Azərbaycanda məhkəmə sələmçidən pul götürüb qaytarmayan şəxsi 1 il müddətində azadlıqdan məhrum edib. Bu barədə FED.az-a tanınmış hüquqşünas Əkrəm Həsənov məlumat verib.
Onun sözlərinə görə, bu proses Göygöldə baş verib.
«Mahir Abbasov 11 yanvar 2014-cü ildə Əşrəf Qurbanovdan (hər ikisi Göygöl sakinləridir) notarial qaydada təsdiq edilmiş müqavilə əsasında 6 ay müddətinə 36 000 manat borc götürüb. Abbasov iddia edir ki, Qurbanov Göygöldə tanınmış sələmçidir və əslində ondan cəmi 17 000 manat borc götürüb və onun da 4000 manatını qaytarıb. Sadəcə Qurbanov faizlərlə birlikdə borcu 36000 manat həddinə çatdırıb və müqavilədə məhz bu məbləği təsbit etdirib. Həqiqi məbləğindən asılı olmayaraq borc vaxtında tam ödənilmədiyi üçün Qurbanov 31300 manat məbləğində pul tələbi ilə məhkəməyə müraciət edib. Göygöl rayon məhkəməsi borcun ödənilməsini qət edib. Abbasov cəmi 300 manat ödəyə bilib. Məhkəmə qərarının icra edilmədiyi səbəbindən Göygöl rayon məhkəməsinin 20 iyun 2016-cı tarixli qərarı ilə Abbasov İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən 10 gün müddətinə həbs edilib. 24 iyun 2016-cı il tarixində Gəncə Apellyasiya Məhkəməsi həbsi qüvvədə saxlayıb.
29 iyul 2016-cı il tarixində mən bu həbslə bağlı Avropa İnsan Haqları Məhkəməsinə şikayət etmişəm. Bu ilin oktyabr ayında Avropa Məhkəməsi bu və oxşar digər 2 işlə bağlı kommunikasiyaya başlayıb. Belə ki, Məhkəmə Azərbaycan hökumətinə müraciət edərək 16 yanvar 2018-ci ilədək bu şikayətlərə münasibət bildirməyi xahiş edib. Hökumətimizin rəyi sonra mənə göndəriləcək və mən də həmin rəyə münasibətimi bildirəcəyəm. Böyük ehtimalla növbəti ildə Avropa Məhkəməsi bu 3 işlə bağlı qərar qəbul edəcək».
Qeyd edək ki, bu arada Abbasova qarşı eyni məsələ ilə bağlı cinayət işi də açılıb. Göygöl Rayon Məhkəməsinin 6 iyun 2017-ci il tarixli hökmü ilə o, Cinayət Məcəlləsinin 306.1-ci maddəsi (“Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə”) ilə təqsirli bilinərək 4 ay müddətinə azadlıqdan məhrum edilib.
«Həm Abbasov, həm də ürəyi soyumayan Qurbanov apelyasiya şikayəti veriblər. Gəncə Apellyasiya Məhkəməsinin 3 avqust 2017-ci il tarixli qərarı ilə Qurbanovun şikayəti qismən təmin edilərək, Abbasovun azadlıqdan məhrum edilməsi müddəti artırılaraq 1 il müəyyən edilib. Ürəyi yenə soyumayan Qurbanov kassasiya şikayəti verərək maksimal cəza (3 il) tələb edib. Mən də kassasiya şikayəti verərək Abbasova bəraət verilməsini istəmişəm»-deyə hüquqşünas bildirir.
