Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov işgüzar səfər çərçivəsində Qazaxıstan Respublikasının Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyinin sədri Mədinə Abılkasımova ilə görüşüb.
AMB-dan FED.az-a bildirilib ki, Astana şəhərində baş tutan görüş zamanı maliyyə bazarının tənzimlənməsi və nəzarəti sahəsində mühüm məsələlər və ikitərəfli maraq doğuran mövzular müzakirə olunub.
Görüşün sonunda əməkdaşlığın dərinləşdirilməsi məqsədilə qurumlar arasında Anlaşma Memorandumu imzalanıb. Memorandum çərçivəsində maliyyə bazarının vəziyyəti və inkişafı, maliyyə bazarının tənzimlənməsi və nəzarətinin standartları və tələbləri, həmçinin bu sahənin innovativ mexanizmləri üzrə məlumat mübadiləsinin aparılması, eləcə də bazar iştirakçılarının fəaliyyətinə nəzarət və monitorinqi mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulub. Memorandum, həmçinin istehlakçıların və investorların hüquqlarının müdafiəsi, o cümlədən kadrların peşəkar inkişafı sahəsi üzrə təcrübə mübadilələrinin, təlim və seminarların, birgə tədqiqat və bilik mübadilələrinin genişləndirilməsini də əhatə edib.