Azərbaycan Mikromaliyyə Assosiasiyası törəmə təşkilatı “Finance and Social İnnovation Consulting” MMC ilə birgə “Dayanıqlı İnkişaf üçün Potensialları Reallaşdıraq” mövzusuna həsr edilmiş 9-cu mikromaliyyə konfransının və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi” layihəsinin rəsmi təqdimatını təşkil edib.
Tədbiri dəstəkləyən layihə donoru Avropa İttifaqı, törəmə təşkiPartnyor Qızılı Partnyor Bank Respublika, Xüsusi Seminar Partnyoru Adastra Biznes Konsaltinq, Gümüşü Partnyorlar Beynəlxalq Maliyyə Korporasiyası (İFC) və FİNCA Azerbaijan, Bürünc partnyor İnfoStudio təşkilatları olmuşdur. Bu dəfəki tədbirdə Almaniyadan EFSE/Finance in Motion, İslam İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, İsveçrə Əməkdaşlıq Ofisi, ABŞ-dan MİX təşkilatı, Çexiyadan Adastra Biznes Konsaltinq, Bosniyadan InfoStudio kimi beynəlxalq investor və xidmət şirkətləri iştirak edib.
Konfrans Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) İdarə Heyətinin Sədri Süleyman Kələşovun giriş nitqi ilə açılmış, Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin Sədri Cənab Ziyad Səmədzadənin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Prezidenti Cənab Məmməd Musayevin, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə heyətinin Sədri vəzifəsini icra edən cənab İbrahim Alışovun, Avropa İttifaqı Nümayəndəliyinin Azərbaycan üzrə rəhbəri cənab Kestutis Jankauskasın, İsveçrə Əməkdaşlıq Ofisinin regional direktor müavini və İsveçrə hökumətinin Azərbaycan üzrə Missiya rəhbərinin müavini xanım Simone Haeberli ,Azərbaycan Banklar Assosiasiyasının İdarə Heyətinin sədri Zakir Nuriyev və Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru xanım Jalə Hacıyeva ölkədə mikromaliyyə sektorunun hazırkı vəziyyəti, inkişafı və çətinlikləri barəsində və Avropa İttifaqı tərəfindən maliyyələşdirlən layihənin iqtisadiyyatın və mikrosahibkarlığın inkişafına verəcəyi töhvə haqqında çıxışlarını ediblər.
Cari ilin sentyabr ayının sonuna olan statistikaya əsasən mikromaliyyə xidmətini göstərən kredit təşkilatları 178,928–dən çox müştəriyə xidmət göstərməklə 273 milyon dollar həcmində portfelə malikdir.
Assosiasiyanın sədri cənab Kələşov bildirdi: ” Mikromaliyyələşməyə dəstək verilməsi dövlətimiz üçün prioritet olan qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın diversifikasıyasının təmin edilməsində böyük rolu olan kiçik və orta sahibkarların sonrakı inkişafı üçün çox önəmlidir. Regionlarda fəaliyyət göstərən kiçik və orta sahibkarlığın, mikro biznesin, ailə təsərrüfatlarının maliyyə resurslarına tələbatının ödənilməsində BOKT-lar xüsusi yer tutur. Fikrimizcə, həm Dövlətin dəstəyi, həm də investorların maliyyə və texniki dəstək layihələri kiçik və orta sahibkarlığın maliyyələşdirilməsində böyük rolu olan Bank olmayan Kredit təşkilatlarının davamlı və dinamik inkişafına yardımçı olacaq.
İnanırıq ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanın regionlarında dayanıqlı mikro-sahibkarlığın inkişafının sürətləndirilməsi layihə”si maliyyə savadlılığı olan yeni nəsil sahibkarların yetişməsinə öz töhvəsini verəcəkdir. Maliyyə savadlılığı olan sahibkarların yetişdirilməsi də öz növbəsində həm maliyyə institutlarının uzun müddətli inkişafına, həm də kiçik və orta biznesin gələcəkdə daha təkmil böyük bizneslərə çevrilməsinə təkan verəcək.”
Assosiasiyanın icraçı direktoru xanım Jalə Hacıyeva da çıxış edərək bildirdi:” AMFA olaraq inanırıq ki, Maliyyə Bazarların Nəzarət Palatası maliyyə inklüzivliyinə xidmət edən maliyyə institutları üçün əlverişli tənzimləmə və dinamik nəzarət çərçivəsinin yaradılması ilə yanaşı Mikromaliyyə institutlarının da ödəniş sistemlərinə inteqrasiyası istiqamətində planlaşdırılmış tədbirlərin həyata keçirilməsini sürətləndirəcəkdir. Bu, xüsusilə regionlarda və kənd yerlərində maliyyə xidmətləri ilə təminatın yaxşılaşdırılması, müştərilərə hərtərəfli və keyfiyyətli maliyyə xidmətlərinin göstərilməsi, regional iqtisadi inkişafa və məşğulluğa dəstək verilməsini hədəfləyən bir tədbir kimi Maliyyə Xidmətlərl üzrə Strateji Yol Xəritəsinin icrasından gözlənilən nəticələrdən biridir.
İnanırırıq ki, Avropa İttifaqı tərəfindən maliyyəşdirilən layihə məşğulluğun yaradılması və Azərbaycanın regionlarında mikrobiznesin inkişafına və eləcədə ailə ev təsərrüfatlarında gəlirlərin artırılması üçün şərait yaratmaqla yanaşı uzun müddətli dayanıqlılığı təmin etmiş olacaqdır.”
Açılış sessiyasından sonra AMFA ənənəvi olaraq üzv təşkilatları arasında “İlin üzv təşkilatı -2018” , “ İlin peşəkarı-2018”, “Maliyyə sektorunda gender bərabərliliyinin təbliği-2018” nominasiyaları üzrə mükafatlandırdı və ABŞ-nın MİX təşkilatı tərəfindən “Maliyyə Şəffaflığına malik Maliyyə İnstitutları”na xüsusi sertifikatlar təqdim edildi.
Konfransda “Mikromaliyyə: Böhrandan Öyrənilmiş Dərslər və Mikromaliyyə sektoru növbəti on illiyə hazırdımı? Dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi”, “Tənzimləyici qurumlar Mikromaliyyə Təşkilatlarının Fəaliyyətini necə stimullaşdıra bilər?”, “Bank və Qeyri Bank Sektorunda məlumat bazasının idarəedilməsində müasir yanaşma”, “Mikrokreditləşmənin rəqəmsallaşması: Çətinliklər və İmkanlar”, “Azərbaycanda kənd təsərrüfatının maliyyələşməsi: İmkanlar və Perspektivlər” və “Mikromaliyyə Təşkilatlarının alternativ maliyyələşdirilməsi alətləri”nə həsr edilmiş sessiyalarda müzakirələr aparılıb.
Azərbaycanda Mikromaliyyə Konfransı işinə başlayıb
10:34
22 Noy 2018