Kredit faizlərinin dəyişdirilməsi, bank kartlarının istifadəsi və banklar tərəfindən onlayn xidmətlərinin sayını artırılması bu ilin əsas maliyyə trendləri olacaq.
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu bank-maliyyə səhəsi üzrə ekspertlər bildirib.
Ekspert Tural Əliyevin fikrincə, 2022-ci ildə kreditlərin faiz dərəcələri və inflyasiya göstəricisi ilə bağlı mövzular daha aktual olacaq.
“Məlum olduğu kimi son zamanlarda başlıca müzakirə mövzularından biri, şübhəsiz, mal və xidmətlərin qiymətlərindəki artımlardı. Azərbaycan Mərkəzi Bankının (AMB) və Dövlət Statistika Komitəsinin rəsmi rəqəmlərinə nəzər salsaq, inflyasiya göstəricilərinin ilin əvvəlindən etibarən artan templə yüksəldiyini aydın şəkildə görə bilərik. Pandemiyanın davam etdiyi dövrdə təklif olunan mal və xidmətlərin qiymətlərindəki bu artım insanların dolayısı ilə alıcılıq qabiliyyətinə də təsirsiz ötüşməyəcək.
Hər kəsə məlumdur ki, mal və xidmətlərin qiymətlərindəki artım insanların gəlirlərinə nisbətən faiz etibarilə daha tez yüksəlməkdədir. Həmçinin nəzərə alsaq ki, Mərkəzi Bank sentyabr, oktyabr və dekabr aylarında uçot dərəcəsini, yəni dolayısı ilə banklara verilən kreditlərin faiz dərəcəsini artırıb, bu səbəblə, alıcılıq qabiliyyətinin aşağı düşməsi fonunda əhalinin kreditləşməyə olan kəskin meyllənməsini tənzimləmək üçün uçot dərəcəsində artıma gedilə bilər. Çünki mövcud faizlərlə keditləşməyə olan marağın çoxalması bazarda pul kütləsinin artmasına, bu isə pulun real dəyərinin azalmasına gətirib çıxara bilər. Digər mühüm gözlənti isə pandemiya şəraitində maliyyə-bank sektorunda artan rəqəmsallaşma ilə bağlı (onlayn ticarət, bankların onlayn xidmət kanalları və s.) plastik kartlara olan meylliyin artması olacaq.
Ekspert Xalid Kərimli də kredit faizlərinə toxundu:
“Mərkəzi Bank son iki iclasında faiz dərəcələrini artırsa da, hazırda ölkə üzrə kredit faizlərinin yüksəlməsi hiss olunmur. Lakin onu da nəzərə alaq ki, AMB dünya mərkəzi banklarının təcrübəsinə əsaslanaraq, inflyasiyanın qarşısını almaq üçün faiz dərəcələrini yüksəltməkdə davam edəcək. Bu da tədricən kreditlərin faiz dərəcələrinin yüksəlməsinə gətirib çıxaracaq. Xüsusilə də manatla verilən kreditlərdə bu hal müşahidə olunacaq”.
X.Kərimli bu il ərzində maliyyə üzrə ən böyük uğurun insanların ticarət əməliyyatlar zamanı bank kartlarına daha çox üstünlük verəcəyini hesab edir:
“Qlobal pandemiya böhranından çıxan və Qarabağdakı zəfərdən sonra dirçəlməyə doğru gedən Azərbaycan iqtisadiyyatında əhalinin iqtisadi fəallığını nəzərə alsaq, bank kartlarından daha çox istifadə olunacağına proqnoz vermək olar. Xüsusilə də Vergi Məcəlləsindəki nəzarət mexanizminin gücləndirilməsi kartdan kənar ödənişlər üçün imkanları məhdudlaşdıracaq”.
Bank əməliyyatlarında Rusiya təcrübəsindən çıxış edərək bunun ölkəmizdə tətbiqindən söz açan Azərbaycanda fəaliyyət göstərən banklardan birinin baş kredit mütəxəssisi Emil Əliyev bildirib ki:
“Rusiyada kredit almaq istəyən şəxsin banka gəlməyinə ehtiyac olmur. Məsələ telefonla həll olunur, təsdiqlənir, daha sonra onun evinə müəyyən məbləğli kredit kartı gətirilir. Bundan başqa, müştərinin pul göndərməsindən tutmuş imza nümunəsinə qədər hər şey onlayn şəkildə olur. Hazırda bu proses Azərbaycanda də tətbiq olunmağa başlayıb.
Bizim bankda da müştəri artıq cəmi iki sənədə imza atmaqla kredit ala bilir. Tədricən biz də tam onlayn sistemə keçməyə hazırlaşırıq. Bu ildən ən böyük gözləntimiz budur”.
Analitiklərin sözlərinə görə, 2022-ci ildə maliyyə sahəsində müəyyən dəyişikliklər ola bilər.