Rəqəmsal manatın texnoloji bazasının formalaşdırılmasında bir neçə yanaşma nəzərdən keçirilir.
“Rəqəmsal manatın tətbiqinə tələsmirik”
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan bildirilib.
“Dünyada mərkəzi bankların rəqəmsal valyutalarının (CBDC – Central Bank Digital Currency) tətbiqi istiqamətində geniş tədqiqatlar və pilot layihələr həyata keçirilir. Bu prosesdə əsas məqsəd maliyyə sisteminin səmərəliliyini artırmaq, nağdsız dövriyyəni genişləndirmək və rəqəmsal transformasiyanı dəstəkləməkdir”, - Mərkəzi Bank bildirib.
Qeyd edilib ki, Azərbaycan Mərkəzi Bankı da bu sahədə aparılan qlobal təcrübələri nəzərə alaraq, rəqəmsal manatın tətbiq imkanlarını qiymətləndirir. Beynəlxalq Valyuta Fondunun texniki yardımı çərçivəsində CBDC-nin iqtisadi təsirləri, hüquqi çərçivəsi və texnoloji infrastrukturu ilə bağlı geniş təhlillər aparılıb:
“Rəqəmsal manatın texnoloji bazasının formalaşdırılması zamanı bir neçə əsas yanaşma - blokçeyn və paylanmış reyestr texnologiyaları (DLT – Distributed Ledger Technology) və mərkəzləşdirilmiş verilənlər bazası üzərində qurulmuş təhlükəsiz ödəmə platformaları nəzərdən keçirilir. Beynəlxalq təcrübədə fərqli yanaşmalara rast gəlinir. Məsələn, Çin Xalq Bankı rəqəmsal yuan üçün mərkəzləşdirilmiş idarəetmə modelindən istifadə edir, Avropa Mərkəzi Bankı isə rəqəmsal avronun texnoloji dizaynı üçün paylanmış reyestr texnologiyalarını test edir. Azərbaycan Mərkəzi Bankı beynəlxalq təcrübəni öyrənərək və yerli maliyyə sektorunun xüsusiyyətlərini nəzərə alaraq, rəqəmsal manatın texnoloji həllini müəyyən edəcək”, - deyə Mərkəzi Bankdan qeyd ediblər. (Trend)