Azərbaycanın sığorta sektorunda dayanıqlı maliyyə prinsipləri və ekoloji sosial idarəetmə (ESG) amillərinin inteqrasiyası məhdud şəkildə həyata keçirilib.
Mərkəzi Bank ESG stress testi üzərində işləyir
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı bildirir.
Məlumata görə, qurumun Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsi ilə uyğunlaşma baxımından yalnız 1 sığorta şirkəti müvafiq plana malikdir. Sığorta şirkətləri arasında dayanıqlı maliyyə prinsiplərin tətbiqi ilə bağlı əsas maneə kimi kifayət qədər məlumatlılığın olmaması və kadr potensialının yetərsizliyi ön plana çıxıb. Bundan əlavə, dayanıqlı maliyyə məhsul və xidmətlərinə tələbin məhdud olması və bu cür fəaliyyətlərin rentabelli olmaması da digər çətinliklər arasında qeyd edilib.
Sığorta sektorunda ESG amillərinin uzunmüddətli biznes strategiyasına və qərarvermə proseslərinə inteqrasiyası məhdud səviyyədədir (3 şirkət). Az sayda şirkət bu amilləri strategiyasına inteqrasiya etdiyini bildirsə də, əksər şirkətlər bu prosesin ya başlanğıc mərhələsində olduğunu qeyd edib. Qərarvermə proseslərinə gəldikdə, ESG faktorları əsasən sığorta məhsullarının yaradılması sahəsində nəzərə alınıb. Bu nəticələr sektorun ESG prinsiplərini daha geniş miqyasda tətbiq etməsi üçün əlavə tədbirlərə ehtiyac olduğunu göstərir.
Sığorta sektorunda ətraf mühit və sosial məsələlərlə bağlı beynəlxalq təşkilatlarla əməkdaşlıq geniş yayılmayıb. Şirkətlərin yalnız 13%-i beynəlxalq təşkilatların təşkil etdiyi təlimlərdə iştirak etdiyini, 19%-i isə məsləhət xidmətlərindən faydalandığını qeyd edib. Bu nəticələr sektorda beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsinin genişləndirilməsi zərurətini göstərir.
Sığorta şirkətlərinin resurslardan səmərəli istifadə ilə bağlı strategiyalarında kağız istifadəsinə qənaət ən çox qeyd olunan istiqamət olub (15 şirkət). Bundan əlavə, 6 şirkət enerji və su ehtiyatlarına qənaəti də öncül hədəflər kimi müəyyən edib. Yalnız bir şirkət resurs səmərəliliyi üzrə hər hansı hədəf müəyyən etmədiyini bildirib.