“Azexport.az” portalına ötən ay 91,7 milyon dollarlıq ixrac sifarişi daxil olub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın fevral sayı təqdim edilib.
FED.az xəbər verir ki, icmalın bu sayında yanvarda Azərbaycanın ixracının 1,3 milyard ABŞ dolları təşkil etdiyi göstərilir. Bu müddətdə qeyri-neft sektoru üzrə ixrac isə 138 milyon dollar olub. 2018-ci ilin müvafiq ayı ilə müqayisədə bu ilin yanvarında qeyri-neft sektoru üzrə ixrac 15 milyon dollar və ya 12 faiz artıb. Keçən ay Rusiyaya 46,3 milyon, Türkiyəyə 25,2 milyon, Gürcüstana 13,6 milyon, İsveçrəyə 9,8 milyon və İrana 6,9 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
Ötən ilin müvafiq ayı ilə müqayisədə cari ilin yanvarında Rusiyaya qeyri-neft ixracı 26 faiz, Türkiyəyə 9 faiz, Gürcüstana 20 faiz, İrana 4,1 dəfə artıb.
Həmçinin, keçən ay ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında xurma (12,6 milyon dollar) birinci, qabığı təmizlənmiş meşə fındığı (12 milyon dollar) ikinci yerdə qərarlaşıb. Mahlıc isə (11,9 milyon dollar) bu siyahıda üçüncü olub.
Ümumilikdə yanvarda meyvə-tərəvəz ixracı 43,4 milyon, pambıq lifi ixracı 11,9 milyon, plastmas və ondan hazırlanan məmulatların ixracı 11,7 milyon, elektrik enerjisinin ixracı 11,1 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 6,9 milyon, kimya sənayesi məhsullarının ixracı 6,7 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 3,2 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 2,7 milyon, pambıq ipliyi ixracı 859 min dollar təşkil edib.
Yanvarda 2018-ci ilin müvafiq ayı ilə müqayisədə alkoqollu və alkoqolsuz içkilərin ixracı 4,5 dəfə, elektrik enerjisinin ixracı 4,3 dəfə, kimya sənayesi məhsullarının ixracı 86 faiz, pambıq lifinin ixracı 80 faiz, meyvə-tərəvəzin ixracı 24 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 14 faiz artıb.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısında 8 şirkət fərqlənib. Bunlar SOCAR-ın marketinq və iqtisadi əməliyyatlar idarəsi, “Azərenerji” ASC, “Azəralüminium” MMC, “Azergold” QSC, “Azərbaycan Hava Yolları” QSC, “CTS-Agro” MMC, “Azəripək” MMC, “Suraxanı Maşınqayırma Zavodu Törəmə” ASC-dir.
“İxrac İcmalı”nda həm də xidmət ixracına yer ayrılıb. Göstərilib ki, yanvarda “Azərkosmos” tərəfindən dünyanın 15 ölkəsinə peyk telekommunikasiya xidmətləri ixrac edilib. İlin ilk ayında “Azərkosmos” ASC peyk telekommunikasiya xidmətlərinin (“Azerspace-1”) ixracından 1,1 milyon dollar gəlir əldə edib. Ötən ilin yanvar ayı ilə müqayisədə “Azərkosmos” ASC-nin xidmət ixracı 2,6 dəfə artıb. “Azərkosmos”un yanvardakı xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, Birləşmiş Ərəb Əmirlikləri, Nigeriya, Almaniya və Gürcüstandır.
Bildirilir ki, yanvarda Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların dəyəri 88,3 milyon manat təşkil edib.
“İxrac İcmalı”nda ötən ay “Azexport.az” portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilir. Belə ki, yanvarda “Azexport.az” portalına 91,7 milyon dollar məbləğində ixrac sifarişləri daxil olub. 2018-ci ilin müvafiq ayı ilə müqayisədə “Azexport.az” portalına daxil olan ixrac sifarişləri dəyər baxımından 12,5 faiz artıb. Ümumilikdə isə 2017-ci ilin yanvarından bu il yanvarın 31-dək kimi “Azexport.az” portalına dünyanın 118 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri isə 1 milyard 80,8 milyon dollar təşkil edib. Ötən ay portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə Türkiyə (19,8 faiz), Rusiya (16,3 faiz), ABŞ (10,5 faiz), Hindistan (4,7 faiz) və Ukrayna (4,7 faiz) qərarlaşıb.
Yanvarda ən çox ixrac sifarişi soğan, fındıq ləpəsi, pomidor, alma, pambıq yağı, toyuq yumurtası, meyvə şirəsi, tütün, tikinti materialları, şərab, konservləşdirilmiş ət, qənnadı məhsulları, mühərrik yağı, mebel dəsti, nar şirəsi, kosmetik vasitə və sair məhsullara olub.
Fevralda “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilən qeyri-neft ixracının dəyəri isə 5,6 milyon dolları təşkil edib. Qeyd edilənlərlə yanaşı, “İxrac İcmalı”nda “Amazonla Qazan” təlimi, Azərbaycan məhsullarının “Prodexpo 2019”da medala layiq görülməsi, Azərbaycan şirkətlərinin “Gulfood 2019” beynəlxalq qida sərgisində iştirak etməsi və sair məsələlər barədə də məlumatlar verilib.
“İxrac İcmalı”nın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa, beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir. “İxrac İcmalı” ilə “www.iqtisadiislahat.org” saytının icmallar bölümündə tanış olmaq mümkündür.