Bu ilin fevralında başlayan və artıq 8-ci aydır ki, davam edən Rusiya-Ukrayna müharibəsinin Azərbaycan iqtisadiyyatına və bank sektoruna təsiri açıqlanıb.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2022-ci ilin ilk yarısı üzrə açıqladığı «Maliyyə Sabitliyi Hesabatı»nda bildirilir.
Hesabatın bir hissəsi Rusiya-Ukrayna müharibəsinin Azərbaycanda maliyyə sabitliyinə təsirinə həsr edilib.
Burada deyilir ki, münaqişə və onun yaratdığı risklər ümumiyyətlə qlobal maliyyə sabitliyinə təhlükə yaradır: «2022-ci ilin fevral ayından etibarən davam edən Rusiya - Ukrayna münaqişəsi ilə bağlı Rusiyaya qarşı tətbiq edilən sanksiyalar, münaqişənin səbəb olduğu daşınma-logistika problemləri və nəticədə enerji və əmtəə qiymətlərində kəskin artım qlobal maliyyə sabitliyinə riskləri artırır.
Dario Caldara və Matteo Lacoviello tərəfindən hazırlanmış Geosiyasi risk indeksinə 1 (GPR) əsasən geosiyasi risklər Rusiya-Ukrayna münaqişəsi fonunda kəskin artmışdır. Qeyd edək ki, indeks aylıq əsasda geosiyasi gərginliklər və onların yaratdığı təhlükələri əhatə edən məqalələrin təhlilinə əsaslanır.
Geosiyasi risk indeksinə əsasən cari ilin fevral ayında Rusiya-Ukrayna müharibəsinin başlaması ilə indeksin səviyyəsi kəskin artıb ki, bu səviyyə 1991-ci il Körfəz müharibəsi və 2003-cü ildə İraq müharibəsində müşahidə olunan səviyyə ilə müqayisə oluna biləndir.
2022-ci ilin fevral ayından etibarən Rusiya və Ukrayna arasındakı münaqişə müxtəlif kanallarla qlobal maliyyə sisteminə təsir etməkdədir. Münaqişə ilə bağlı tətbiq edilən sanksiyaların indiyədək ölkəmizin bank sisteminə təsiri məhdud olmuşdur. Ümumilikdə, bu münaqişənin səbəb olduğu regional geosiyasi gərginliyin yaratdığı proseslərin maliyyə sisteminin dayanıqlığına potensial təsirini 5 istiqamətdə qruplaşdırmaq olar.
Qlobal inflyasiyanın artması. Geosiyasi proseslərin təsiri ilə yüksələn ərzaq qiymətləri və tədarük zəncirində yaranmış çətinliklər qlobal inflyasiyanın səviyyəsini artırmaqda davam edir. Qlobal ərzaq qiymətlərinin artması idxal kanalı ilə yüksək inflyasiyanın daxili qiymətlərə ötürücülüyünü artırır.
Enerji daşıyıcılarının qiymətinin artması. Mövcud geosiyasi gərginlik nəticəsində qlobal enerji daşıyıcıları bazarında qiymətlərin artımı neft-qaz ixracatçısı olaraq ölkənin tədiyə balansına müsbət təsir göstərir. Enerji qiymətlərindəki artım və Avropaya qaz ixracında potensial artım imkanları ortamüddətli perspektivdə ixracı və fiskal gəlirləri artıra bilər.
Başqa sözlə, Rusiya-Ukrayna müharibəsi neft-qazın qiymətini artıraraq Azərbaycanın bu sahədən gəlirlərini kəskin artırıb. Eyni zamanda münaqişə nəticəsində yaranan ərzaq inflyasiyası Azərbaycanda qiymət artımına da təsir etmyə başlayıb.
Xarici ticarət əlaqələrində pozulmalar. Ölkəmizin Rusiya və Ukrayna ilə sıx ticarət əlaqələri mövcuddur. Hal-hazırda geosiyasi proseslərin bu iki ölkə ilə Azərbaycanın ticarət və iqtisadi əlaqələrə əhəmiyyətli təsiri müşahidə edilmir.
Bank aktivlərinin məruz qaldığı risklər. Yerli bankların sanksiyaya məruz qalan Rusiya banklarında vəsaitlərinin az olması sanksiyaların Azərbaycan bank sisteminin maliyyə dayanıqlığına təsirini məhdudlaşdırır.
Başqa sözlə, Azərbaycan banklarının Rusiya banklarında vəsaitlərinin böyük olmaması nəticəsində Rusiyaya tətbiq edilən sanksiyalar Azərbaycan banklarına ciddi təsir etməyib.
Bank əməliyyatlarının icrasında çətinliklər. Rusiya-Ukrayna münaqişəsi nəticəsində banklar müxbir hesablarla əməliyyatların aparılmasında müəyyən maneələrlə üzləşsə də, bu münaqişənin Azərbaycan banklarının müxbir hesablarla əməliyyatlarına təsiri məhdud olmuşdur.