Azərbaycanda bankdan nağd pul çıxarılması üçün tətbiq edilən 1%-lik vergi bu prosesi azaltmayıb. Əksinə 2019-cu ildə bankdan nağd çıxarılan vəsaitin həcmi kəskin artıb. FED.az xəbər verir ki, bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.
Eləcə də bax: Vergi Məcəlləsi dəyişdi - PREZİDENTDƏN FƏRMAN
"Gəlirlərin təhlili ilə bağlı bir faktı qeyd etməliyik ki, 2019-cu ilin yanvar-iyun ayları üzrə dövlət büdcəsi gəlirlərinin hesabatlılığında pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə Vergi Məcəlləsinin 220.12-ci maddəsinə uyğun hesablanmalı olan sadələşdirilmiş vergi üzrə büdcədaxilolmalar 19,4 mln. manat məbləğində təşkil etmişdir. Bu da nağdlaşdırılmış vəsaitin həcminin təxminən 1,9 mlrd. manat təşkil etməsini deməyə əsas verir".
Palata sədri bildirib ki, nağdlaşdırılmış vəsaitin həcminin yüksək olması, eyni zamanda 2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 26,7% artması dövlət büdcəsinin vergi gəlirlərinin yığımı prosesində yayınma risklərinin səviyyəsini göstərməklə yanaşı ölkə üzrə real sektorda nağdsız əməliyyatların həcminin yüksəldilməsi istiqamətində maneələr yaradır.
Palata sədrinin sözlərindən aydın olur ki, dövlət qurumları belə artımı əvvəldən gözləyirmişlər: "Pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə ödənilən sadələşdirilmiş verginin 2019-cu il üçün proqnozu 2018-ci ilin icrasından təqribən 2 dəfəyə yaxın artıq həcmdə müəyyən edilmişdir ki, bu da ölkə üzrə real sektorda nağdsız əməliyyatların həcminin yüksək olduğunu əks etdirir. Beləliklə də, 2019-cu ilin I yarımilliyinin nəticələri cari ilin sonunadək faktiki icranın daha artıq olacağını deməyə əsas verir".
V.Gülməmmədov hazırda ölkədə nağdsız ödəniş infrastrukturunun qənaətbəxş səviyyədə olmadığını da bildirib: Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsində yerləşdirilmiş məlumatlara əsasən nağdsız ödəniş infrastrukturunun əsas göstəriciləri üzrə 2019-cu ilin yanvar-iyun ayları ərzində müəyyən artımlar müşahidə olunsa da göstəricilərin mütləq həcmləri prosesin makroiqtisadi müstəvidə dəyərləndirilməsi üçün hələ ki, qənaətbəxş səviyyəyə çatmamışdır".