İqtisadçı-ekspert Elman Sadiqovun müsahibəsini təqdim edirik:
-Elman bəy, “Fitch Reytings” Bakıda maliyyə qurumları və banklarla birgə tədbir keçirdi və əvvəlkinə nisbətən pozitiv açıqlamalarla yadda qaldı. Siz də həmin tədbirdə iştirak edirdiz. Nə baş verir?
- “Fitch”in dediklərində müsbət məqamlardan biri budur ki, Azərbaycan banklarında kapitallaşma ötən il 900 milyon manat ətrafında olub. Bu çox müsbət tendensiyadır. Hazırda da qeyd olundu ki, kapitallaşma ilə bağlı əlavə 400 milyon manat həcmində də müraciət var. Bu isə 2 ildə bank sektorunun 1,3 milyard manat həcmində kapitallaşması deməkdir. Hər kəs bilir ki, bu müsbət tendensiyadır. İkinci məsələ odur ki, dollarlaşma nəinki dayanıb, hətta dedollarizasiya prosesi başlayıb. Bu da özünü manat depozitlərinin artımında göstərdi. Bank sektorunda dollar depozitləri 80%-i keçmişdi. Amma indi bu 70% ətrafında formalaşıb. Depozitlərlə bağlı hələ çox işlər görülməlidir. Həmişə qeyd etmişəm. İqtisadiyyatı pul idarə etmir, pul iqtisadiyyatda sadəcə bir vasitədir. İqtisadiyyatı idarə edən inamdır. Məsələn, dünyanın ən inkişaf etmiş ölkələrinin iqtisadiyyatları inam üzərində qurulub. Ona görə də bank sektoruna inam çox önəmli məsələdir. Bank sektoruna inam artarsa, bu o deməkdir ki, depozitlər artacaq. Depozitlər artırsa, faiz dərəcələrində düşmə müşahidə ediləcək. Bu zaman yüksək fond yaranmış olacaq və artıq kredit faizləri aşağı düşəcək. Son nəticədə bu da iqtisadiyyata böyük xeyirdir.
-Bu o deməkdir ki, bank sektorunda “buzlar əriyir”?
-Təbii ki, bank sektorunun donu açılmalıdır. Ümumiyyətlə, hər hansı iqtisadi krizis sonsuz olmur. Əvvəl-axır böhrandan çıxış yolu tapılır.Əsas məsələ böhranın təsirinin minimuma endirilməsidir. Məsələn, bəzi ölkələr müəyyən müddətdə böhrandan çıxır, amma onun təsirlərini minimallaşdıra bilmir. Lazımı nəticə çıxarılmır və ölkə get-gedə zəifləməyə doğru gedir. Latın Amerikası ölkələrinə baxsaq, orada iqtisadi böhranlar adət halını alıb. ABŞ, Avropa və Cənub Şərqi Asiya ölkələrinə nəzər salsaq, burada böhranın təsiri minimuma endirilir və bundan sonra ölkə daha da güclənir. Məsələ ondan ibarətdir ki, Azərbaycan böhranın ən çətin dövrünü geridə qoyub. Yəni biz dib nöqtəni vurduq, indi geri qayıtmaq üzrəyik. Sizin də qeyd etdiyiniz kimi iqtidasiyyatın “don”u artıq açılır. Bu baxımdan beynəlxalq maliyyə təşkilatları ilə Azərbaycanın mövqeyi də üst-üstə düşür.
Burada üst-üstə düşən bir narahat edici yanaşma var. Hamı qəbul edir ki, Azərbaycan iqtisadiyyatında neft çox önəmli rola malikdir və 89% həcmində ixrac neft-qaz və neftdən istehsal edilən məhsulların payına düşür. Neftin qiyməti stabilləşir və artıq bank sektoru da böhrandan çıxmağa başlayıb, vəziyyət düzəlir. Real sektorda da dirçəlmə başlayır. Amma ən vacib məsələ yenə də neftin qiymətidir. Neftin qiyməti 50 dollardan aşağı düşərsə, yenə də bunun Azərbaycan üçün fəsadları ola bilər. Bu və buna bənzər amillərə xarici şoklar deyilir. Xarici şoklara ikinci dəfə məruz qalmamaq üçün çox qısa müddətdə qeyri-neft sektorunu inkişaf etdirib ixracı artırmalıyıq. Bunu “Fitch” də qeyd edir, biz də razıyıq.
-Neftin qiymətində bizim üçün kritik hədd neçədir?
