Avropa Mərkəzi Bankının (AMB) rəhbərliyi sıralarında ciddi fikir ayrılığı yaranıb. Belə ki, qurumun oktyabr ayında keçiriləcək iclasında aktivlərin alınması proqramının başa çatması tarixinin elan olunacağı gözlənilsə də, bankın idarə heyətinin bir sıra üzvləri bununla razı deyillər.
FED.az Reuters agentliyinə istinadən xəbər verir ki, AMB idarə şurasındakı mənbələrdən verilən məlumata görə, sözügedən proqramın müddəti bir qədər də uzadıla bilər. Avronun bahalaşması inflyasiyaya mənfi təsir göstərdiyindən AMB rəhbərliyi arasında aktivlərin alınması proqramının gələcəyi ilə bağlı ciddi fikir ayrılığı yaranıb.
Mərkəzi Bankın rəhbərliyindəki mübahisə iki qrup arasında gedir. Avrozonanın varlı Şimal ölkələrinin təmsil olunduğu “Şahinlər” qrupu, başda Almaniya olmaqla, həcmi 2,3 trilyon avro olan aktivlərin alınması proqramını dayandırmağın tərəfdarıdırlar. Əks tərəfdə yer alan “Göyərçinlər” qrupu isə nisbətən “kasıb” ölkələrin adından çıxış edərək, proqramın birdəfəlik dayandırılmasına qarşı çıxır, onun həcminin tədricən azaldılmasını təklif edirlər.
Mövcud fikir ayrılığı mübahisə predmeti olan proqramın başa çatması tarixinin AMB-nin 26 oktyabrda keçiriləcək növbəti iclasında açıqlanması ehtimalını azaldır. Belə olan təqdirdə, bu açıqlamanın bankın daha sonrakı dekabr iclasınadək təxirə salacağı daha inandırıcı görünür.
Qeyd edək ki, AMB-dəki mübahisənin başlıca səbəbi avronun digər valyutalar, xüsusilə də ABŞ dolları qarşısında güclənməsidir. Belə ki, vahid avropa valyutasının bahalaşması idxalı ucuzlaşdıraraq ixracı bahalaşdırır və bununla da inflyasiyaya mənfi təsir göstərir.
AMB məsələ ilə bağlı münasibət bildirməkdən imtina edib. Bankın idarə heyətindəki mənbələr bildirirlər ki, yekun qərar hələ qəbul olunmayıb və debatlar davam edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Avronun bahalaşması Mərkəzi Bankda mübahisələrə səbəb olub
11:53
20 Sen 2017