Xəbər verildiyi kimi, bir qədər əvvəl prezident İlham Əliyev «Mühasibat uçotu haqqında» qanuna dəyişiklikləri təsdiqləyib. Bu sahədə gözlənilən dəyişikliklər, baş verəcək yeniliklər və mühasiblər üsün nəzərdə tutulan yeni tələbər haqqında suallara Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyanın (ARPA) icraçı direktoru Əli Bayramov cavab verir.
-Əli müəllim, «Mühasibat uçotu haqqında» qanuna əsas dəyişikliklər nədən ibarətdir?
- Qanunda baş vermiş dəyişiklikləri cənab prezident tərəifindən aparılan islahatların ayrılmaz bir hissəsi kimi də qəbul etmək olar. Ümumiyyətlə qanunda dəyişiklik məhz beynəlxalq standartların tətbiqi ölkə üzrə nəzərdə tutulmuş strategiyaya tam uyğundur. Düşünürəm ki bu dəyişiklik də öz növbəsində ölkə iqtisadiyyatının inkişafında öz töhfəsini verəcək. Ümumiyyətlə, qanunun tam detallı anlaşılması üçün cənab prezident tərəfindən həm Nazirlər kabinetinə, həm də müvafiq strukturlara vaxt verilmişdi ki, onlar öz növbəsində müvafiq qaydaları hazırlayıb təqdim etsinlər. Hesab edirəm ki, daha detallı məlumat bu qaydalar qəbul edildikdən sonra aydın olacaq. Amma hal-hazırda bu dəyişikliyi 3 istiqamətə bölmək olar. Birinci istiqamət hesabatlarda beynəlxalq standartların tətbiq edilməsini nəzərdə tutur. Dediyim kimi, bu çox önəmli yanaşmadır
- Konkret hansı ölkənin standartlarına uyğunlaşdırılır?
- İnkişaf etmiş ölkələrin demək olar ki, hamısı beynəlxalq maliyyə standartlarını artıq tətbiq edib və bundan istifadə edirlər.
- Bizdə bu günədək bu yeni standartlara keçid niyə gecikib?
- Mən sizinlə tamamilə razıyam, bu dəyişiklik bəlkə də bir qədər öncə baş verməli idi. Amma düşünürəm ki istədiyimiz vaxt istədiyimiz dəyişiklikləri etmək imkanımız yoxdur. Sistemlərimiz buna hazır olmalıdır. O məntiqlə hesab edirəm ki, gecikməyimizin səbəbi öz sistemlərimizi bu standartlara uyğunlaşdırmaq olub ki, qanunun tətbiqində problemlər yaşamayaq.
- Birinci mərhələdən danışdıq. Beynəlxalq standartlara keçid üçün ikinci mərhələ hansıdır?
- İkinci mərhələ də odur ki, bu qanun peşəkar mühasib anlayışını ortaya qoyur. Bu çox mükəmməl yanaşmadır. Deməli peşəkar mühasib dedikdə qanun tələb edir ki, ümumiyyətlə fəaliyyət göstərməyə hüququ olan mühasib mütləq peşəkar olmalıdır.
- Peşəkar mühasib olmaq üçün nə tələb olunur? Əlavə imtahan verməlidir? Sıradan bir mühasib fikirləşə bilər ki mən artıq bu standartlara cavab vermirəm, bu gündən sonra mühasib işləyə bilməyəcəm. Belə bir yanaşma var?
- Xeyr. Ümumiyyətlə qanundakı bu dəyişiklikdən sonra mühasiblər arasında bir ajiotaj müşahidə olunur. Peşəkar mühasib mütləq şəkildə Dövlət İmtahan Mərkəzi tərəfindən aparılan imtahanda iştirak etməli, müvafiq qaydada imtahandan keçməlidir. Eyni zamanda qanun imperativ olaraq həmin imtahandan uğurla keçmiş mühasibin bu sahədə peşəkar fəaliyyət göstərən ictimai birliyə üzv olmasını tələb edir. Burda da məntiq var. Nə olsun ki imtahanı verdi və uğurla keçdi. Bu sahə elə bir sahədir ki, daim yeniliklər baş verir, hesablama qaydalarında dəyişikliklər olur. Biz də istərdik ki, mühasiblər həmin peşəkar assossasiyaya üzv olaraq dəyişikliklərdən hər zaman xəbərdar olsunlar.
- Belə çıxır ki, sertifikatın alınması bir yana, bu da vacib şərtdir?
- Tamamilə doğrudur.
- Bəs burda şəffaflığı necə qoruyacaqlar?
- Ümumiyyətlə qeyd edim ki, dünya praktikasına baxsaq bu kimi yanaşmalar zamanı peşəkar asossasiyalardan istifadə olunur. Təssüf ki bu qanuna baxsaq görərik ki, orda bəzi vacib məsələlərin həll edilməsi, işlərin aparılması bəzi nazirliklərin üzərinə qoyulub. Təbii ki, biz istərdik ki bu məsələdə dünya təcrübəsindən yararlanaraq bütün bu prosesin peşəkar assossasiya tərəfindən aparılsın. ARPA olaraq biz bu sahədə yeganə fəaliyyət göstərən assossasiyayıq və 10 ildən çox təcrübəmiz var.
