Azərbaycan Mərkəzi Bankı (AMB) 2020-ci ilin ilk rübü üzrə Tədiyyyə balansının göstəricilərini açıqlayıb. FED.az xəbər verir ki, koronavirus pandemiyası və neftin qiymətinin kəskin ucuzlaşması tədiyyyə balansına pis təsir edib. Hesabat dövründə tədiyyə balansında 1,35 milyard dollar kəsir yaranıb.
1-ci rübdə tədiyyə balansının mənfi saldoda olması 2016-cı ildən bəri ilk dəfədir.
Mərkəzi Bankdan bildirilib ki, kəsirin yaranması xarici mühitin əlverişsiz olması ilə bağlıdır. Xarici mühitin əlverişsiz olduğu 2020-ci ilin I rübü üzrə tədiyə balansının əsas maddələri olan cari əməliyyatlar balansında (CƏB) 646 mln.$ profisit, kapital və maliyyənin hərəkəti hesabında isə 1,4 mlrd.$ kəsir yaranıb, ehtiyat aktivləri 1,3 mlrd.$ azalıb.
AMB bildirir ki, 1-ci rübdə neftin orta rüblük qiyməti 58 dollar/barel olub, qeyri-neft ixracı isə 4% artıb.
2020-ci ilin I rübü üzrə tədiyə balansının əsas göstəriciləri белядир:
Qeyd: Tədiyə balansı hesablamalarında xam neftin faktiki orta qiyməti 57.6$ (2019-cu ilin I rübü 61.9$) olmuşdur.
Cari əməliyyatlar hesabı
2020-ci ilin I rübü üzrə cari əməliyyatlar hesabı profisitdədir, amma profisitin həcmi ötən ilin müvafiq dövrünə nəzərən (ö.i.m.d.n.) 2.5 dəfə azalaraq 1,6 milyard dollardın 646,3 milyon dollara düşüb. Neft-qaz sektoru üzrə CƏB profisiti ö.i.m.d.n. 19.2% (0.6 mlrd.$) azalaraq 2.4 mlrd.$, qeyri-neft sektoru üzrə CƏB kəsiri isə 28.4% (0.4 mlrd.$) artaraq 1.8 mlrd.$ məbləğində olub. Nəticədə cari əməliyyatlar hesabında neft-qaz sektorunun profisiti qeyri-neft sektorunun kəsirini tam örtmüşdür. CƏB profisiti əsasən xarici ticarət balansının profisiti hesabına formalaşıb.
Xarici ticarət balansı
2020-ci ilin I rübü üzrə xarici ticarət dövriyyəsi 7.1 mlrd.$ təşkil etmiş, neft-qaz sektoru üzrə
3.6 mlrd.$ həcmində yaranmış profisit, qeyri-neft sektoru üzrə 1.7 mlrd.$-lıq kəsiri bağlamış və nəticədə xarici ticarət balansında 1.9 mlrd.$-lıq (24.7% azalma) profisit yaranmışdır. Hesabat dövründə Azərbaycanın dünyanın 155 dövləti ilə ticarət əlaqələri olmuşdur. Xarici ticarətin 13%-i MDB üzvü olan dövlətlərin, 87%-i isə digər xarici dövlətlərin payına düşür.
Əmtəə ixracı. Hesabat dövründə əmtəə ixracı 4.5 mlrd.$ (6% azalma) təşkil etmişdir.
Dövr ərzində neft-qaz sektoru üzrə ixracın həcmi 6.9% azalaraq 4.1 mlrd.$ olmuşdur (bu əsasən dünya bazarlarında xam neft qiymətinin 7% azalması ilə əlaqədardır). İxrac olunmuş neft məhsullarının (3.3 mlrd.$) 3.2 mlrd.$-ı xam neftin, 95 mln.$-ı isə neft emalı məhsullarının payına düşür.
2020-ci ilin I rübündə qeyri-neft ixracı 3.9% artaraq 411 mln.$ olmuşdur.
Əmtəə idxalı. 2020-ci ilin I rübündə əmtəə idxalı ö.i.m.d.n. 14.6% artaraq 2.6 mlrd.$ təşkil etmişdir, o cümlədən istehlak mallarının idxalının ümumi dəyəri isə 1.1 mlrd.$ olmuş, bunun da 352 mln.$-ı ərzaq məhsullarının payına düşür. Qeyri-neft sektoru üzrə idxal 12.4% artaraq 2.1 mlrd.$ olmuşdur. Qeyri-neft idxalının strukturunda minik avtomobillərinin (52%), metalların (48.3%), tərəvəz məhsullarının (13.9%), kağız məmulatlarının (12.6%), ağac məmulatlarının (11.2%), daş və şüşə məmulatlarının (4.4%) idxalı artmış, dəmiryol nəqliyyat vasitələrinin (93.5%), şəkərin (61.2%), dənli bitkilərin (52.3%), tütün və tütün məhsullarının (9%), kimya məhsullarının (2.9%), alkoqollu və alkoqolsuz içkilərin (2%), mebel məhsullarının (1.1%) idxalı isə azalmışdır.
İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və malların xüsusi çəkisi 7.1% təşkil edərək 184.4 mln.$ olmuşdur.