-Bu bir qədər nisbi məsələdir. Tutaq ki, biz büdcəmizi 45 dollar üçün hesablamışıq. Bu Strateji Yol Xəritəsində də qeyd edilib və artıq Azərbaycan Dövlət Neft Fondundan büdcəyə transferlər məsələsində də proseduru dəyişmək istəyir. Belə ki, büdcənin tələbindən çox istəyirlər ki, Fonddan edilən transfer Fondun gəlirləri nisbətində olsun. Artıq bu istiqamətdə işlər gedir. Nəzərə alsaq ki, neft istehsalımız da aşağı düşüb, neftin hazırkı qiymətləri də bizim üçün qənaətbəxş deyil. Devalvasiya nəticəsində infilyasiya da əvvəlki illərə nisbətən artıb. Ona görə də əhalinin maaş artırımı da baş verir və artıq büdcə tələbi də artıb. Dolların devalvasiyası transferlərdə bizə kömək edir, amma rahatlaşmaq üçün hazırda neftin 60-70 dollar olması bizə bəs etmir. Yəni, daha böyük infrastruktur layihələri həyata keçirmək üçün, investisiya məqsədilə cibimizin ağzını açmaq üçün kifayət deyil. Bunun üçün minimum hədd 80 dollardır. Neftin 60 dollar ətrafında olan qiymətləri bizə kifayət edir ki, vaxt qazanaq və qeyri-neft sektorunu nisbətən maliyyələşdirək. Çünki bundan sonrakı əsas istiqamət investisiya layihələri olacaq. Yəni, geriyə kapital gətirəcək layihələr, iş yerləri, sənaye sahələrinin yaradılması, istehsalın genişləndirilməsi, kənd təsərrüfatı ixracının artırılması və s. Başqa sözlə, neftin 50 dollara qədər olan qiymətləri iqtisadiyyatı idarə etməyə imkan verir. 50 dollardan aşağı bizim üçün qırmızı xətt hesab edilə bilər.
- Dövlət Neft Fondundan transferlərdə prosedurların dəyişməsi bizə nə vəd edir?
- Bu deməkdir ki, Dövlət Neft Fondundan transfer edilməsi mexanizmi dəyişəcək. Bununla da qeyri-neft sektorunu təşviq etmək istəyi ortaya çıxır. Yəni, artıq qeyri-neft sektoru büdcə üçün daha çox vəsait verməli olacaq. Məsələn, indiyə qədər büdcəyə 10 milyard manat lazım idisə, Neft Fondu həmin məbləğdə vəsaiti transfer edirdi. İndi isə deyirlər ki, gəlin qızıl orta tapaq ki, həm burada kurs önəmli rol oynayacaq, həm Neft Fondunun gəlirləri önəmli rol oynayacaq. Həm də Fond da bilsin ki, məsələn, hər il gəlirlərinin 10%-ni büdcəyə köçürəcək. Yoxsa bilmir ki, büdcəyə nə qədər vəsait köçürəcək. Bəlkə, bu gəlirlərinin yarısı olacaq, bəs gələn il nə olacaq? İstək ondan ibarətdir ki, həm Neft Fondu üçün problem yaranmasın, həm də büdcə də Neft Fonduna arxayın olmasın. Bilsin ki, qalıq hissə qeyri-neft sektorunun hesabına formalaşdırmalıdır. Axı Neft Fondu həm də gələcək nəsillərə məxsusdur.
-Manatla bağlı pozitiv gözləntilər var. Mərkəzi Bankın nümayəndəsi də bu barədə tədbirdə açıqlama verdi. Siz necə hesab edirsiz, manat bir qədər möhkəmlənə bilərmi?
- Nə qədər qəribə görünsə də manatın bahalaşması artıq heç kim üçün əlverişli deyil. Xüsusilə qeyri-neft sektorunda ixracın genişlənməsi üçün bir neçə proyektlər həyata keçirilir. Bilirsiniz, burada qısa müddətli və uzunmüddətli məsələlər var. Biri var, ticarət şirkəti yaradıb, xaricdən mal gətirib onu sataraq nağd vəsait əldə edirsən. Bu qısamüddətli gəlirdir. Biri də var, ixrac yönümlü müəssisə yaradırsız. Bu müəssisənin qurulması, məhsul istehsal etməsi üçün bir neçə il lazımdı. Bunu edərkən, biznes planda dolların kursu 1.70 manata götürülür və şirkət hesab edir ki, ixrac zamanı bu kurs rentabelli olacaq. Əgər manatın kursu bahalaşarsa, bunun iki təsiri ola bilər. Birincisi, ixracatçılarda inam azalar, ixrac sahəsinə qoyulan vəsait geri çəkilə bilər. Digər tərəfdən manat bahalaşandan sonra neft yenidən ucuzlaşarsa bu yenə də qeyri-stabilliyə və şok effektlərə səbəb ola bilər. Ona görə də ən yaxşı yanaşma neftin qiyməti qalxdıqda müdaxilə edərək kursun stabil saxlanılması və neftin qiyməti aşağı düşəndə də stabilləşdirici bir mövqe sərgiləməkdir. Yəni, əhali və iş adamları məzənnə dəyişikliyindən əziyyət çəkməməlidir. Digər tərəfdən isə biz qeyri-neft sektorunun tədiyyə balansını da diqqətimizdə saxlamalıyıq. Bu balansda isə təəssüf ki, saldo müsbət deyildir.
- Necə hesab edirsiz, bank sektorundan “ələnmə” prosesi bitib yoxsa, sağlamlaşdırılma davam edəcək?
