Yüksək faizlər, uzunmüddətli maliyyələşdirmənin əsasən əlçatan olmaması, kreditorların kiçik və orta bizneslərin (KOB) kredit ödəmə qabiliyyətləri haqqında fikrinin aşağı olması, maliyyə savadsızlığı, maliyyə institutlarına inamın az olması və təminat çatışmazlığı səbəbindən Azərbaycandakı KOB-lar maliyyə əlçatanlığı ilə bağlı hələ də çətinliklər çəkirlər.
Eləcə də bax: KOBİA: Azərbaycan sahibkarları maliyyə mənbələrinə çıxışda - Çətinlik Çəkir
FED.az xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə apardığı təhlilin nəticələrindən məlum olub.
Qeyd olunur ki, hazırda ölkədə özəl sektorun kreditləşməsi ÜDM-in 18% civarındadır və bu, aşağı göstərici sayılır. Bunun əsas səbəb kimi, ölkədəki KOB-ların yalnız kiçik bir qisminin rəsmi maliyyə alətlərindən istifadə etməsi, əksəriyyətinin isə daxili və ya qeyri-rəsmi mənbələrə üstünlük verməsi göstərilir.
AİB qeyd edir ki, KOB-ların maliyyələşdirilmə islahatı hədəflər və göstəricilərə əsaslanaraq daha aydın və daha əhatəli bir strategiya tələb edir. Belə ki, ən yaxşı beynəlxalq təcrübələrin mənimsənilməsi, müəssisələrin konsolidasiyası, yenidən qurulması və yenidən təşkili yolu ilə maliyyələşdirməni daha səmərəli etmək olar.
"Özəl kreditorlar tərəfindən aqrar sığorta, zəmanətlər və islam maliyyələşdirməsi kimi yenilikçi texnologiya və alternativ maliyyə alətlərindən istifadə maliyyə resurslarına çıxışı yaxşılaşdırmaqla yanaşı, anderraytinq potensialını, optimallaşdırılmış məhsul tədarükünü və kənd yerində daha çox müəssisələrin iştirakını gücləndirəcək", - təhlilin nəticələrində deyilir.
Bankın məlumatına görə, yüksək maliyyə savadlılığı və sadələşdirilmiş vergi sistemi KOB-ların kredit ödəmə qabiliyyətini artıra bilər. Bundan əlavə, KOB-ların reyestrinin yaradılması onların göstəricilərinin qeyd edilməsini, saxlanmasını və analizini asanlaşdıraraq daha səmərəli siyasət formalaşdırılmasına gətirib çıxaracaq.
Xatırladaq ki, Avropa Yenidənqurma və İnkişaf Bankın (AYİB) bildirmişdi ki, Azərbaycanda şirkətlərin öz daxili layihələrini maliyyələşdirmək üçün AYİB-lə əməkdaşlığı həm də ondan irəli gəlir ki, sözügedən müəssisələr yerli bazarda yüksək məbləğdə məqbul şərtlərlə olan kreditlər cəlb edə bilmir.
30 aprel faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edən Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bu məsələyə toxunaraq bildirmişdi ki, bu gün bank sektorunda likvidlik səviyyəsi normanı iki dəfə üstələyir və 63-64% təşkil edir, bu, dəyəri olan vəsaitlərdir və banklar onları istifadə etməkdə maraqlıdır lakin, bankların Azərbaycanda bizneslərə uzunmüddətli kredit verməkdə istəksizliyi sözügedən maliyyə təşkilatlarının öz resurslarının qısamüddətli olması ilə əlaqədardır və onlar qısamüddətli resursları ilə uzunmüddətli öhdəlikləri və kreditləri maliyyələşdirmək məcburiyyətindədir, bu isə riskli prosesdir. (Apa)