Xidmətlər balansı
2020-ci ilin I rübü üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 2.2 mlrd.$ təşkil etmişdir. Bunun 1.5 mlrd.$-ı qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 0.7 mlrd.$-ı isə Azərbaycan rezidentlərinin xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir. Nəticədə xidmətlər balansında yaranan kəsir 1.7 dəfə artaraq 0.8 mlrd.$ olmuşdur.
Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 634.3 mln.$ olmuşdur. Qeyri-neft sektoru üzrə xidmətlər balansının kəsiri isə 192.2 mln.$ olmuşdur.
Qarşılıqlı xidmətlər dövriyyəsinin 30%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 681 mln.$ olan nəqliyyat xidmətlərinin 43.3%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədardır. Azərbaycanın rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 295 mln.$, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 386 mln.$ təşkil etmişdir. Dövr ərzində qeyri-neft sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı ö.i.m.d.n. 0.2% azalmış, idxalı isə 44.7% artmışdır. Nəticədə bu maddə üzrə 2019-cu ilin I rübündə 27.1 mln.$ olan kəsir 2020-ci ilin I rübündə 5.4 dəfə artaraq 146 mln.$ təşkil etmişdir.
2020-ci ilin I rübü üzrə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 18% azalaraq 549 mln.$ təşkil etmişdir. Hesabat dövrü ərzində turizm xidmətləri üzrə idxalın (281.7 mln.$) ixracı (267.4 mln.$) üstələməsi nəticəsində 14.3 mln.$ (ö.i.m.d.n. 2.3 dəfə azalma) həcmində kəsir yaranmışdır. Hesabat dövrü ərzində xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 23%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 15% azalmışdır.
Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 281.7 mln.$ məbləğində olmuşdur. Bunun 86%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı xarici ölkələrdə olarkən sərf etdikləri vəsaitlərin (məkik idxal üçün vəsaitlər istisna olmaqla) payına düşür. Hesabat dövründə qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin dəyəri 3.1 dəfə azalaraq 5.4 mln.$ təşkil etmişdir. Qeyri-neft sektoru üzrə qeyri- rezidentlərə ödənilən digər işgüzar xidmətlərin dəyəri isə 1.6 dəfə azalaraq 140.3 mln.$ olmuşdur.
İlkin gəlirlər balansı
Hesabat dövründə neft-qaz sektoru üzrə 566.5 mln.$ kəsir, qeyri-neft sektoru üzrə isə 109.7 mln.$ profisit olmuşdur. Nəticədə ilkin gəlirlər balansında kəsir 11.2% azalaraq 456.8 mln.$ təşkil etmişdir.
İlkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 1.1 mlrd.$ olmuşdur. Bunun 71.5%-i (759.1 mln.$) Azərbaycandan qeyri-rezidentlərə ödənişlər təşkil edir. Bu məbləğin isə əsas hissəsini (407.1 mln.$) beynəlxalq neft-qaz konsorsiumları üzrə xarici investorların payına düşən gəlirlərin repatriasiyası (əsasən xam neft şəklində), qiymətli kağızlar portfeli üzrə qeyri- rezidentlərə ödənilən faizlər (169.5 mln.$), xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (88.7 mln.$) və digər ödənişlər (93.8 mln.$) təşkil edir.
Təkrar gəlirlər balansı
Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi dəyəri 356.9 mln.$ məbləğində qiymətləndirilmişdir. Daxilolmalar 206.7 mln.$, ödənişlər isə 150.2 mln.$ təşkil etmişdir.
Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 91%-i xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 7.2%-i ölkəyə gətirilən humanitar və yardım mallarının dəyəri, 1.8%-i isə digər daxilolmalar təşkil edir.
Ölkəyə göndərilən pul baratlarının həcmi 12.6% azalaraq 188 mln.$, ölkədən çıxarılan pul baratlarının həcmi isə 37% artaraq 122.3 mln.$ olmuşdur. Nəticədə pul baratları üzrə 65.6 mln.$ müsbət saldo yaranmışdır.
Bütövlükdə, təkrar gəlirlər üzrə əməliyyatların saldosu müsbət 56.5 mln.$ (2.4 dəfə azalma) təşkil etmişdir.
Maliyyə hesabı
2020-ci ilin I rübü üzrə ölkənin xalis maliyyə aktivləri 1 526.7 mln.$ artmışdır. Bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (336.6 mln.$), portfel investisiyaları (-144.9 mln.$) və digər investisiyalar (1 335 mln.$) hesabına formalaşmışdır.
Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 132.6 mln.$ artmışdır ki, bu da xaricdən cəlb olunmuş xalis birbaşa investisiyalar (188.4 mln.$), neft bonusu (451.6 mln.$), portfel investisiyaları (-50.2 mln.$) və digər investisiyalar (-457.2 mln.$) hesabına formalaşmışdır.
2020-ci ilin I rübü üzrə xalis maliyyə aktivləri və öhdəlikləri
Birbaşa investisiyalar
Birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği
1.2 mlrd.$ olmuşdur.
Ölkə iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 80% təşkil etmişdir.
2020-ci ilin I rübündə tədiyə balansında birbaşa investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (38.9 mln.$) artımı cəlb olunmuş investisiya ilə (951.1 mln.$) kapitalın repatriasiyası (990 mln.$) arasındakı fərqdən formalaşır.
Qiymətləndirmələrə görə qeyri-neft sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 237.2 mln.$ olmuşdur.