Qlobal maliyyə-iqtisadi reytinq xidməti "Moody’s Investor Service" ötən gün 5 Azərbaycan bankının – Beynəlxalq Bankın, Kapital Bankın, Xalq Bankın, Bank Respublikanın və Bank of Bakunun reytinqini qismən yeniləyib.
Eləcə də bax: Azərbaycanın 5 bankına "Pozitiv" qiymət verildi - MƏŞHUR AGENTLİK MƏLUMAT YAYDI
FED.az Moody’s-in yaydığı məlumata istinadən xəbər verir ki, ölkədə son dövrlərdə həyata keçirilən maliyyə əməliyyatlarının təkmilləşdirilməsi siyasəti, o cümlədən bankların kredit profillərinin təkmilləşdirilməsi, aktivlərin keyfiyyəti və gəlirlilik qiymətləndirmələrinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər ümumilikdə Azərbaycan bank sisteminin makro profilinin “Həddən artıq Zəif+”-dan “Zəif - ”-ə qədər yüksəldilməsinə təkan verib.
Yeni qiymətləndirmədə ən vacib məqamlar:
Beynəlxalq Bankın reytinq proqnozları “Stabil”dən “Pozitiv”ə doğru dəyişib, Baza Kredit Reytinqi (BKR) b3-dən b2-yə qaldırılıb. Kapital Bankın BKR-si təsdiqlənib və düzəliş edilərək b1 səviyyəsinə çatdırılıb. Xalq Bank, Bank Respublika və Bank of Baku ilə bağlı reytinqlərə də düzəliş edilərək, BKR b3 səviyyəsində təsdiq edilib.
Beynəlxalq Bankın uzunmüddətli yerli və xarici valyutada əmanət reytinqləri B1 səviyyəsində, Kapital Bankın analoji reytinqi Ba3 səviyyəsində, Xalq Bankın reytinqi B2 səviyyəsində, Bank Respublika və Bank of Bakunun reytinqləri isə B3 səviyyəsində saxlanılaraq, təsdiqlənib.
Beynəlxalq Bankın və Bank of Bakunun uzunmüddətli yerli və xarici valyutada əmanət reytinqlərinə dair proqnozları “Stabil”dən “Pozitiv”ə doğru dəyişib. Kapital Bank, Xalq Bank və Bank Respublikanın müvafiq reytinqlərinin proqnozları isə “Neqativ”dən “Pozitiv”ə qaldırılıb.
Bütün beş bankın uzunmüddətli yerli və xarici valyutada Kontragent Risk Reytinqləri (KRR) və uzunmüddətli Kontragent Risk Qiymətləndirmələri (KRQ) əvvəlki mövqedə saxlanılıb. Həmçinin, adı çəkilən bankların qısamüddətli reytinqləri və qiymətləndirmələri dəyişməz qalıb.
İndi isə qısa olaraq hər bank haqqında:
Beynəlxalq Bankın yerli və xarici valyutadakı uzunmüddətli əmanət reytinqlərinin “Stabil”dən “Pozitiv”ə yüksəldilməsi həm də Azərbaycanın hazırda Ba2 səviyyəsində olan uzunmüddətli emitent və prioritet təminatsız borc reytinqinə dair müsbət proqnozları əks etdirir. Reytinq agentliyi həmçinin bankın mövqeyini yaxşılaşdırmasını pandemiya şəraitində kredit portfelinin daha çevik və səmərəli idarə olunması və gəlirlilik və kapitalın adekvatlığı səviyyələrinin yüksək saxlanılması ilə izah edib. Moody’s ABB-nın 2020-ci ilin sonuna problemli kreditlərini və restrukturizasiya edilmiş borcları ümumi kredit portfelində müvafiq olaraq 5-6% və 2-3% olduğunu təxmin edir.
