Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyəti faiz dəhlizinin parametrlərinə dair 2020-ci ilin 6-cı iclasını keçirməyə hazırlaşır. Maraqlıdır, AMB iqtisadi sabitlik üçün mühüm olan faiz dərəcəsinə bu iclasda hansı qərarlar verəcəkdir.
FED.az Banker.az-a istinadən xəbər verir ki, Mərkəzi Bankin İdarə Heyəti bu il artıq 5 iclas keçirib, iclasların 3-də hər biri olmaqla uçot faiz dərəcəsini 0.25% bəndi endirməyə qərar verib. İlk iclas yanvarın 31-də baş verib, uçot faiz dərəcəsi 0.25% bəndi azaldılaraq 7.25% olmuşdur. Həmin dövrdə Çindən artıq COVID-19-un qonşu ölkələrin sərhədlərinə də yaxınlaşması, neftin qiymətinin dəyər itirməsinə görə (nəticədə lokal bazarda dollar təşvişi məzənnəyə təzyiq yaratdı ) AMB növbəti iclaslarında “gözləmə mövqeyinə” keçdi. İki ardıcıl iclas: mart ayının 19-u və may ayının 1-də uçot faiz dərəcəsinə toxunmadı.
Nisbətən neftin qiyməti və maliyyə təşvişinin aradan qalxmasından sonra maliyyə bazarına nəzarət orqanı növbəti iki iclasda uçot faiz dərəcəsini azaldaraq 7.00%-ə (19 iyun) və 6.75%-ə (30 iyul) qədər azaltmalı oldu.
Qərar qəbul edilərkən “faktiki və proqnozlaşdırılan” illik inflyasiyanın hədəf intervalının (4+2%) mərkəzindən aşağıda olması, beynəlxalq konyunkturda yaxşılaşma meyillərinin və valyuta bazarında stabilliyin davam etməsi, pandemiyanın təsiri ilə tələbin zəifləməsinin antiinflyasiya effektləri nəzərə alınmaqla qəbul edildiyi requlyator tərəfindən bildirilirdi.
Son iclasda verilən siqnallarda inflyasiya, qlobal bazardakı dəyişmələr və monetar şəraitlə bağlı nikbin göstəricilərin olduğu hiss olunurdu.
Son iclaslar yerli bazarda hansı effekti verdi?
Mərkəzi Bankın 19 iyun və 30 iyul iclasından sonra bazarda qismən də reaksiya gəlib. Əsasən də bankların fiziki şəxslərlə olan kredit və depozitlərdə. Məsələn, 19 iyun iclasından sonra fiziki şəxslərə verilən kreditlərin orta faiz dərəcəsi manatda 0.11% bəndi ucuzlaşıb, 16.26%-ə düşüb. Bu da 2020-ci ildə qeydə alınmış ən böyük azalmadır. Xarici valyutada kredit faizləri sabit qalıb. Depozitlər üzrə isə faiz dərəcəsi 0.02% bəndi xarici valyutada bahalaşıb 2.08% olub.
Biznesə verilən kreditlərin faiz dərəcələri isə əksinə, 0.08% bəndi bahalaşıb 8.79% olub. Xarici valyutada isə 0.01% bəndi düşüb, 5.07% olub.
Avqust ayı ərzində isə yerli kredit təşkilatları AMB-nin 30 iyuldakı qərarına yalnız fiziki şəxslərə verdikləri kredit faizlərinin azaldılması ilə cavab veriblər. Məsələn, bankların istehlak kreditlərinin faizlərini endirməsini göstərmək olar.
Mərkəzi Bank son iclasında bildirmişdi ki, faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar faktiki inflyasiyanın proqnozdan kənarlaşma dərəcəsindən, qlobal bazarlarda vəziyyətin dəyişməsindən, habelə daxili tələbin və iqtisadi aktivliyin bərpasından asılı olaraq qəbul ediləcəkdir.