15 iyun 2019 13:32

Azərbaycan və Ümumdünya Ticarət Təşkilatı: Problemlər və tövsiyələr

Məqalədə ÜTT barədə qısa məlumat verilir, ÜTT-nin əsas prinsipləri və funksiyaları göstərilir, Azərbaycanın ÜTT ilə əməkdaşlığının hazırkı durumu və Azərbaycanın iqtisadi inkişafının mövcud vəziyyəti ümumi təhlil edilir. Azərbaycanın ÜTT-yə üzv qəbul edilərkən qarşılaşa biləcəyi problemləri və əldə edəcəyi qazancları aşkar etməyə cəhd göstərilmiş və bu problemlərin zamanında aradan qaldırılması məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi üçün tövsiyələr verilmişdir.

Azərbaycan bir çox beynəlxalq iqtisadi təşkilatların üzvüdür. Azərbaycanın beynəlxalq iqtisadi təşkilatlarda təmsil olunması və bu təşkilatlarla sıx əməkdaşlığı onun dünya iqtisadiyyatına inteqrasiyasını daha da sürətləndirir. Hazırda, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmaq niyyətindədir. ÜTT dünya iqtisadiyyatının inkişafında, dünya ticarətinin genişlənməsində, dinamik yüksəlməsində və dünya bazarında rəqabət mühitinin qorunub saxlanmasında mühüm rol oynayır. Azərbaycanın ÜTT-yə üzv olmasından ölkənin xarici iqtisadi əlaqələrinin daha da genişlənməsi, xarici ticarətinin inkişafının və dünya iqtisadiyyatı sisteminə inteqrasiyasının daha da sürətlənməsi gözlənilir. Azərbaycanın bu təşkilata üzv olması ilə əlaqədar qarşılaşa biləcəyi problemləri və əldə edəcəyi qazanclarını dəqiqliklə müəyyənləşdirmək böyük bir tədqiqat işinin mövzusudur və bu məsələlər barədə məlumatlı olmaq çox vacibdir.

ÜTT barədə qısa məlumat. ÜTT, əsası 1947-ci ildə qoyulmuş Tariflər və Ticarət üzrə Baş Sazişin (TTBS) bazasında 1995-ci ildə yaradılmışdır. Dünya ticarətinin 98%-dən çoxu ÜTT-yə üzv ölkələr tərəfindən həyata keçirilir. ÜTT çoxtərəfli ticarət sazişləri əsasında ölkələrarası ticarət əlaqələrinin tənzimlənməsini həyata keçirir. Təşkilatın normativ-hüquqi bazasını çoxtərəfli ticarət sazişləri təşkil edir. Bu sazişlər əmtəə və xidmətlərlə ticarəti, əqli mülkiyyət, ticarət siyasətinin icmalı və mübahisələrin həlli məsələlərini tənzimləyir. ÜTT-nin əsas məqsədi beynəlxalq ticarətin maksimum dərəcədə liberallaşdırılması və onun möhkəm əsaslarının yaradılmasıdır ki, bu da iqtisadi inkişafın sürətlənməsi və insanların həyat səviyyəsinin yaxşılaşdırılmasına gətirib çıxarır. Təşkilatın əsas vəzifəsi çoxtərəfli ticarət danışıqlarının Uruqvay Raundu (1986-1994) nəticəsində formalaşmış Sazişlər Paketi əsasında üzv ölkələr arasında ticarət-iqtisadi münasibətlərin tənzimlənməsidir.

ÜTT-nin əsas prinsipləri aşağıdakılardır:

-“Ən əlverişli rejim” prinsipi (üzv ölkələr üçün eyni ticarət səraitinin yaradılması);

-“Milli rejim” prinsipi (idxal olunmuş əmtəə və xidmətlərlə yerli mal və xidmətlər arasında ayrı-seçkiliyə yol verilməməsi);

-Ticarətin tənzimlənməsində tarif metodlarına üstünlük verilməsi;

-Ticarətdə kəmiyyət məhdudiyyətlərinin aradan qaldırılması;

-Ticarət siyasətinin aydın və şəffaf olması;

-Daxili bazarların yalnız ÜTT qaydaları əsasında qorunması;

-Azad rəqabət üçün əlverişli şərait yaradılması;

-Ticarət mübahisələrinin danışıqlar yolu ilə həll edilməsi.

