Aeroportlarda aparılan bəzi əməliyyatlar AZAL-ın aktivlərindən istifadə olunmaqla həyata keçirilir, bu isə qarşılıqlı hesablaşmalarda nəzərə alınmır.
Hesablama Palatası "Bakı Metropoliteni" QSC və "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) verilən subsidiyaların Vahid Büdcə Təsnifatından çıxarılmasını təklif edir.
Qurum təklifinə əsasən birdəfəlik təyinatlı xərclərin daha konkret xərc istiqamətləri ilə əvəzlənməli və mərkəzi icra hakimiyyəti orqanının səlahiyyətindən çıxarılmalıdır.
"Məlum olduğu kimi, Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli qərarı ilə aeroport xidmətləri, aeroportun uçuş zolaqları və qurğuların istismarı, hava gəmilərinə aviasiya və aeronaviqasiya xidmətləri, aviasiya təhlükəsizliyinin təmin edilməsi xidmətləri, eləcə də uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə hava gəmilərinə göstərilən texniki xidmətlər "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısı"na aid edilib. Eyni zamanda, Nazirlər Kabinetinin 2013-cü il 19 iyul tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş "Təbii inhisar subyektlərinin siyahısı"na aid edilən ümumilikdə 141 müəssisə və təşkilatın sırasına aeroport xidmətləri, eləcə də hava gəmilərinə aviasiya xidmətləri və aeroport xidmətləri göstərən qurumlar da daxil edilib. Hesablama Palatası tərəfindən kənar dövlət maliyyə nəzarəti çərçivəsində AZAL-da aparılmış audit zamanı hava gəmilərinə aviasiya xidmətləri və aeroport xidmətləri göstərən müəssisələrin aeroport ərazisində təqdim etdikləri müxtəlif məzmunlu xidmətlərin (işlərin) qiymətinin illə (aylar) üzrə artması, nəticə etibarilə həmin istiqamətlər üzrə xərclərin ümumi gəlirdən çıxılan xərclərin əhəmiyyətli hissəsinin təşkil etməsi, həmin təsərrüfat əməliyyatlarının AZAL-ın balansında olan aktivlərdən (torpaq sahələrindən, binalardan, tikintilərdən və qurğulardan) istifadə olunmaqla həyata keçirilməsinin qarşılıqlı hesablaşmalarda nəzərə alınmaması müəyyən edilib. Qeyd olunanları nəzərə alaraq, dövlət vəsaitlərinin daha səmərəli istifadəsinin təmin olunması məqsədilə aeroport ərazisində göstərilən xidmətlərin (işlərin) differensiallaşdırılaraq qiymətlərinin qanunvericiliyin tələblərinə uyğun yuxarı hədlərinin müəyyənləşdirilməsi məqsədəmüvafiq hesab edilir", - deyə palatanın təklifində qeyd edilib.