2018-ci ilin dövlət büdcəsinin gəlirlərində vergi və gömrük yığımlarının həcmi artırılıb. Eyni zamanda dövlət investisiya qoyuluşları büdcə xərclərinin 62,5 %-ni təşkil edəcək. Bununla bağlı Milli Məclisin İqtisadi siyasət,sənaye və sahibkarlıq komitəsinin sədri, Ziyad Səmədzadə ilə müsahibəni təqdim edirik.
Ziyad müəllim, 2018-ci ilin büdcəsi investisiya yönümlüdür. Necə hesab edirsiniz, dövlətin əsas investor rolunda çıxış etməsi hansı dəyişikliklərə səbəb olacaq?
Biz artıq bir neçə ildir ki, qlobal risklərdən, onun milli iqtisadiyyatlara təsirindən, bu təsirə qarşı qabaqlayıcı tədbirlərin görülməsindən danışırıq. Razılıq hissi ilə qeyd etməliyik ki, Azərbaycan dövlətinin apardığı iqtisadi siyasət qlobal risklərin təsirlərini xeyli azaltmağa imkan verib. 2018-ci ildə davamlı inkişaf, sosial tərəqqi meyillərini gücləndirməyə əsas yaradan dövlət büdcəsi formalaşdırılıb.
İlk növbədə, dövlət büdcəsinin gəlirləri 2017-ci il üzrə təsdiq olunmuş proqnozu ilə müqayisədə 20 faiz, 2016-cı illə müqayisədə 15 faiz çoxdur. Bunlar kifayət qədər böyük artımdır. Eyni zamanda, büdcə-vergi siyasəti ümumi makroiqtisadi siyasətin tərkib hissəsi olmaqla real gözləntilər və proqnozlar üzərində qurulub. Bu siyasət davamlı, həm də uzunmüddətli keyfiyyətli inkişaf məqsədlərinə xidmət edir, müxtəlif fiskal riskləri nəzərə alır və müvafiq maliyyə ehtiyatlarını formalaşdırır.Əsaslı xərclərin tərkib hissəsi olan dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri 62,5 faiz təşkil edəcək ki, bu da bir sıra strateji layihələrin vaxtında icrası üçün çox vacibdir. Ümumilikdə gələn il əsas kapitala investisiya qoyuluşları 15,9 milyard manat, xarici investisiyaların 7,7 milyard manat, daxili investisiyaların 8,2 milyard manat olacağı proqnozlaşdırılır. Qeyri-neft sektoruna isə 9,5 milyard manat investisiya yatırılacağı gözlənilir.
Dövlət iqtisadi inkişafa nail olmaq üçün həm qanunvericilik bazasını gücləndrir, həm də maliyyə rıçaklarından istifadə edir. Xüsusən də büdcədən regionların sosial-iqtisadi inkişafına yönəldilən vəsaitlərin artırılması planlaşdırılıb. Ümumiyyətlə, son illərdə respublikada regionların inkişafı ilə əlaqədar görülən işlərin miqyası kifayət qədər yüksəkdir. Artıq təsərrüfatların, şirkətlərin istehsal etdikləri məhsulların daxili tələbatla yanaşı, ixraca da yönəldilməsinin şahidi oluruq, yeni assosiasiyalar yaranır.
Builki büdcənin gəliri necə formalaşdırılacaq, xüsusən də vergi və gömrük rüsumları üzrə yığımların artması gözlənilirmi?
2018-ci ildə Azərbaycan Respublikasının Vergilər Nazirliyi üzrə proqnoz məbləği ÜDM-in 11,4 faizi həcmində olmaqla 7 milyard 907 milyon manat nəzərdə tutulur. Bu, cari ilin proqnozundan 3,4 faiz, 2016-cı ilin faktı ilə müqayisədə isə 12,7 faiz çoxdur. Dövlət Neft Fondundan transfertlər nəzərə alınmadan Vergilər Nazirliyi xətti üzrə 2018-ci ildə vergi daxilolmalarının ümumi büdcə gəlirlərində xüsusi çəkisi 72,5 faiz təşkil edəcək.
Dövlət büdcəsi layihəsində Gömrük Komitəsi xətti üzrə daxilolmaların proqnozu ÜDM-in 3,5 faizi həcmində olmaqla 2,4 milyard manat nəzərdə tutulur.