ÜTT-nin əsas funksiyaları aşağıdakılardır:

-ÜTT-nin hüquqi əsasını təşkil edən çoxtərəfli ticarət sazişlərinin qəbul olunmasına və qəbul olunan sazişlərin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi;

-Üzv ölkələr arasında ticarət danışıqlarının təşkil edilməsi;

-Üzv ölkələr tərəfindən həyata keçirilən ticarət siyasətinin müşahidə edilməsi;

-Digər beynəlxalq təşkilatlarla əməkdaşlığın həyata keçirilməsi;

-Təşkilata yeni üzvlərin qəbul olunması;

-Üzv ölkələr arasında ticarət mübahisələrinin həll edilməsinə köməklik göstərilməsi;

-Beynəlxalq ticarətə və ticarət siyasətinə dair informasiyanın toplanılması, öyrənilməsi və təqdim olunması.

Azərbaycanın ÜTT ilə əməkdaşlığının hazırkı durumu. Azərbaycanın ÜTT-yə üzv olma niyyətini əks etdirən müraciət 23 iyun 1997-ci il tarixində ÜTT Katibliyinə təqdim edilmiş və həmin ildən Azərbaycan ÜTT-yə qəbul prosesinə və bu təşkilatla əməkdaşlığa başlamışdır. Azərbaycanın ÜTT-yə üzv olma prosesinin sürətləndirilməsində çoxtərəfli danışıqlar davam etdirilir. İşçi qrupunun ilk iclası 3-7 iyun 2002-ci il tarixlərində Cenevrədə keçirilmişdir. Xarici ticarət rejiminin memorandumu üzrə üzvlərlə ilk iclasda aşağıdakı sənədlərin təqdim edilməsi Azərbaycana tövsiyə edilmişdir:

-  Gömrük tarifləri üzrə təkliflər (tətbiq olunmayan tariflər, tətbiq olunacaq yüksək tarif dərəcələri);

-  Aqrar sektora daxili yardım və ixrac subsidiyaları üzrə təkliflər;

-  Xidmət ticarəti üzrə təkliflər;

- Ticarətdə texniki maneələr, sanitar və fitosanitar tədbirlərin görülməsi barədə məlumat;

- Əqli (İntellektual) mülkiyyət hüquqlarının ticarət yönümlü aspektləri barədə məlumat.

Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı işçi qrupunun sonuncu  (14-cü) iclası 28 iyul 2017-ci il tarixində Cenevrə şəhərində keçirilmişdir. İclasda qeyri-neft sektorunun inkişaf etdirilməsilə bağlı Dövlət Proqramları, 2020-ci ilədək icrası nəzərdə tutulan Strateji Yol Xəritələri haqqında üzv ölkələrə məlumat verilmişdir. O da qeyd edilmişdir ki, hazırda ticarətin asanlaşdırılması, logistika və ticarət infrastrukturunun inkişafı ölkə üçün prioritet məsələdir. İclasdan sonra ABŞ, Aİ və Türkiyə tərəfindən Azərbaycana suallar təqdim olunmuş və hazırda aidiyyəti dövlət qurumları tərəfindən cavablandırma prosesindədir.

ÜTT-yə üzvolma prosesinin sürətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2003-cü il tarixli 175s saylı Sərəncamı ilə Azərbaycan Respublikasının ÜTT-yə üzv olmasına hazırlıq işləri üzrə Komissiyası yaradılmışdır. Həmçinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində “Ticarət siyasəti və ÜTT” şöbəsi fəaliyyət göstərir.

Hal-hazırda, Azərbaycanın ÜTT-yə qəbul olunması ilə bağlı danışıqlar davam etməkdədir. Bununla, artıq 21 ildir ki, Azərbaycan ÜTT ilə müşahidəçi qismində əmkdaşlıq edir.

Azərbaycanın iqtisadi inkişafının hazırkı vəziyyəti və bu istiqamətdə görülən tədbirlər. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş Milli iqtisadiyyat və iqtisadiyyatın 11 əsas sektorları üzrə strateji yol xəritələri, konsepsiyalar və digər dövlət proqramları çərçivəsində müəyyən edilmiş tədbirlərin icrası davam etdirilməkdədir.

2018-ci ilin yanvar-iyun aylarında ÜDM real ifadədə 1,3% artaraq cari qiymətlərlə 37 milyard manat olmuşdur. Adambaşına düşən ÜDM-in həcmi 3 777,6 manat təşkil etmişdir.

