Azərbaycanda yeni İnteqrəolunmuş Maliyyə İdarəetmə Sistemi (IFMIS) konsepsiyasının hazırlanması nəzərdə tutulur.
Azərbaycan dövlət büdcəsindən xərcləməyi azaldıb
FED.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, qurumda Cənubi Koreyanın Fiskal İnformasiya Xidməti ilə birgə "Koreya–Azərbaycan IFMIS Seminarı" keçirilib. Məqsəd maliyyə idarəçiliyinin rəqəmsallaşdırılması prosesini sürətləndirmək, dövlət maliyyə nəzarətinin daha da gücləndirilməsi üçün qabaqcıl beynəlxalq təcrübələrlə tanış olmaq, Azərbaycan üçün yeni İnteqrəolunmuş Maliyyə İdarəetmə Sistemi (IFMIS) konsepsiyasının hazırlanmasına, "dBrain+" təcrübəsinin öyrənilməsinə dəstək göstərməkdir.
Seminarın açılışında çıxış edən Maliyyə Nazirliyinin aparat rəhbəri Natiq Həsənov Maliyyə son dövrlərdə aparılan genişmiqyaslı rəqəmsallaşma prosesi barədə məlumat verib və qeyd edib ki, bu istiqamətdə görülən işlər artıq dövlət idarəçiliyinin bütün səviyyələrini əhatə edən kompleks transformasiya mərhələsinə daxil olub. Qeyd olunub ki, "Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında" ölkə Prezidentinin 25 avqust tarixli Fərmanı maliyyə idarəetməsi sahəsində rəqəmsal islahatların daha da sürətləndirilməsi üçün çox ciddi hüquqi və institusional baza formalaşdırır. Həmin fərmanla büdcə planlaşdırılması, icrası, mühasibat uçotu, dövlət borcunun idarə olunması və auditi əhatə edən proseslərin vahid yanaşma ilə modernləşdirilməsi üzrə konkret tapşırıqlar verilib.
Aparat rəhbəri qeyd edib ki, Maliyyə Nazirliyinin əməkdaşlarının yay aylarında Koreyaya səfəri zamanı "dBrain+" sistemləri ilə tanışlığı, institusional idarəetmə modelinin öyrənilməsi və tətbiq olunmuş həllərin yerində araşdırılması Maliyyə Nazirliyi üçün olduqca dəyərli təcrübə təmin edib.
Öz növbəsində Koreya Fiskal İnformasiya Xidmətinin prezidenti Seok Ho Yoon vurğulayıb ki, ölkəsinin müvafiq qurumları Azərbaycanla təcrübə və qabaqcıl texnoloji həllərin paylaşılması prosesinə yaxından dəstək göstərməyə hazırdır.
Seminar çərçivəsində Koreya tərəfi "dBrain+", "e-Naradoum" hökumət subsidiyalarının idarəetmə sistemi və Koreya İqtisadiyyat və Maliyyə Kiber Təhlükəsizlik Mərkəzinin fəaliyyəti barədə təqdimatlar edib.
Azərbaycan tərəfi isə ölkənin hazırkı Rəqəmsal Dövlət İnformasiya Sisteminin strukturu, mövcud informasiya sistemləri və islahat tələb edən əsas istiqamətlər barədə təqdimatla çıxış edib.












