Azərbaycan Mərkəzi Bankı Türkiyə və Rusiyanın milli valyutalarının dəyərdən düşməsi, bəzi yerli bankların ABŞ dollarının satış məzənnəsini artırması fonunda manatın məzənnəsinin gələcək perspektivi ilə bağlı FED.az-a açıqlama verib.
Qurumun sözçüsü Namiq Əliyev sorğuya cavab olaraq bildirib ki, Azərbaycanın valyuta bazarındakı vəziyyətə - manatın məzənnəsinə təsir edən başlıca fundamental amil tədiyyə balansının durumudur.
“Faiz dəhlizinin parametrlərinə dair avqustun 1-də açıqladığımız məlumatda da qeyd olunub ki, ölkənin tədiyyə balansının göstəricilərinin yaxşılaşması cari ildə də davam etməkdədir. Ticarət balansındakı irihəcmli müsbət saldo hesabına cari əməliyyatlar balansı profisitlidir. Ölkənin qeyri-neft sektoru üzrə ixrac potensialının artması və dünya bazarında neftin bahalaşması cari ildə ixracın sürətlə genişlənməsinə şərait yaradıb. Ticarət balansından əlavə xidmətlər balansında da müsbət proseslər davam edir. Turizm xidmətləri üzrə müsbət saldo qorunur. Bundan başqa, ölkəyə daxil olan pul baratlarının həcmində artım müşahidə edilir. Xarici valyuta daxilolmalarının artması şəraitində ölkənin həm nağd, həm də qeyri-nağd valyuta bazarında vəziyyət tarazlıdır. Bazarda aparılmış müşahidələrə görə, banklar xarici valyutanın alış-satış məzənnələrini rəsmi məzənnəyə yaxın səviyyədə müəyyən edirlər. Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsi mövcud əlverişli makro-iqtisadi mühitdə sabit vəziyyətdədir”, - deyə o qeyd edib.
“Rusiya və Türkiyənin milli valyutalarının ucuzlaşmasına gəldikdə isə, qeyd etmək istəyirəm ki, AMB tərəfdaş ölkələrin valyuta bazarlarındakı vəziyyəti daima izləyir. Ümumilikdə, tərəfdaş ölkələr üzrə manatın çoxtərəfli məzənnəsinin dinamikası da göstərir ki, ilin ötən dövründə Azərbaycanın milli valyutasının qeyri-neft sektoru üzrə ümumi ticarət çəkili real effektiv məzənnəsi və nominal effektiv məzənnəsi möhkəmlənib. Bütün bunlar göstərir ki, bəzi banklar dolların satış məzənnəsini cüzi artırıbsa, bu, yalnız psixoloji amillə izah oluna bilər”, - deyə AMB rəsmisi fikrini tamamlayıb.