Bu gün Azərbaycan vətəndaşları həm banklardan, həm də bank olmayan kredit təşkilatlarından (BOKT) kredit götürə bilir. Həmçinin, arzuolunan məbləği “sələmçilərdən” və ya “qızıl girov” əsasında lombardlardan əldə etmək olar.
FED.az xəbər verir ki, bu barədə Media.Az material hazırlayıb.
Xatırladaq ki, ölkədə 47 bank olmayan kredit təşkilatı fəaliyyət göstərir. Onların çoxu o qədər aktiv olmasa da, hər halda mövcuddur. Onlardan birinin saytında bir sıra kredit növlərinin, o cümlədən, pul, biznes, kənd təsərrüfatı, qiymətli kağızların girov qoyulması əsasında kredit və digər kreditlərin verilməsi ilə bağlı şərtlər qeyd olunub. Şərtlər qurumdan quruma fərqlənir.
Məsələn, pul kreditləri həm dollar, həm də manat şəklində verilir. Kredit məbləği 500 manatdan 3000 manata qədər dəyişə bilir. Kredit üzrə ödəniş müddəti 18 aya qədərdir. İllik faiz göstəricisi 32%-34% civarında dəyişir. Komissiya 3-5%, ödəniş növü: annuitetdir (İpoteka borcunun və ya kredit üzrə əsas borcun və həmin borca hesablanmış faizlərin ödənilməsinə yönəldilmiş müntəzəm bərabər aylıq ödənişlərə deyilir – red). Yaşa gəldikdə, 22 yaşdan 60 yaşa qədər olan şəxslərə kredit verilir.
Eləcə də bax: “Dollar kreditləri ilə bağlı məhkəmələrdə 200 minə yaxın iş var”
Dollarlarda kredit məbləği 300-2000 dollar arası dəyişir. Kredit üzrə ödəniş müddəti: 18 aya qədər, illik faiz göstəricisi 20%-21%-dir. Komissiya 1%, ödəniş növü və yaş həddi manatla verilən kreditdə olduğu kimidir.
Qeyd etmək lazımdır ki, bütün bank olmayan kredit təşkilatlarında şərtlər, demək olar ki, oxşardır. Yalnız faiz göstəricisində müəyyən fərqlər var.
“TBC kredit”in istehlak kreditləri üzrə aparıcı mütəxəssisi Ayaz Seyidov istehlak kreditlərinin minimal aylıq maaşı (söhbət rəsmi maaşdan gedir) 400 manat olan şəxslərə verildiyini bildirib. Bir qayda olaraq, istənilən kreditdə aylıq kredit ödənişləri aylıq əməkhaqqı məbləğinin yarısından çox olmamalıdır. Əlbəttə ki, bunun üçün “təmiz” kredit tarixçəsi (əvvəlki kredit ödənişləri üzrə gecikmələrin olmaması nəzərdə tutulur) olmalıdır.
“Bakı qeydiyyatı vacib şərtdir. Müştəri hər hansı bölgədə yaşayış qeydiyyatındadırsa, onun Bakı qeydiyyatlı zamini olmalıdır. Müraciət edənə 500 manatdan 150 min manata kimi kredit verilir. İllik faiz dərəcəsi kreditin məbləği və borcun qaytarılma müddətindən (3-48 ay) asılı olaraq 19-25% arasında dəyişir.
“Bank olmayan kredit təşkilatları banklarla müqayisədə, kreditləri daha yüksək faizlə verir. Habelə maliyyə institutları ilə rəqabətə girə bilən BOKT-lar da var. Bir qayda olaraq, əsas şərt kimi illik 18-20 faiz göstərilir. Ancaq daha yüksək faizlər də olur”.
Bunu isə tanınmış maliyyə eksperti Əkrəm Həsənov bildirib.
Həsənovun sözlərinə görə, kreditlərin verilməsi baxımından banklara alternativ, təkcə qeyri-bank kredit təşkilatları deyil; krediti lombardlardan və sələmçilərdən də götürmək olar. İkincilər “soyğunçu” faizlərlə xidmət göstərir, bəzən illik faizlər 150 faizə çatır. Sələmçilərlə müqayisədə, lombardlar nisbətən az pullansalar da, onların da faiz dərəcəsi həddən ziyadə yüksəkdir.
“Sələmçilərin və lombardların fəaliyyəti qanunsuzdur. Mən bunu dəfələrlə qeyd etmişəm. Bizim qanunvericiliyə əsasən, onlar krediti yalnız öz pulları əsasında verə bilər.
Reallıqda isə onlar özləri daha aşağı faizlə kredit götürür, qat-qat yüksək faizlərlə kredit verirlər. Bu, qanunsuz bank fəaliyyəti hesab olunur. Ancaq təəsüf ki, Maliyyə Bazarlarına Nəzarət Palatası bu problemi diqqətdən kənarda saxlayır. Halbuki məhz bu qurum belə strukturların aşkarlanaraq, məsuliyyətə cəlb olunması barədə məsələni qaldırmalıdır”, - deyə ekspert bildirib.
Onun sözlərinə görə, Azərbaycanda banklar krediti yüksək faizlərlə verir. Bunun iki başlıca səbəbi var. Birincisi, bizim maliyyə qurumları fiziki və ya hüquqi şəxslərə verdikləri pulları özləri kreditə götürür. Borc götürmək deyəndə, söhbət əmanətlərdən gedir. Maliyyə institutları depozitlərdən istifadə etməklə kredit verirlər. Habelə onlar cari uçot dərəcəsini (hazırda 9,25% təşkil edir) nəzərə almaqla, Mərkəzi Bankdan da kredit götürə bilər. Amma Mərkəzi Bankdan bu faiz göstəricisi əsasında kredit götürmək elə də asan deyil. Bundan savayı, onlar beynəlxalq maliyyə institutlarından da pul götürə bilərlər (ancaq avro valyutasında). Lakin bu, heç də hər zaman faydalı olmur, belə ki, devalvasiya riski həmişə mövcuddur.
Əkrəm Həsənovun dediyinə görə, nə qədər qəribə səslənsə də, ölkə banklarına pullar baha başa gəlir. Ancaq buna rəğmən, faiz göstəriciləri həddən artıq yüksəkdir və bunun heç bir bəraəti yoxdur. Deyək ki, maksimum illik faiz 15% ola bilər. Onlar yüksək faizləri bank sferasının çoxsaylı riskləri ilə əsaslandırmağa çalışır.
Deyək ki, banklar sabah kreditgötürənlərə borc məbləğini ödəyə bilməsə (hazırda ölkədəki problemli kreditlərin ümumi həcmi bunun bariz nümunəsidir), maliyyə qurumu məhkəməyə müraciət etməli olacaq. Bu isə əlavə xərclər anlamına gəlir. Digər tərəfdən, məhkəmə çəkişmələri illərlə davam edə, bank verdiyi pulları geri almaya bilər.
Xarici ölkələrə gəlincə, orada vəziyyət bir qədər fərqlidir. Belə ki, həmin ölkələrin mərkəzi banklarının uçot dərəcələri aşağıdır. Məsələn, Federal Ehtiyatlar Sisteminin, yəni ABŞ Mərkəzi Bankının uçot dərəcəsi (maksimum) 2,5 faiz təşkil edir. Avropa Mərkəzi Bankında sıfır faizli uçot dərəcəsi mövcuddur (maliyyə qurumlarına kreditlər faizsiz əsaslarla verilir - red.).
Üstəlik, Avropada bank əmanətləri üzrə faizlər bizdəkindən daha aşağıdır. Əlbəttə ki, orada bank sferasının riskləri ölkəmizlə müqayisədə, daha aşağıdır. Bütün bunlar məcmu halda ona gətirib çıxarır ki, ölkə xaricində kredit bizdəkindən daha sərfəli olur.
Dünyanın bir sıra ölkələrində minimal faiz dərəcələri mövcuddur. Belə ölkələr arasında İsveçrə də yer alır. Orada uçot dərəcəsi mənfi 0,75 faiz təşkil edir. Bu, o anlama gəlir ki, maliyyə qurumları fiziki/hüquqi şəxslərə kredit versin deyə borc götürənə əlavə məbləğ də (kredit məbləğinin 25%-ni) ödəyir.
Danimarkada uçot dərəcəsi -0,65% təşkil edir. Yəni bu ölkədə kredit, demək olar ki, pulsuz verilir. İsveçrədə də mənfi faiz dərəcəsi (-0,5%) olduğundan müştərilər üçün kifayət qədər əlverişli şərait yaradır.
Yaponiya mənfi uçot dərəcəsi olan (-0,1%) dünya ölkələrinin dördlüyünə daxildir. Avropa İttifaqı monitorinqdə ayrıca cədvəllə seçilib və kredit üzrə faiz dərəcəsi 10 mart 2016-cı ildə sıfıra endirilib.