2018-ci ilin yanvar-iyun aylarında ÜDM-in qeyri-neft sektoru real ifadədə 2% artmışdır. Qeyd edək ki, 2017-ci ilin yanvar-iyun aylarına nisbətən 2018-ci ilin yanvar-iyun aylarında qeyri-neft sənayesi 11,1%, informasiya və rabitə sahəsi 4,9%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsi 7,4%, ticarət sahəsi 2,4%, kənd təsərrüfatı 7,6%, nəqliyyat və anbar təsərrüfatı 7,1% artmışdır.

Neft-qaz sektoru üzrə 2018-ci ilin yanvar-iyun aylarında 2017-ci ilin yanvar-iyun aylarına nisbətən 0,1%  artım qeydə alınmışdır. Bu sektorun ÜDM-də xüsusi çəkisi 44,2% olmuşdur.

2018-ci ilin yanvar-iyun aylarında ölkədə iqtisadiyyatın və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına 6 331,7 mln. manat əsas kapitala investisiya yönəldilmişdir. Əsas kapitala qoyulmuş vəsaitin 54,3%-ni daxili investisiyalar, 45,7%-ni isə xarici investisiyalar təşkil etmişdir.

Azərbaycanın 2012-2017-ci illərdə ixrac və idxal göstəriciləri (min ABŞ dolları)

 

İllər

Ticarət dövriyyəsi

İdxal

İxrac

Ticarət balansı

2012

33 560 840

9 652 870

23 907 970

14 255 100

2013

34 687 920

10 712 500

23 975 420

13 262 920

2014

31 020 000

9 190 000

21 830 000

12 640 000

2015

20 646 000

9 221 000

11 425 000

2 204 000

2016

17 670 000

8 530 000

9 140 000

610 000

2017

24 300 000

8 800 000

15 500 000

6 700 000

 Mənbə: www.azstat.org

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2018-ci ilin yanvar-iyun aylarında xarici ticarət dövriyyəsi 13 322 757 300 ABŞ dolları, o cümlədən, ixrac 8 662 427 000 ABŞ dolları, idxal isə 4 660 330 300 ABŞ dolları olmaqla 4 002 096 700 ABŞ dolları həcmində müsbət ticarət saldosu yaranmışdır. Bu dövr ərzində qeyri-neft ixracı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 20,1% artmışdır.

Cədvəldən göründüyü kimi, 2015 və 2016-cı illərdə ticarət dövriyyəsinin həcmi kəskin aşağı enmişdir. Səbəb həmin illərdə dünya bazarında neftin qiymətlərinin aşağı düşməsi olmuşdur. 2017-ci ildə isə ticarət dövriyyəsinin həcmi yenidən yüksəlmişdir. İxrac strukturunda hələ də neft və neft məhsullarının xüsusi çəkisi təqribən 90% təşkil edir.

Son iki ildə neft qiymətlərinin tədricən sabitləşməsi və ölkədə qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən islahatlar Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərmişdir. İxrac gəlirlərinin əhəmiyyətli dərəcədə artması, qeyri-neft ixracının genişlənməsi və idxalın əvəzlənməsi istiqamətində həyata keçirilən islahatlar nəticəsində milli valyutanın sabitləşməsi təmin edilmişdir.

İnfrastruktur layihələri və maliyyələşmə proqramları üçün beynəlxalq maliyyə institutlarından cəlb edilmiş Azərbaycan Respublikasının xarici dövlət borcu 01 iyul 2018-ci il tarixinə 9 600,2 milyon ABŞ dolları (16,320.3 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 21,9 faiz (2018-ci il üçün hesablanmış 74 646,9 milyon manat ÜDM-ə nisbətdə) təşkil etmişdir. Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilmişdir.

Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi məqsədilə qabaqcıl texnologiyalara əsaslanan rəqabətqabiliyyətli və innovativ sənaye sahələrinin yaradılması və inkişaf etdirilməsi, idxaləvəzedici və ixracyönümlü  məhsulların istehsalının təşviqi üzrə əlverişli mühitin yaradılması istiqamətində tədbirlərin həyata keçirilməsi və istehsal sahəsində əhalinin məşğulluğunun artırılması üçün sənaye parkları və sənaye məhəllələri yaradılmışdır. Bu sənaye parklarında və məhəllələrində fəaliyyət göstərən müəssisələr müddətli (hazırda 7 il) gömrük rüsumu və vergi azadolmalarından faydalana bilirlər. Belə ki, həm xarici, həm də yerli investorlar üçün ölkəyə gətirilən avadanlıq və texnologiyalara görə preferensiyalar, xüsusilə də gömrük rüsumlarından və ƏDV-dən azadolmalar tətbiq edilir. Eyni zamanda, aqrar sektorun inkişafını sürətləndirmək məqsədilə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul оlan hüquqi şəхslər 2014-cü il başlayaraq 5 il müddətinə Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş hüquqi şəхslərin mənfəət vergisi, əlavə dəyər vergisi, sadələşdirilmiş vergi və həmin fəaliyyət prоsesində istifadədə оlunan оbyektlərin əmlak vergisini ödəməkdən azaddırlar. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər” haqqında 1 mart 2016-cı il tarixli  811 nömrəli fərmanına əsasən, 2016-2020-ci illərdə Azərbaycan Respublikasının ərazisində istehsal olunan və istehsal prosesində istifadə olunan yerli komponentlərin və Azərbaycan Respublikasının ərazisində yaradılan qeyri-neft məhsullarının dəyərinin xüsusi çəkisindən, habelə ixrac olunan həmin məhsulların növündən asılı olaraq, qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə  faktiki ixrac olunmuş malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3%-i qədər dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqinin ödənilməsi həyata keçirilir.

Azərbaycanda aqrar sektorun inkişaf etdirilməsi son illərdə prioritet məsələyə çevrilmişdir. 2017-ci ildə kənd təsərrüfatı sahəsində cari qiymətlərlə 6,57 milyard manatlıq məhsul istehsal olunmuşdur ki, bu da 2016-cı il ilə müqayisədə 4,1%, o cümlədən heyvandarlıq məhsulları istehsalı 2,7%, bitkiçilik məhsulları istehsalı 5,8% çox olmuşdur. Kənd təsərrüfatı sahəsi üzrə tədbirlərin həyata keçirilməsi üçün 2018-ci il dövlət büdcəsində 342,3 mln. manat vəsait ayrılmışdır ki, bu da həmin ilin dövlət büdcəsinin xərclərində təqribən 2% xüsusi çəkiyə malikdir. Kənd təsərrüfatı əmlakının sığortalanması üçün 2018-ci il dövlət büdcəsində  20,2 mln. manat vəsait ayrılmışdır. Həmçinin, 2007-2017-ci illərdə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən fermerlərə güzəştli kreditlər verilmiş, fermerlərin istifadəsi üçün "Aqrolizinq" ASC tərəfindən 2005-2017-ci illərdə kənd təsərrüfatı texnikaları, 2009-2017-ci illərdə  iribuynuzlu cins damazlıq heyvanlar və 2005-2017-ci illərdə isə mineral gübrələr alınmışdır. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, 2017-ci ildə Kənd təsərrüfatının ayrı-ayrı sahələrinə verilən subsidiyaların ümumi məbləği 193 247 240 manat təşkil etmişdir ki, bu da 2016-cı il ilə müqayisədə 5% çox olmuşdur. Məsələn, Azərbaycanda istehsalçılara (tədarükçülərə) təhvil verdikləri şəkər çuğundurunun hər tonuna görə 4 (dörd) manat, xam pambığın hər 1 (bir) kiloqramına (kondisiya çəkisində) görə 0,1 manat, quru tütünün hər 1 (bir) kiloqramına, yaş tütünün isə hər 10 (on) kiloqramına görə 0,05 manat məbləğində subsidiya verilir. Barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi bütün növ yaş baramanın (əyrilən və karapaçax barama istisna olmaqla) hər kiloqramına görə verilən subsidiyanın məbləği 5 (beş) manat təşkil edir. Süni mayalanma yolu ilə alnımış hər buzova görə fermerə 100 manat məbləğində subsidiya verilir. 2017-ci ildə aqrar sektora ayrılmış təkcə subsidiyaların istehsal olunmuş kənd təsərrüfatı məhsullarının ümumi dəyərində xüsusi çəkisi təqribən 3% təşkil edir.

Dövlət bir sıra xarici ölkələrdə “Ticarət evləri”nin açılması, azexport.az saytının yaradılması və milli brendlərin təşviqi istiqamətində işlərin görülməsi ilə Azərbaycanın yerli məhsullarının xarici bazarlarda tanıdılması və ixracatının artırılması üçün dəstək həyata keçirir.

Sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi, əlverişli biznes mühitinin formalaşdırılması istiqamətində aparılan islahatların nəticəsində Azərbaycan aparıcı beynəlxalq nüfuzlu hesabatlarda mövqeyini ilbəil gücləndirir. Belə ki, hər il Dünya Bankı tərəfindən dərc edilən “Doing Business 2018” hesabatında 8 pillə irəliləyən Azərbaycan 190 ölkə arasında 57-ci mövqeyə yüksəlib, Avropa və Mərkəzi Asiyada 4 və daha çox islahat aparan 3 ölkədən biri olub. Həmçinin, Dünya İqtisadi Forumu tərəfindən nəşr olunan və rəqabətqabiliyyətlilik üzrə ən geniş qiymətləndirmə hesab olunan “Qlobal Rəqabətlilik Hesabatı”nda ölkəmizin mövqeyi ötən ilə nisbətən 2 pillə yaxşılaşaraq 35-ci yerə yüksəlib və 2009-cu ildən MDB məkanında liderlik mövqeyini qoruyub saxlayır.

Yuxarıda qeyd edilənlər onu deməyə əsas verir ki, Azərbaycanda son bir neçə il ərzində yüksək iqtisadi artım hiss olunur və bununla da Azərbaycan MDB ölkələri içərisində iqtisadi inkişaf səviyyəsinə görə seçilir, Qafqaz ölkələri içərisində üstün mövqeyə malikdir. Onu da qeyd etmək lazımdır ki, MDB ölkələri içərisində iqtisadi inkişaf səviyyəsinə, əsas makroiqtisadi göstəricilərə görə (Ümumi Milli Məhsul, Milli Gəlir və s.) Azərbaycandan heç də yüksək olmayan Qırğızıstan, Gürcüstan, Moldova və Ermənistan müvafiq olaraq 1998, 2000, 2001 və 2003-cü illərdə ÜTT-yə tam hüquqlu üzv qəbul edilmişlər. MDB ölkələri arasında Azərbaycanla yanaşı, Özbəkistan, Belarus və Türkmənistan (ümumiyyətlə, bu təşkilata üzvlüklə bağlı müraciət belə etməmişdir) hələ ki ÜTT-nin üzvü deyillər.

Azərbaycanın ÜTT-yə üzv qəbul edilərkən qarşılaşacağı problemləri. ÜTT-yə üzv olmaq üçün ilk növbədə rəqabət qabiliyyətli yerli istehsalı  inkişaf etdirmək lazımdır. Məsələ burasındadır ki, dünya bazarında rəqabət qabiliyyətli son məhsul və xidmətlərlə çıxış etmək üçün yerli istehsalın inkişaf səviyyəsi (xüsusilə də sənaye məhsullarının istehsalı) hələki nəzərəçarpacaq dərəcədə yüksək səviyyədə deyildir. Bununla belə, Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi üçün böyük potensial vardır. Son illər Azərbaycanda kənd təsərrüfatı sektorunda aparılan islahatlar onu deməyə imkan verir ki, yaxın gələcəkdə ölkə dünya bazarına daha çox və rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsulları çıxarmaq imkanına malik olacaqdır. ÜTT çərçivəsində üzv ölkələr üçün kənd təsərrüfatı sektoru üzrə xüsusi güzəştlər təklif edilir və Azərbaycan da bu güzəştlərdən faydalana bilər. Belə ki, ÜTT-yə üzv qəbul edilərkən ölkələrin mövcud vəziyyəti fərqləndirilir və bəzi şərtlər bu vəziyyətlə uyğunlaşdırılır. Bu şərtlərə əsasən tarif güzəştlərinə keçid dövrü və kənd təsərrüfatında ixraca subsidiyaların həcmi daxildir.

Birinci məsələ - tarif güzəştlərinə keçid dövrü maksimum 25 il üçün nəzərdə tutulur. Bu cür güzəştlər üçüncü dünya ölkələrinə aid oluna bilər. İnkişaf etməkdə olan ölkələr üçün güzəştlərin müddəti fərqli ola bilər. Belə ki, ÜTT-yə qəbul zamanı tarif güzəstlərinə görə keçid dövrü üçün Latviyaya 9 il, Qırğızıstana 7 il, Gürcüstana 5 il və Moldovaya 4 il vaxt ayrılmışdı. Bu müddət bəzi ölkələr üzrə (Çin, Hindistan və s.) 15-25 ili əhatə edir.