- Neftin qiyməti bu şəkildə davam edərsə, bank sektorunda “ələnmə” prosesinin əvvəlki səviyyədə olacağına inanmıram. Yəni, hazırda söhbət barmaqla sayılacaq bir neçə bankdan gedir və bunlarla da artıq işlər aparılır. Bundan sonra kütləvi bağlanmadan söhbət gedə bilməz.
-Amma bağlanmadan çox, bankların birləşməsi ilə bağlı danışılır...
-Birləşmə həmişə müsbət olmur. Adətən birləşmədə dominant bir tərəf olur. Dominant tərəf daha kiçik olan tərəfin zəif nöqtələrini qoruyur və risklərini minimallaşdırır. İki eyni vəziyyətdə olan bank birləşirsə, baxırıq ki, depozitlər birləşəcək bankın daha çox pulu olacaq. Amma digər tərəfdən sual ortaya çıxır. Bu banklar niyə pis vəziyyətə düşüb, problemli kreditləri səbəbindən. İki problemli kredit birləşirsə,daha böyük toksik aktiv əmələ gəlir. Bunu bank həll edə biləcəkmi və hansı resursla həll edəcək? Bizdə də təəssüf ki, maliyyə sahəsində maliyyələşmə ilə bağlı llimitlər çoxdur. Və yaxud maliyyə bazarımız o qədər inkişaf etməyib ki, bank səhm, istiqraz, imtiyazlı səhmlər buraxa bilsin, kapitallaşmaya gedə bilsin. Bunlar hamısı məhduddur. Ona görə də düşünürəm ki, birləşmə yeganə çıxış yolu sayılmır.
- Banklar vəsait cəlb etməyə o qədər də həvəsli görünmürlər. Amma real sektorun kreditləşməsində hələ də çətinlik var. Sizcə, məsələ necə həll edilməlidir?
-İqtisadi nəzəriyyəçilər hesab edirlər ki, iqtisadiyyatları sərbəst buraxmaq lazımdır. Artıq iqtisadiyyatlar o qədər mürəkkəbləşib ki, onları sərbəst buraxmaq təhlükəlidir. Məsələn, 2008-ci ildə ABŞ iqtisadiyyatı sərbəst buraxılsaydı, artıq çökmüşdü. Və yaxud Cənub- Şərqi Asiya ölkələri-Malaziya, Tayvan, Honkonq ciddi şəkildə hökümət tənzimlənməsi ilə hazırki inkişaf səviyyəsinə qədəm qoyublar. Azərbaycanda isə bir mənfi tendensiya var. İqtisadiyyatdan ayrıca danışılır, maliyyə sektorundan ayrıca danışılır. Maliyyə öz problemlərini özü, real sektor da problemlərini özü həll etmək istəyir. Amma dünya təcrübəsi göstərir ki, bu mümkün deyil. Bunlar bir-birinə dəstək verən paralel sektorlardır. Burada monetar və fiskal siyasətləri də unutmaq olmaz.Azərbaycanın ölkə olaraq qarşısında duran önəmli məsələ odur ki, elə bir nöqtə tapılmalıdır ki, bu həm real sektora, həm də maliyyə sektoruna kömək göstərsin. Bu effektiv maliyyələşdirmədir. 2016-cı ildə hesablamalara görə məlum oldu ki, real sektora təxminən 20 milyard manat vəsait lazımdır. Hazırda infilyasiyaya görə bu məbləğ bir qədər arta bilər. Digər tərəfdən maliyyə sektorundan 2,5 milyard manat likvid vəsaiti real sektora yönəltmək olar. Amma yönləndirmə sahəsində çətinliklər var. Çünki real proyekt yoxdur. Bir tərəf deyir ki, proyekt istəyirəm, çünki mən də əlimdən olan vasaiti yönləndirib ki, gəlir əldə etməliyəm. Digər tərəf isə bildirir ki, real proyektim var, maliyyə tapa bilmirəm. Yəni, ortaq nöqtə tapılmır. Bu da o deməkdir ki, real sektorla maliyyə sektoru arasında qarşılıqlı inam yoxdur. Niyə? Çünki köhnə kreditləşmə modelləri artıq özünü doğrultmur. Yeni kreditləşmə modelləri mexanizmi yaradılmalıdır. Bununla bağlı da bir neçə təklif vermişəm. Məsələn, dünyada tətbiq edilən “project management” modeli var, konbinə edilmiş digər modellər də var.
Burada absurd bir məqam var. 100 min manat kapital qoyan şəxs səhmdar müəssisənin idarə edilməsində iştirak edir. Amma həmin müəssisəyə 1 milyon manat kredit verən bankın müəsisədə baş verənlərdən xəbəri yoxdur. Dünyada bu qəbul edilməyən bir haldır. Yəni, bu mexanizmləri biz qura bilsək, qanunvercilikdə əks olunsa, bu qarşılıqlı inamın yaranmasına səbəb olacaq. Verilən kreditin izləməklə və idarə olunmasında iştirak etməklə bank və real sektor əmin olacaq ki, həmin kreditin hər manatı iqtisadi dəyər qazana biləcək. Bu zaman görülən işlərin səmərəsi daha çox olacaq.