Əkrəm Həsənovun sözlərinə görə, alınan borc əlbəttə ki, qaytarılmalıdır. Amma məsələ borclunun onu qaytarmaq imkanının olub-olmamasından gedir: «O cümlədən sələmçidən götürülən borc da (sələmçinin qazancı üzrə vergi ödəyib-ödəməməsi məsələsi artıq vergi orqanlarının işidir, məsələnin mənəvi tərəfi barədə hökm isə Allaha məxsusdur). Lakin imkan və qanun çərçivəsində. Himayəsində arvadı və 3 övladı olan Abbasov işsizdir və borcu imkanı olmadığı üçün qaytara bilməyib. İttiham edildiyi Cinayət Məcəlləsinin 306.1-ci maddəsində deyilir: “Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə”. Konstitusiya Məhkəməsi həmin maddəni şərh edərkən 2 oktyabr 2012-ci il tarixli Qərarında qeyd edir ki, məhkəmə aktının qərəzli icra edilməməsinin 5 mütləq əlaməti var və onlardan biri “borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması”dır. Deməli, borc imkansızlıq səbəbindən ödənilməyibsə, heç bir məsuliyyətdən söhbət gedə bilməz. Məhkəmə prosesində Abbasovun imkanının olduğu və borcu həqiqətən qərəzli olaraq ödəməməsi sübuta yetirilməyib, heç buna cəhd də edilməyib. Sanki kasıb olmaq qəbahətdir!»-deyə hüquqşünas bildirir.
Qeyd edək ki, bu məsələ sabah, dekabrın 26-da Ali Məhkəmədə müzakirə ediləcək. Dekabrın 26-sı saat 9.30-da Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə Cinayət Məcəlləsinin 306.1-ci maddəsi üzrə ittiham olunan və vəkili olduğum Mahir Abbasovun işinə baxılacaq.
«Faktiki olaraq Abbasov məhz borcu ödəyə bilmədiyinə görə cəzalandırılıb.
İnzibati həbsdən Avropa Məhkəməsinə etdiyim şikayətdə həmçinin Avropa İnsan Haqları Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) və 4-cü Protokolunun 1-ci maddəsinin (“Heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz”) pozulduğunu iddia etmişəm. Sabahkı iclasda bunu bir daha Ali Məhkəmənin də diqqətinə çatdıracağam.
Ali Məhkəmə sabah borca görə qanunsuz həbslərə son qoymaq şansına malikdir. Yaxşı olar ki, bunu özü etsin. Çünki növbəti ildə böyük ehtimalla Avropa Məhkəməsi onsuz da Azərbaycandakı bu həbslərin qanunsuz olduğunu təsdiqləyəcək və dövlətimiz qanunsuz həbs edilənlərə (o cümlədən Abbasova) təzminat ödəməli olacaq»-deyə Ə.Həsənov bildirir.
Hüquqşünas bildirir ki, hazırda Azərbaycan borcunu ödəyə bilməyən şəxslərin həbs olunduğu yeganə Avropa dövlətidir: Borca görə həbs tarixən barbar cəmiyyətlərinə xas olub, ilk dəfə VII əsrdə müsəlman aləmində buna son qoyulub və XIX əsrdə Avropa da bu yanaşmanı qəbul edib.
Odur ki, yaxşı olardı ki, sabah Ali Məhkəməmiz də bu yanaşmanı qəbul etdiyimizi təsdiq edərdi. Bunu bizə münasibətdə Avropa Məhkəməsi etsə, şəxsən məndə bu, xəcalət hissi yaradacaq. Çünki Avropa Məhkəməsi hələ heç bir dövlətə qarşı Konvensiyanın sözügedən maddəsi üzrə qərar çıxarmayıb. Birinci olmaq bizə yaraşmaz! Hər bir halda Ali Məhkəmə sabah fərqli qərar versə Avropa Məhkəməsinə növbəti şikayəti göndərəcəyəm. Bizim Konstitusiya Məhkəməsinə də...»
Hüquqşünas əmindir ki, borcunu qaytarmadığına görə, borclunu həbsə atdırmaq istəyən sələmçi bunu digər borclulara dərs olmaq üçün edir:
«O ki qaldı ürəyi soyumayan sələmçiyə, onun banklarımızdan da qəddar olduğu göz qabağındadır. Banklarımız, bir qayda olaraq, inzibati həbslə kifayətlənir və işi cinayət icraatına qədər çatdırmır. Amma banklardan xeyli yüksək faizlə borc verən və buna görə heç vergi də ödəməyən sələmçilər daha qəddardır (digər borclularına dərs vermək istəyirlər bu yolla). Onları Allahın və vergi orqanlarımızın mülahizəsinə buraxaq...»
Azərbaycanda sələmçi-borclu mübahisəsi – 1 İL HƏBS
12:54
25 Dek 2017