ÜTT-yə üzvlük dövlətlərin öz daxili bazarlarını qorumaq imkanlarından məhrum etmir. Bu təşkilata üzv olmaq dərhal tariflərin aşağı salınması anlamına gəlməməlidir. Belə ki, Azərbaycan ÜTT-yə üzv qəbul edildikdən sonra tezliklə tarifləri aşağı salacağı gözlənilmir. Gömrük tarifləri ikitərəfli danışıqlar əsasında müəyyən edilir və bəzi gömrük tarifləri artırıla da bilər. Digər tərəfdən, danışıqlar zamanı “fiks tariflər” (“təsbit edilmiş tariflər”) müəyyən edilir ki, dövlət gələcək tariflərlərlə bağlı qabaqlayıcı tədbirlər görməlidir. Eyni zamanda, dövlət tərəfindən milli valyutanın real məzənnəsinin xarici valyutalara nisbətdə aşağı olmasını təmin edilməsilə ixrac tələbinin artması səbəbindən dövlətin daxili istehsalın artmasına  gətirib çıxara bilər.

İkinci mühüm məsələ - kənd təsərrüfatında ixraca subsidiyaların həcminə tətbiq edilən nisbi kvota ilə bağlıdır. Bu kvota inkişaf etməkdə olan ölkələr üçün subsidiyaların kənd təsərrüfatı məhsulunun ümumi həcmində 10%, inkişaf etmiş ölkələr üzrə isə 5% miqdarında verilir. Bu şərtə görə, Azərbaycan 10% həcmində güzəştdən faydalana bilər. Yuxarıda qeyd olunduğu kimi, Azərbaycanda hazırda aqrar sektora birbaşa və dolayı nəzərəçarpacaq dərəcədə böyük dəstək göstərilir ki, bu dəstəyin həcminin qiymətləndirilməsi və kvota limitini keçib-keçməməsi məsələsi ayrıca araşdırılmalıdır.

Tərəfdaş ölkələr üzrə kənd təsərrüfatında subsidiyalar fərqli olduqda, bu, ümumi ticarətə mənfi təsir edir. Uruqvay Raundunun da başlıca tələbi daxili yardımları tənzimləmək və aşağı salmaq idi.

ÜTT terminologiyasına görə, kənd təsərrüfatına ayrılan subsidiyalar şərti olaraq 3 qrupa ayrılır: yaşıl, sarı və qırmızı zənbil.

“Yaşıl zənbil” - heç bir məhdudiyyət qoyulmayan subsidiyalar qrupudur. Bu qrupa şamil olunan subsidiyalar əsasən infrastrukturun yaxşılaşdırılması, elmi-tədqiqat işləri üçün sərf olunan daxili yardımlardır. Bu yardımlar əmtəənin qiymətinə birbaşa təsir etmədiyindən, ÜTT üzvlərinin adətən bu "zənbil"lə bağlı problemi olmur. Bu “zənbil”in şərtləri “Kənd Təsərrüfatı ilə bağlı ÜTT Razılaşması”nın 1-ci maddəsi ilə müəyyən edilir. Həmin “zənbil” çərçivəsində tətbiq edilən subsidiyalar ticarətə təsir göstərməməlidir. Həmçinin, istənilən yardım hökumət tərəfindən maliyyələşdirilməlidir. Bu zaman, fərdi məhsulların istehsalının dəstəklənməsi həyata keçirilməməlidir və eyni zamanda birbaşa fermerlərin gəlirlərinin artırılmasına da vəsait yönəldilə bilməz. Bununla yanası, “Yaşıl zənbil” şərtləri çərçivəsində razılaşma əldə edən dövlət regional inkisaf proqramlarına və eləcə də ətraf mühitin qorunması istiqamətində istənilən həcmdə subsidiya həyata keçirə bilər. Bütövlükdə, “Yaşıl zənbil” çərçivəsində subsidiyaların həcmi üçün məhdudiyyətlər müəyyənləşdirilməmişdir.

