Bu ilin mart ayında əhali dollarını satmamağa çalışaraq, əksinə yığıma keçib. FED.az Mərkəzi Bankın açıqladığı birinci rüb üzrə məlumatlara əsasən xəbər verir ki, banklardan dollar alışı 34% artıb. Bu artım isə apreldə baş verən qısamüddətli “dollar ajiotajı”nın başlanğıcı idi.
Beləki, 2018-ci ilin fevral ayında əhali banklara 222 milyon 427 min dollar satsa da mart ayında bu rəqəm 46 milyon dollar azalaraq 176 milyon dollara düşüb. İngilis funt sterlinqin banklara satışı da 2 dəfə azalaraq 595 min valyuta vahidinə düşüb. Banklar tərəfindən əhalidən avronun alışı daha aktiv olub. Müqayisə üçün deyək ki, fevral ayında 9 milyon avro alındığı halda mart ayında bu göstərici 21 milyona yüksəlib.
Rus rublunu banklarda mübadilə edənlərin sayı da çoxalıb. Rəqəmlərə görə, fevral ayında banklar tərəfindən 976 milyon rubl alındığı halda, mart ayın göstərici 1 milyard 198 milyon 349 min rubl təşkil edib.
Yuxarıda qeyd etdiyimiz kimi, mart ayında bankların satdığı dollar və fundsterlinqin həcmində artım müşahidə olunur. Avroda isə əksinə tələbin azalması baş verib. Mərkəzi Bankın göstəricilərinə görə, mart ayında əhali banklardan 204 milyon 206 min ABŞ dolları alıb, halbuki, bu ilin yanvar ayında bu göstərici 162 milyon , fevralda isə 151 milyon dollar təşkil edirdi. Mart ayında 2 milyon 613 min funt sterlinq alan əhalinin bu valyutaya da tələbinin artdığı görünür. Banklarda avronun alışı isə 5 milyon azalaraq 48 milyon 250 min avro təşkil edir. Rusiya rublunun alışındada isə 2 faiz geriləmə müşahidə olunur və mart ayında əhali banklardan 247 milyon 568 min rubl alıb.
Apreldəki “dollar ajiotajı”nın mart göstəriciləri
12:16
15 May 2018