- ARPA olaraq bundan sonrakı proseslərdə sizin rolunuz konkret olaraq nədən ibarət olacaq?
- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Vergilər Nazirliyi və digər aidiyyatlı qurumlarla artıq memerandumlar imzalamışıq. Ən yaxın zamanda ilkin addım olaraq Maliyyə Nazirliyi Təlim-Tədris Mərkəzi ilə birlikdə açıq seminarlar və kursların keçirilməsini planlaşdırırıq. BU çox vacib addımdır və öz növbəsində xüsusilə də narahat olan mühasiblərə öz müsbət töhfəsini verəcək.
- Əli müəllim, bir şey maraqlıdır, belə çıxır ki, siz dediyiniz qaydalara uyğun olaraq, yəni sertifikat, ictimai birliyə üzvlük imkanları qazanan mühasiblər xaricdə də işləmək imkanı qazana biləcək? O sertifikat xaricdə də qəbul ediləcək?
- Bəli. Nəinki bir sahədə, istənilən risk, sığorta, mühasibatlıq sahəsində beynəlxalq dərəcədə sertifikasiya aparılır ki, bu da öz növbəsində bizim yerli mütəxəsislərə xaricdə işləmək imkanı yaradır.
- Beynəlxalq standartlara keçid qaydası bizə nə qazandıracaq?
- Yerli hesabatları nəzərə alsaq görərik ki bu çox köhnədən qalma yanaşmadır. Hansı ki lazımı sahələri özündə əhatə etmir. Bu beynəlxalq hesabat və standartlar bizə şəffaflığı təmin etməklə yanaşı böyük əhatəyə malik olacaq. Bu da ölkə iqtisadiyyatında, hansısa şirkətin və ya təsərrüfat şirkətinin fəaliyyətində daha da mühim rol oynayacaq. Qeyd etdiyim kimi, burda ən böyük məsələ hesabatın əhatə dairəsidir. Yəni beynəlxalq atandart hesabatın əhatə dairəsini də genişləndirir ki, fikrimcə bu ən vacib faktdır.
- Əli müəllim, Azərbaycanda təxminən nə qədər təsərrüfat subyekti var?
- Təxminən 500 min civarında.
- Bəzən olur ki, iki müəssisəyə 1 mühasib yetərli olur. Onda belə çıxır ki, 200-250 nəfər mühasib var Azərbaycanda.
- Yox, mən elə deməzdim. Ölkədə 30 minə yaxın baş mühasib fəaliyyət göstərir. Qanunda çox maraqlı yanaşma var. Əgər diqqət yetirsək görərik ki, əvvəlki qanunvericiliyə görə mühasibin olması imperativ idi, yəni məcburi idi.
- Amma yeni qanun bunu məcbur etmir, elə deyil?
- Bəli. Yeni qanuna görə indi direktor özü mühasib ola bilər.
- Direktorun sertifikatlı mühasib olması da şərtdir?
- Bəli, mütləq sertifikatı olmalıdır.
- “Mən müəssisənin direktoruyam, özüm bilərəm” kimi düşüncə keçərli olmayacaq yəni?
- Əlbəttə ki yox. Əslində bu kimi yanaşmanın tətbiqi kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olanların ümumiyyətlə mühasib qurumu yaratmasına ehtiyac yoxdur. Mən professional olaraq düşünürəm ki, dünya praktikasına uyğun şəkildə bunun autsors edilməsi daha məqsədəuyğun olardı ki, bu da həm xərc, həm də vaxt baxımından daha effektiv olar.
- Sovet dövründən bu günlərədək belə bir vəziyyət var, direktor qeyri-qanuni bir əməliyyat aparır, burada mühasibatlığın rolu bu və ya digər formada olmalıdır. Tutaq ki, hesabatın hazırlanmasıdır, cədvəl-qarfikə salınmasıdır, imza atılmasıdır – mühasib bu qeyri-qanuni işə ya imza atmalıdır, ya da işindən olmalıdır. Bu əməliyyatların üstü açılanda həm mühasib, həm də direktor həbs olunurdu, necə deyərlər, mühasib oturduğu yerdə işə düşürdü. Yeni qanunla bu məsələ necə tənzimlənəcək?
- Bu ən çox verilən suallardandır. Qanuna baxsaq, bəzi ekspertlər düşünür ki, bu qanun mühasiblərin məsuliyyətini bir qədər azaltmış olacaq. İndi mühasib yalnız öz gördüşü işə görə məsuliyyət daşıyacaq. Bilavasitə, rəhbərliyin qeyri-qanuni hərəkəti nəticəsində şirkətlə bağlı hər hansı bir məhkəmə prosesi baş verərsə bu halda sırf mühasibin özünün fəaliyyətinə baxılacaq. Əgər heç bir cinayət əməli yoxdursa, edilmiş qeyri-qanuni işdə heç bir rolu yoxdursa yeni qanunla mühasib məsuliyyətdən azad olur.
