Bir qisim insanın hobbi kimi baxdığı lotereyaları anidən varlanmaq üçün şans kimi dəyərləndirənlər də var. Bəs iştirakçısı olduğumuz lotereya oyunlarını özümüz də təşkil edə bilərikmi? Ümumiyyətlə, Azərbaycanda lotereyanı kimlər keçirə bilər, bu barədə qanunvericilik nə deyir?
FED.az xəbər verir ki, “Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin Lotereyaların təşkili və keçirilməsi sektorunun rəisi Xətai İsmayılov bildirdi ki, lotereyaların keçirilməsini dövlət tərəfindən yalnız “Azərlotereya” təşkil edə bilər. Fərdi şəkildə lotereya keçirmək olmaz: “Lotereya keçirmək istəyən şəxs bizə müraciət etməli, onu biz təşkil etməliyik. Ev və ya şirkətin hər hansı bir məhsulunu uduşa qoya bilərik. Bunu yalnız biz edə bilərik. Çünki qanunvericilik belədir, fərdi sahibkarlara lotereya oyunları təşkil etməyə icazə vermir. Qanunvericilik fərdi sahibkarlara stimullaşdırıcı, məqsədli lotereyaların təşkilinə icazə verir. Biz uduşları şirkət hesabına qoymuruq, biletlər satıldıqca uduşlar verilir. Qeyd edim ki, kiminləsə birgə lotereya oyunu keçirməyə ehtiyac olmur. Biz özümüz hər həftə lotereya təşkil edirik”.
X. İsmayılov bir daha qeyd etdi ki, lotereyaların təşkili hüququ yalnız “Azərlotereya” ASC-dədir və hazırda kiminləsə bir yerdə lotereya təşkil etmək niyyətində deyillər: “Hazırda heç kimlə lotereya oyunları keçirmək fikrimiz yoxdur. Çünki qazanılmış uduşlara görə qaliblərin problemləri yaranır. Ona görə də belə uduşlar keçirmirik”.
Lotereyaların keçirilməsi, təşkili qaydaları ilə bağlı aidiyyatı qurum olan Maliyyə Bazarlarına Nəzarət Palatasına da müraciət etdik. Palatadan bildirildi ki, həqiqətən də, “Azərlotereya”nın keçirdiyi lotereyaları digər şəxslər keçirə bilməz: “Lotereyalar haqqında qanuna görə, onun keçirilməsini yalnız Palata tərəfindən müəyyən edilmiş təşkilat keçirir. Ləğv olunmuş Qiymətli kağızlar üzrə Dövlət Komitəsi belə təşkilat kimi “Azərlotereya”nı müəyyən edib. Stimullaşdırıcı lotereyalara gəldikdə, vəziyyət bir qədər fərqlidir. Çünki bu, hər hansı malın və ya xidmətin satışını stimullaşdırmaq məqsədi daşıyır. Məsələn, kimsə hər hansı bir məhsul satır və deyir ki, kim bu məhsuldan alsa, lotereya iştirakçısı olur. O kampaniyalar zamanı uduş, məbləğ və ya hədiyyələr əvvəlcədən məlum olur. Yəni bu, o əmtəənin satışına bağlı deyil və reklam kampaniyası kimi bir haldır”.
Qurumdan verilən məlumata görə, istənilən hüquqi şəxs stimullaşdırıcı lotereya keçirmək üçün Palataya müraciət edə bilər: “Hüquqi şəxs lotereyalar haqqında qanuna və stimullaşdırıcı lotereyaların keçirilmə qaydalarına uyğun olaraq, şərtləri bizə təqdim edir. Bundan sonra biz şərtlərə baxırıq. Əgər istehlakçıların hüquqlarının qorunması təmin olunubsa, ədalətli lotereya keçirilməsi şərtləri varsa, qanunun digər tələblərinə riayət edilibsə, o zaman stimullaşdırıcı lotereyanın keçirilməsinə icazə verilir. Bayaqkı nümunəyə qayıdaq. Məsələn, həmin məhsuldan 10 manatlıq alan lotereya iştirakçısı olur. Tutaq ki, 1 aydan sonra tiraj keçirilir və verilən biletlərdən qalib olan maşın udur. Bu zaman fərq etmir ki, həmin sahibkar bu 1 ay ərzində 100 manat, yoxsa 100 min manat həcmində satış edib. “Azərlotereya” isə klassik lotereya keçirir. Bu zaman uduş məbləği satılan biletin sayına bağlıdır və heç bir mal satışından söhbət getmir. Bu cür lotereyaları ancaq “Azərlotereya” keçirə bilər”.
Eləcə də bax: Podratçıların sayı 3-dən az olduqda tender ləğv ediləcək - SATINALMADA YENİLİKLƏR
©insider.az