70 komandanın mübarizə apardığı Startupfest Gəncə müsabiqəsində 1-ci yerə çıxan Agro-Bot komandası İstanbulda Türkiyənin texnoloji startap ekosistemi ilə tanış olub.
FED.az xəbər verir ki, gəncəli startapçılar 5 günlük səfər çərçivəsində bu sahə üzrə Türkiyənin aparıcı mütəxissəsləri ilə "Bilişim Vadisi"nin İstanbul binasında görüşlər keçirib, habelə beynəlxalq bazara çıxış, marketinq və biznesin idarə edilməsinə dair müxtəlif təlimlərdə iştirak ediblər.
Xatırladaq ki, fermerlər üçün innovativ həll yolları vəd edən “Agro-bot”-un ilk robotu suni intellektdən istifadə edərək əkin sahələrini yararsız alaq otlarından təmizləyir.
StartupFest Gəncə müsabiqəsi Asiya İnkişaf Bankı (AİB) və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı ilə baş tutub. Gəncə-Daşkəsən iqtisadi rayonunu əhatə edən proqramın məqsədi regionda yaşıl enerji, kənd təsərrüfatı, təhsil, dövlət sektorunda innovasiyalar üzrə startapların formalaşmasına təkan vermək olub.
Müsabiqə AİB-nin "Azərbaycanda Yerli Texnoloji Startapların İnkişafına Dəstək" texniki yardım layihəsi çərçivəsində təşkil olunub.
Layihə Koreya Respublikasının E-Asiya və Bilik Tərəfdaşlığı Fondunun maliyyə dəstəyi ilə reallaşdırılır.