Dünyada baş verən iqtisadi problemlər şirkətlərin gəlirlərinin azalmasına, problemlərinin yaranmasına və hətta müflis olmasına səbəb olur. FED.az xəbər verir ki, qardaş Türkiyənin yaşadığı çətinliklər və burada şirətlərin üzləşdiyi problemlər buna misal ola bilər.
Burada şirkətlərin üzləşdiyi çətinliklər onların öz öhdəliklərinə əməl eməkdə çətinlik yaradır. Fərqli ölkələrdə şirkətlər belə vəziyyətlərdən müxtəlif üsullarla çıxırlar. Ən geniş yayılan üsullardan biri şirkətin və ya fiziki şəxsin borcunu qaytara bilmədiyi halda onun şərtlərini dəyişmək, əksər hallarda vaxtını uzatmaq üçün məhkəməyə müracət etməsidir. Türkiyədə bu üsul «konkordato» adlanır. «Konkordato» - müflis olmaqdan əvvəlki mərhələdir. Yəni şirkət borcunu ödəməkdə çətinlik çəkir və məhkəməyə müraciət edərək borcun şərtlərinin dəyişməsinə, əksər hallarda vaxtın uzadılmasına çalışır.
FED.az xəbər verir ki, Türkiyədə təkcə bu ilin əvvəlindən indiyə qədər konkordato üçün məhkəməyə müraciət edən şirkətlərin sayı 3 mini keçib. Bəs Azərbaycanda bu sahədə vəziyyət nə yerdədir? Problemlə üzləşən şirkətlər çətinliklərini necə həll edirlər? Ekspertlər bildirir ki, Azərbaycanda müflisləşmə ilə bağlı qanunvericilik təkmil olmadığına görə, bu fərq özünü şirkətlərin davranışlarında da göstərir.
Vəkil Vamiq Şükürov FED.az-a bildirib ki, Azərbaycanda şirkət və ya şəxs borcunu ödəyə bilməyəndə, məhkəməyə müraciət edir və tələblər arasında borc mübahisəsi məhkəmə qaydasında həll edilir. Məhkəmə şəxsin borcunun tutulması ilə bağlı qərar qəbul edir və həmin qərar qüvvəyə mindikdən sonra, borclu şirkət yenidən məhkəməyə müraciət edərək borcun hissə-hissə ödənilməsini və möhlət verilməsini xahiş edə bilər. Qanunvericiliyə görə, müflisləşmə prosesini borclu şirkətlərin özü başlayanda onun adına olan əmlakı başqasına keçirmək asan olur. Amma buna nəzarət edən orqan olmadığına görə, Azərbycanda bankları çıxmaqla, müflisləşmə üçün məhkəməyə müracət edənlərin şirkətlərin sayı çox azdır.
V.Şükürov buna iki səbəb göstərir. Birincisi yuxarıda göstəriləndir. İkinci səbəb isə ondan ibarətdir ki, Azərbaycanda mövcud olan şirkətlərin əksəriyyəti Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) kimi fəaliyyət göstərir ki, bunların da nizamnamə kapitalı simvolik xarakter daşıyır: «Bu şirkətlər böyük tikintilərdən tutmuş, bina tikintilərinə, yol tuikintilərinə və digər istehsal sahələrinə qədər müxtəlif işlərlə məşğul olsa da onların nizamnamə kapitalı çox kiçik məbləğdə – 50 manat, 100 manat, maksimum 3-10 min manat olur». Belə şirkətlərin mülkiyyətində olan daşınmaz əmlaklar və pul hesabları da çox azdır. Ona görə də bizdə iflasdan istifadə olunmur».
Möhlət verilməsi halları isə yalnız, borcun ödənilməsi üçün məhkəmə qərarları qəbul ediləndən sonra mümkündür: «Həmin qərar məhkəmə qərarlarını icra edən icra şöbələrinə göndərdikdən sonra şirkət möhlət almaq üçün məhkəməyə müraciət edə bilər». Vəkil bildirir ki, qarşı tərəf-borc verən tərəf tələbkar adlanır və vaxtın uzadılmasına razılaşmır. Məsələ bundadır ki, qanuna əsasən, borclunun əmlakı girovdadırsa, yəni borc götürülməsi üçün daşınar və daşınmaz əmlak girov qoyulubsa, möhlət verilməsi üçün tələbkarın razılığı olmalıdır. Əgər əmlakın girovu və ipotekası yoxdursa, məhkəmə həm tələbkarın, həm də borclunun maddi vəziyyətini və digər halları nəzərə alır.
Əgər məlum olsa ki, borcun birdəfəlik ödənilməsi mümkün deyil, onda tələbkarın da mənafeyini diqqətə almaqla borcun hissə-hissə ödənilməsinə möhlət verilə bilər. Amma bu halda da məhkəmə məbləğləri nəzərə almalıdır, necə deyərlər, məbləğlər ağılabatan olmalıdır: «Məsələn, şirkətin digər şəxsə 200 min manat borcu varsa, təbii ki, məhkəmə heç vaxt ayda 1000 manatdan ödənişlə bağlı qərar qəbul etməyəcək.
Çünki ayda belə kiçik məbləğ ödəməklə borcu normal vaxtda qaytarmaq mümkün deyil. Normal odur ki, belə hallarda məhkəmə ayda 10-20 min manat ödəniş barədə qərar qəbul etsin və ya, borcun ödənilməsi üçün 1 il möhlət versin. Bu nisbətən ədalətli qərar ola bilər».
Azərbaycanda «konkordato» – BORCU LƏNGİTMƏK OLARMI?
09:55
10 Okt 2018