- Ola bilər ki, mühasib təzyiq altında qalıb bunu edə bilər...
- Bəli, o da bir faktdır və nəzərə alınır.
- Siz Azərbaycandakı mühasiblərin sayını 30 min civarında dəyərləndirdiniz. Peşəkar iqtisadçı və mühasib kimi deyə bilərsinizmi, bu 30 minin neçə faizi standartlara cavab verə biləcək?
- Bu çətin sualdır. Amma mən öz təcrübəmə uyğun olaraq bu suala cavab verəcəm. Düşünürəm ki, bu rəqəm 30 fazidən çox deyil. Təəssüf ki, bu belədir.
- Əslində bu özü çox böyük həyəcan siqnalıdır. 30 min mühasibin 30 faizi çox az rəqəmdir. Bu mühasibsizlik bizə nə dərəcədə təsir edəcək?
- Biz bu vəziyyətin mənfi mənada nəticəsini görmüşük. Mühasiblərin və digər peşə sahiblərinin dünya standartlarına uyğun olmaması bizim iqtisadiyyatımıza zərbə vuran amillərdən biridir.Hesab edirəm ki, biz ARPA olaraq müvafiq strukturlarla gücümüzü bir yerə qoyacağıq və əlimizdən gələni edəcəyik ki ən qısa zamanda nəticə əldə edək.
- Nə etmək niyyətindəsiniz?
- Biz bu sahədə mövcud kitabların təcili şəkildə Azərbaycan dilinə tərcümə edilməsinə çalışacağıq.
- Beynəlxalq standartlarla bağlı nümunələr ki var, onların heç biri azərbaycancaya tərcümə edilməyib?
- Xeyr. Axı qanun hələ yeni qəbul edilib.
- Yeni deyəndə may ayı idi prezident o qanunu imzalayanda. Amma ictimailəşməyi bu ay oldu, elə deyil?
- Bəli.
- Bu müddət ərzində bununla bağlı müəyyən işlə görmək olardı axı...
- Bilirsiniz, qanunun hazırlanmasında ARPA olaraq çox yaxından iştirak etmişik. Sizinlə tamamilə razıyam ki əgər işlər paralel aparılsaydı daha yaxşı olardı. Amma müəyyən çətinliklərə görə biz də qanunun nə vaxt qüvvəyə minəcəyini gözləyirdik. Əmin deyildik, ona görə bu prosesə start verə bilmirdik. Həmçinin eyni zamanda müvafiq qaydalar hazırlanmadan, yanaşmalar aydınlaşdırılmadan bizim hansısa işə start verməyimiz bir qədər məntiqsiz olardı. Ona görə hesab edirəm ki, indi tez bir zamanda qaydaları hazırlayıb cənab prezidentə təqdim etməliyik. Bu vaxt çərçivəsində kitablarla bağlı qərarlar verilməlidir. Çünki bilirsiniz ki, tərcümə prosesinin özü də ağır işdir. Bu hansısa bir kitabın tərcüməsi deyil, professional bir kitabın tərcüməsidir. Bunun üçün kifayət qədər təcrübəli mütəxəssislər cəlb olunmalıdır. Ümumiyyətlə düşünürəm ki, ilin sonuna qədər bu sahədə bütün lazımı məlumatlar Azərbaycan dilinə tərcümə olunmuş olacaq.
- Necə düşünürsünüz, müəyyən müddətdən bir müəllimlərin də peşəkarlığını yoxlamaq üçün imtahanlar təşkil olunur. Mühasiblərin peşəkarlığını yoxlamaq üçün belə imtahanlar ola bilər?
- Ümumiyyətlə, qanun bu məsələyə də toxunur. Nə vaxtsa sertifikat almış, peşəkar assossasiyaya üzv olmuş mühasib 5 ildən bir imtahan verməlidir. Bu imtahan 3 mərhələ olacaq. Yəni 3 dəfə 5 ildən bir imtahan verən mühasib 15 il keçdikdən sonra imtahandan azad olur və tam azad fəaliyyət göstərə biləcək. Amma tam azad olmaq üçün 3 dəfə sertifikasiyadan keçməlidir.
- Deməli mühasiblərimizə işləmək üçün normal şərait qurulacaq, qanunverici bazamız hüquqlarını qoruyacaq, onları qanunsuz və ədalətsiz həbslərdən qoruyacaq, yeganə şərt mühasiblərin öz üzərində işləməsi və standartlara cavab vermələridir.
- Bəli, tamamilə doğrudur.
- Necə ki, bütün qanuni və qanunsuz işlər mühasibatdan keçir, mən də bu məsuliyyətli yoxda sizə uğurlar arzu edirəm.
- Təşəkkür edirəm.
30 min mühasibin taleyi necə olacaq? - MÜSAHİBƏ
10:34
20 İyul 2018