"Sarı zənbil" - Bu "zənbil"ə aid edilən subsidiyalar malın qiymətinə birbaşa təsir edir. Bu zənbil çərçivəsində tətbiq edilən subsidiyalar kənd təsərrüfatı ilə bağlı ÜTT Razılasmasının 6-cı maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, aqrar sektora subsidiyalar tətbiq edilir, eyni zamanda, məhdudiyyətlər də tətbiq edilir. Buraya ölkə daxili istehsal subsidiyaları aiddir. ÜTT-nin bu “zənbil” çərçivəsində razılaşma əldə edən üzv ölkələri aqrar sektorda qiymətləri müəyyən səviyyədə tənzimləmək və istehsala subsidiyalar tətbiq etmək hüquqlarına malikdir. Həmçinin, nəzərə almaq lazımdır ki, bu subsidiyalar məhdudlaşdırılır: “De minimis” adlandırılan həmin subsidiyalar yuxarıda qeyd olunduğu kimi, inkişaf etməkdə olan ölkələr üçün illik kənd təsərrüfatı məhsul istehsalının 10%, inkişaf etmiş ölkələr üçün isə 5%-dək həyata keçirilir. ÜTT-nin üzvü olan 30 ölkə kənd təsərrüfatına “De minimis” ilə müqayisədə daha çox subsidiya tətbiq etmək hüququna malikdir. Bununla belə, son vaxtlar aparılan müzakirələr subsidiyaların həcminin azaldılması istiqamətində aparılır. Hazırda, “Kənd Təsərrüfatı ilə bağlı ÜTT Razılasması”nın 1-ci maddəsinin və 3 və 4-cü əlavələrinin dəyişdirilməsi istiqamətində danışıqlar aparılır. Bu isə daha çox “məhdudlaşdırmaya” meyllənmə deməkdir.

"Qırmızı zənbil" isə ixraca tətbiq olunan subsidiyalar hesab olunur və ÜTT bu subsidiyaları qadağan edir.

“Göy zənbil” - “nisbi qırmızı zənbil” də adlandırılır və burada məqsəd tariflərin azaldılmasından ibarətdir. Bu “zənbil” daxilində həyata keçirilən subsidiyaların həcmi və mahiyyəti “Kənd Təsərrüfatı ilə bağlı ÜTT Razılaşması”nın 5 və 6-cı maddələri ilə müəyyənləsdirilir. Bu zaman istehsala subsidiyalar həyata keçirilir və normal olaraq “Sarı zənbil”ə aid edilən subsidiyalar da “Göy zənbil”ə daxil edilir. Hazırda, bu zənbilə daxil edilən subsidiyalar ilə bağlı xüsusi məhdudiyyətlər yoxdur.

Aqrar sektorun inkişaf etdirilməsi Azərbaycan üçün prioritet məsələ olduğunu nəzərə alsaq, ÜTT-yə üzv olduqda bu sektorun qorunması vacibdir. ÜTT-yə üzv olduqdan sonra dövlət kənd təsərrüfatı sektorunda da proteksionist siyasəti həyata keçirməyi davam etdirə bilər. Belə ki, təşkilata üzvlük aqrar sektoru qorumaq məqsədilə gömrük tariflərinin yüksək saxlanmasını və subsidiyaların tətbiq edilməsini qadağan etmir. Bu isə ÜTT ilə aparılan danışıqlar və danışıqlardakı mövqedən asılıdır.

Nəticə və təkliflər.

ÜTT-yə üzvolma prosesinin sürətləndirilməsi məqsədilə, ÜTT-nin çoxtərəfli sazişləri çərçivəsinə daxil olan bütün sahələr üzrə ölkənin perspektiv maraqlarının müəyyənləşdirilməsi, bunların danışıqlarda nəzərə alınması və Azərbaycan Respublikasının ÜTT-yə qəbulu üzrə Fəaliyyət Planının hazırlanması üçün müvafiq siyasəti işləyib hazırlayan xüsusi bir qurumun yaradılması lazımdır. Həmin qurumun fəaliyyət planında prinsipcə asağıdakı istiqamətlər üzrə tövsiyələr öz əksini tapmalıdır:

-Ölkədə istehsal sahələrinin inkişafına münasibətdə sahəvi yanaşmanın gücləndirilməsi (burada ölkə iqtisadiyyatının perspektiv inkişafı və beynəlxalq əmək bölgüsü nəzərə alınmalıdır);

-Ölkədə istehsalının formalaşdırılması və inkişafı mümkün ola biləcək sektorlara gələcəkdə mümkün qədər əlverişli şərtlərin təmin edilməsi (imtiyazlı sənaye parkları, sənaye məhəllələri, azad iqtisadi zonalar və s. kimi) diqqətdə saxlanılmalı və sahə təşəbbüsləri dərindən öyrənilməli;

-Bütün sənaye sahələri, xüsusilə də maşınqayırma, yüngül və yeyinti sənaye sahələrinin ehtiyacları üçün ölkəyə gətirilən xammal və komplektləsdirici məmulatlara tətbiq edilən gömrük tariflərinə yenidən baxılması (tarif dərəcəsini azaltmaq yönündə);

