Azərbaycanda "üzən məzənnə"nin heç 2020-ci ildə də tətbiqi inandırıcı görünmür. FED.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Samir Əliyev bildirib. Onun sözlərinə görə, Azərbaycanın qonşuları olan və bir neçə il əvvəl evni vəziyyətlə üzləşən Rusiya və Qazaxıstandan fərqli olaraq Azərbaycan iqtisadiyyatı neftdən daha çox asılı olduğuna görə, "üzən məzənnə"yə keçilməsi iqtisadiyyatda böyük qeyri sabitliyə səbəb ola bilər.
Ekspert bildirib:
"2020-ci ildən Azərbaycanda tam üzən məzənnə rejimi tətbiq olunacağı qeyd edilir. Əvvəla, qeyd edim ki, 2015-ci ilin dekabr ayında verilmiş və manatın məzənnəsinin valyuta bazarda tələb-təklif əsasında formalaşmasını nəzərdə tutan qərarı doğru hesab etmirəm. O dövrdə də bunun MÜMKÜN və MƏSLƏHƏT olmadığını qeyd etmişdik. Sonrakı proseslər bu fikirləri təsdiq etdi və Mərkəzi Bank haqlı olaraq manatın məzənnəsini real olaraq əvvəlki qaydada müəyyənləşdirməyə başladı. Təsadüfi deyil ki, mart ayından bəri manatın ABŞ dollarına olan məzənnəsi 1,7000 səviyyəsində qalıb. Belə məzənnə ancaq fiksə olunmuş siyasətdə mövcuddur.
Müqayisə üçün bildirim ki, bizimlə təxminən eyni dövrdə üzən məzənnəyə keçdiyini elan etmiş Rusiya və Qazaxıstanda milli valyutaların dollara olan məzənnəsi manatda olduğu kimi "daşlaşmış" deyil. 2018-ci ilin birinci yarım ilində Azərbaycanda 1 dolların manata olan rəsmi məzənnəsi 1,7000-1,7001 intervalında qaldığı halda, Rusiyada ABŞ valyutasının rəsmi məzənnəsi 56,9-64,1 rubl, Qazaxıstanda isə 318-343 tenge arasında dəyişib.
Azərbaycan iqtisadiyyatının neftdən asılılığı digər iki ölkə ilə müqayisədə daha yüksəkdir. Əgər bu ölkələrdə məzənnə hətta idarəolunan olsa belə, bu intervalda oynayırsa, Azərbaycanda daha sərt və qeyri-sabit ola bilər. Azərbaycanda 2020-ci ildə də tam üzənnə rejiminin tətbiqi real görünmür. Nə qədər ki, iqtisadiyyatın neftdən asılılığı yüksəkdir, diversifikasiya olunmayıb manatın Mərkəzi Bank tərəfindən inzibati qaydada tənzimlənməsi daha yaxşıdır. İqtisadi diversifikasiya isə zaman tələb edir.
Bunun üçün rəqabət mühiti yaradılmalıdır, iqtisadi islahalar aparımalıdır, sahibkarlıq mühiti yaxşılaşdırılmalıdır, son dövlər müşahidə edilən dövlət sahibkarlığı yox, özəl sektor inkişaf etdirilməlidir, sahibkarlara dövlətin dəstəyi olmalıdır. Bütün bunlar sistemli yanaşmanı və dövlət idarəçiliyində struktur islahatları özündə ehtiva edir".
"Azərbancanda "üzən məzənnə" 2020-də də olmayacaq" - AÇIQLAMA
19:30
18 İyul 2018