Bilirsiniz ki, hazırda sahibkarlığın inkişafı, milli iqtisadiyyatın qorunması ilə bağlı tapşırıqlarına əsasən, tətbiq olunan gömrük idxal rüsumlarının çoxpilləli sistemdən azpilləli sistemə keçirilməsi və idxal mallarına münasibətdə gömrük-tarif mexanizminin daha da təkmilləşdirilməsi prosesi gedir. Bəzi xammal və istehsal dərəcələrinin azaldılması, ölkədə istehsal potensialı yüksək olan məhsullar üzrə rüsumların artırılması istiqamətində konkret tədbirlər görülür.
Yeri gəlmişkən, sahibkarların fəaliyyətinin yoxlanması daha 3 il uzadıldı...
Dövlət başçısının təşəbbüsü ilə Milli Məclis sahibkarların fəaliyyətinin yoxlanılmasını 2021-ci ilin 1 yanvarına kimi uzatdı. Eyni zamanda bu qanunun 2.1-ci maddəsinə ciddi bir əlavə edildi. Bu dəyişiklik dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalara şamil edilmir.Bu il respublikada bir neçə zəruri yeni təşkilatlar yaranır ki, onlar üçün də dövlət büdcəsində müvafiq vəsait nəzərdə tutulub. Biz Qida Təhlükəsizliyi Agentliyinin yaradılmasını çox müsbət addım kimi qiymətləndiririk. Çünki qida təhlükəsizliyi dünyada ən narahatlıq doğuran bir məsələdir. Hələ də keyfiyyətsiz malların istehsalı, idxalı bir reallıqdır.
Neft Fondundan büdcəyə transferin artmasını birmənalı qarşılamayanlar oldu. Artım Sizcə zəruridirmi?
Hamıya məlumdur ki, Neft Fondundan istifadə ciddi nəzarət, şəffaflıq şəraitində həyata keçirilir və çox mühüm ehtiyaclara, dövlətin iqtisadi, sosial təhlükəsizliyinin təmin edilməsinə yönəldilir.
2018-ci il dövlət büdcəsinin xərcləri 2017-ci illə müqayisədə 16,5 faiz, 2016-cı ilin faktiki icrası ilə müqayisədə isə 17,8 faiz çox nəzərdə tutulur. 2018-ci il dövlət büdcəsində əsaslı xərclər üçün 2017-ci ilə nisbətən 46 faiz çox vəsait nəzərdə tutulub. Onun dövlət büdcəsi xərclərində xüsusi çəkisi 37,7 faiz təşkil edəcək ki, bu da 2017-ci ilə nisbətən 7,6 faiz çoxdur.
Dövlət büdcəsinin nəzərdə tutulmuş xərcləri iqtisadi islahatları davam etdirmək, dövlətin müdafiə qabiliyyətini gücləndirmək, iqtisadi, ərzaq, ekoloji təhlükəsizliyi təmin etmək, investisiya və sosial, regional inkişaf proqramlarının, qeyri-neft sektorunda yeni istehsal və xidmət müəssisələrinin yaradılması üçün maliyyə təminatı yaradacaq.
Neftin qiyməti ilə bağlı pessimist proqnozlar yenə artır. Xüsusən də ABŞ-ın Rusiaya qarşı yeni sanksiyalar dalğası fonunda bu gerçəkləşə bilərmi?
Bu gün dünyada risklər artmaqdadır və görünür ki, bu tendensiyalar hələ davam edəcək. Neftin qiymətinin düşməsi yeni biznes reallıqlarını ortaya çıxartdı və hökumət qeyri-neft sektorunun inkişafını daha da sürətləndirirdi. Bugün neft qiymətləri bağlı beynəlxalq təşkilatlar müxtəlf proqnozlar verirlər, ancaq əmin olun ki, hələ uzun müddət neft dünya iqtisadiyyatında dominantlığını qoruyub saxlayacaq. Azərbaycan enerji təhlükəsizliyi sahəsində aparıcı söz sahibi olaraq qalacaq. Ən əsası yeni müqavilədən sonra Azərbaycana gələcək gəlirlər ölkəmizin inkişafına böyük töhfələr verəcək.
Tarixi təcrübə göstərir ki, təbii resurslarla zəngin olan ölkələr dövlət büdcələrini formalaşdırarkən resurs amilinə xüsusi fikir verir. Dövlət büdcəsinin formalaşdırılmasında 1 barel neftin qiyməti çox müzakirə olunan məsələlərdən biridir. “Büdcədə neftin qiyməti nə qədər götürülməlidir” sualına optimal cavab tapmaq üçün dünya bazarında neftin qiymətinin dəyişməsi meyilləri ətraflı təhlil edilib, ekspert qiymətləndirmələri aparılıb və neftin qiymətində konsensus formalaşıb. Hökumət dövlət büdcəsində 1 barel neftin qiymətinin 45 dollar olmasını məqbul sayıb. Bu rəqəm reallığı, baş verə biləcək riskləri nəzərə alır. Bəziləri bu rəqəmin az, bəziləri yüksək olduğunu qeyd edirlər. Əlbəttə, bu rəqəm daha çox və ya daha az ola bilərdi. Lakin birinci halda hökumət daha çox risklərə məruz qalardı. İkinci halda, biz iqtisadi, sosial inkişafımızdan geri qalar, bir çox mühüm layihələrin reallaşmasında çətinliklərlə üzləşərdik. Hökumət belə hesab edir ki, 2018-ci il üçün neftin barelinin 45 dollar müəyyən edilməsi qarşıya qoyulan hədəflərə nail olmağa imkan verəcək.
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rentabelliyi barədə sizin fikirləriniz maraqlıdır. Məlumdur ki, bu layihədə əsas maliyyələşdirici rolunda Azərbaycan çıxış etdi.
Məlum olduğu kimi, ilk vaxtlardan Qərb dövlətləri bu layihəni dəstəkləmədilər. Səbəb isə Azərbaycanın təşəbbüsü ilə icra olunan bu layihənin Ermənistanın iqtisadi blokadasını daha da dərinləşdirməsi idi. Ortaya atılan süni maneələrə baxmayaraq, Prezident İlham Əliyevin böyük qətiyyəti ilə layihə uğurla həyata keçirildi. Onun Azərbaycan və Gürcüstan hissələrini ölkəmiz maliyyələşdirdi. Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Çindən Avropaya və əksinə yük daşınmalarının daha da sürətlənəcəyini görən Qərb dairələri bu səmərəli tranzit bağlantısını dəstəkləməyə başlayıblar. İndi dünyada yük daşımaçılığının artdığı bir vaxtda bu layihə Azərbaycana iqtisadi cəhətdən dividendlər gətirəcək.
Ziyad müəllim, sonra aqrar sektorla bağlı çıxışınıza toxunmaq istərdik. Bu böyük diskussiyalara səbəb oldu. Yanlış anlaşıma nədən ibarət idi?
"Vergilər, şəffaflıq, inkişaf" adlı konfransdakı çıxışımdakı fikirlər bəzi mətbuat orqanlarında təhrif edildi. Bilirsiniz ki, Azərbaycan dövləti ölkədə aqrar sektorun dayanıqlı və davamlı inkişafı üçün dünyada özünü doğrultmuş iqtisadi mexanizmlərdən istifadə edir: “Bu istiqamətlərdən biri də ondan ibarətdir ki, ölkənin ərzaq təhlükəsizliyini təmin etmək, aqrar sektorun davamlı inkişafına dəstək üçün kənd əməkçilərinə bir sıra istiqamətlərdə kömək edilir. Bu köməkliklərdən biri də kənd təsərrüfatının torpaq vergisindən başqa bütün vergilərdən azad olunmasıdır. Artıq respublikamızda kənd əməkçilərinə bu dəstək, bu həvəsləndirmə neçə illərdir ki, davam etdirilir və bundan sonra da davam etdiriləcək.Mən də bütün çıxışlarımda, yazdığım əsərlərdə, dərc etdiyim məqalələrdə, iştirak etdiyim bütün beynəlxalq tədbirlərdə bunu qeyd etmişəm. Ona görə mənim çıxışımın təhrif edilməsi ilə qəti razı deyiləm və çox təəssüf edirəm ki, iqtisadi prosesləri düzgün qiymətləndirə bilməyən jurnalistlər də var.