-Dövlət mülkiyyətində qalan bir sıra orta və iri sənaye müəssisələrinin özəlləşdirilməsi prosesinin sürətləndirilməsi, özəlləşdirilən müəssisələrin dirçəldilməsi istiqamətində tədbirlərin görülməsinə diqqətin artırılması;

İnhisarçılığın qarşısının alınması və bütün sahibkarlar üçün ədalətli rəqabət səraitinin təmin edilməsi;

-Dövlətin xarici ticarət üzrə, xüsusilə də hüquqi və iqtisadi informasiyalar (mübahisələrin həlli mexanizminin aydınlaşdırılması, qiymət konyunkturasının monitorinqi və s.) sahəsində informasiya bankının və sisteminin formalaşdırılması;

-Gömrük tariflərinin mümkün qədər yuxarı saxlanılmasına və daha uzun müddətli keçid dövrünün əldə edilməsinə nail olmaq;

-İdxal malları ilə müqayisədə rəqabətə davamlılığı aşağı olan aqrar sektora aid istehsal sahələrinin qorunması;

-ÜTT-yə üzv olarkən ayrı-ayrı mövqelər üzrə təkrar danışıqlar hüququnun əldə olunmasına cəhd göstərilməsi (Məlum olduğu kimi, bu hüquq hər 3 ildən bir həmin mövqelər üzrə maraqlı tərəflər arasında yenidin danışıqlara başlamağa və protokol imzalamağa imkan verir);

-“Yaşıl zənbil” və “Sarı zənbil” tədbirlərini maksimum dərəcədə çoxaldılmasına nail olunmalı;

-Ümumi kənd təsərrüfatı məhsulunun 10 faizi həcmində subsidiyalaşma səviyyəsinə çalışmalı;

-Ölkədə investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi (İnvestisiyaların və investorların hüquqlarının qorunması haqqında yeni qanunun qəbul edilməsi, qanunun aliliyinin təmin edilməsi, investorları çəkindirən amillərin aradan qaldırılması və s.);

-Milli tənzimləmə rejimlərinin tətbiqinə imkan verən keçid dövrünün uzudalmasına nail olunması;

-Kənd təsərrüfatı məhsullarının asan və səmərəli şəkildə realizə edilməsi üçün birjaların yaradılması;

-ÜTT-də güzəştdən faydalanmaq üçün strateji kənd təsərrüfatı və qida sənayesi məhsulu yaxud məhsullarının müəyyən edilməsi (məs: pambıq, tütün, şəkər çuğunduru, zeytun, şərab və s. ola bilər);

-ÜTT-yə üzvolma prosesinin sürətləndirilməsi məqsədilə rəqabət haqqında və İnvestisiyalar haqqında mükəmməl qanunvericiliyin hazırlanması.

Beləliklə, Azərbaycanın ÜTT-yə üzv olması davamlı iqitsadi inkişafı təmin etmək üçün çox əhəmiyyətlidir. ÜTT-yə üzv olmaq üçün Azərbaycanın kifayət qədər böyük potensialı vardır, lakin təşkilata üzvlüyün ilk illərində müəyyən problemlərlə qarşılaşacağı qaçılmazdır. Ona görə də, Azərbaycanın bu təşkilata üzv olması ilə əlaqədar qarşılaşa biləcəyi problemləri və əldə edəcəyi qazanclarını dəqiqliklə müəyyənləşdirmək üçün dərin araşdırmalar aparılmalı və problemlərin zamanında aradan qaldırılması məqsədilə müvafiq qabaqlayıcı tədbirlər görülməlidir.

Ədəbiyyat

İqtisadi və Sosial İnkişaf Mərkəzi “Azərbaycanın ÜTT-ə Üzvlük Prosesinin Qiymətləndirilməsi üzrə Siyasət Sənədi” Bakı, 2010

Elmir Mehdiyev -  “Azərbaycanın ÜTT-yə üzv olmasının əhəmiyyəti və problemləri”, Azərbaycan Milli Elmlər Akademiyası, İqtisadiyyat İnstitutu, Milli iqtisadiyyatın problemləri (məqalələr toplusu), III Buraxılış, Bakı-Elm-2008, s. 515-520

www.economy.gov.az

http://www.maliyye.gov.az

http://www.agro.gov.az/

www.azstat.org

http://e-qanun.az

www.wto.org

Müəllif: Elmir Mehdiyev

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) doktorantı

[email protected]

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz