
Hər nə işlə məşğul olursunuzsa, ekoloji model və rəqəmsal texnologiyalar tətbiq edin. Avropa Birliyi bunu ikili keçid adlandırır.
Bu, biznesin gələcək uğuruna zəmanət verən, onun aktuallığını və dayanıqlığını təmin edən yeganə yoldur.
Ekoloji uyğunluq və fiziki mənbələrdən istifadənin azaldılması rəqəmsal trasformasiyaya ehtiyac yaradır və bu da öz növbəsində ətraf mühitə uyğun olmalıdır.