Kapital Bankın baza kredit reytinqinin b1 səviyyəsində, yerli və xarici valyutadakı uzunmüddətli əmanət reytinqlərinin isə Ba3 səviyyəsində təsdiqlənməsi kredit portfelinin sağlam idarəçiliyi, eləcə də xalis mənfəət və kapital ehtiyatlarının qənaətbəxş səviyyələri ilə əsaslandırılıb. Bankın əmanət reytinqlərinin “Neqativ”dən “Pozitiv”ə qaldırılması onun kredit portfelində növbəti 12-18 ay ərzində təkmilləşdirmələrin aparılacağı barədə proqnozla izah edilib. Moody’sin hesablamalarına görə, Kapital Bankın problemli kreditlərinin həcmi 2020-ci ilin sonuna ümumi kredit portfelinin 3,3%-ni təşkil edir (2019-cu ilin sonuna bu rəqəm 4,6% idi).
Xalq Bankın baza kredit reytinqinin b3 və yerli və xarici valyutadakı uzunmüddətli əmanət reytinqlərinin B2 səviyyəsində təsdiqlənməsi bankın tədricən yaxşılaşdırılan aktivlərinin keyfiyyət göstəricilərini və kapitalın geniş adekvatlıq səviyyəsini əks etdirir. Bankın koronavirus pandemiyasının təsirlərinə məruz qalma səviyyəsi ümumi kreditlərin 10%-i həcmində məhdudlaşır. Problemli kreditlərin, o cümlədən pandemiya səbəbindən restrukturizasiya edilmiş kreditlərin həcmi 2020-ci ilin sonuna bankın toplam kredit portfelində 12,8% təşkil edib (2019-cu ildə bu rəqəm daha çox – 15% idi).
Bank Respublikanın baza kredit reytinqinin və düzəliş edilmiş BKR-nin b3 səviyyəsində, yerli və xarici valyutadakı uzunmüddətli əmanət reytinqlərinin isə B3 səviyyəsində təsdiqlənməsi pandemiya şəraitində kredit portfelinin sağlam keyfiyyəti ilə, əmanət reytinqlərinə dair proqnozların “Neqativ”dən “Pozitiv”ə qaldırılması isə növbəti 12-18 ay ərzində müstəqil kredit profilinin təkmilləşdirmələrilməsi və maliyyə əməliyyatlarının genişləndirilicəyi ilə əsaslandırılıb. Kredit portfelinin böyük hissəsinin kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi və zəmanətsiz istehlak kreditlərinin verilməsinə ayrıldığına baxmayaraq, bank pandemiyanın təsirlərindən böyük ölçüdə sığortalana bilib. 90 gündən artıq gecikən kreditlərin həcmi 2020-ci ilin sonuna ümumi kredit portfelinin 2,8%-ni təşkil edib, kreditlərin 20%-ə qədəri isə restrukturizasiya olunub.
Bank of Bakunun baza kredit reytinqinin və uzunmüddətli əmanətlərinə dair mövqeyinin müsbət proqnozla təsdiqlənməsində kredit portfelinin çevik və səmərəli idarəçiliyi və növbəti il yarımlıq dövrdə müstəqil kredit profilinin yaxşılaşacağına dair gözləntilərdir. 90 gündən artıq gecikən kreditlərin həcmi 2020-ci ilin sonuna cəmi kredit portfelinin 8%-ni təşkil etmiş və bankın ehtiyatları hesabına kompensasiya olunmuş, kreditlərin 10%-ə qədəri isə restrukturizasiya prosesindən keçmişdir.
Moody’s Azərbaycan iqtisadiyyatının cari ildəki inkişaf perspektivləri ilə bağlı da ümumi proqnozlar verərək, pandemiya ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərin yumşaldılması və enerji daşıyıcılarının kiçik templərlə, lakin nisbətən sabit şəkildə artması səbəbindən ölkədə ÜDM-in 2021-ci ildə real ifadədə 3,5%, növbəti 2-3 il ərzində isə orta hesabla 3% artacağını bildirib. (Marja)